Qarşılıqlı səfərlər əlaqələrin genişlənməsində mühüm rol oynayır

 

Ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Frits Noyqebauerin başçılıq etdiyi nümayəndə heyəti martın 6-da Milli Məclisdə Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdü. İşçi qrupun rəhbəri deputat Cavid Qurbanov bildirdi ki, Azərbaycanla Avstriya arasındakı dostluq münasibətlərinin qədim tarixi var.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə bu münasibətlər yeni müstəvidə inkişaf etməyə başladı. Ümummilli lider Heydər Əliyevin vaxtilə Avstriyaya etdiyi rəsmi səfər əlaqələrimizin inkişafı üçün yeni imkanlar açdı.

C.Qurbanov dedi ki, Azərbaycan Milli Məclisi ikitərəfli əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrup məhz bu məqsədlə yaradılıb. Hər iki ölkənin deputatları beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər. Qarşılıqlı səfərlər və bu cür görüşlər əlaqələrin daha da genişlənməsində və möhkəmlənməsində mühüm rol oynayır.

Frits Noyqebauer də qeyd etdi ki, ötən müddətdə  Azərbaycanla Avstriya arasındakı əlaqələr xüsusən siyasi və iqtisadi sahələrdə xeyli genişlənib. Bu işdə hər iki ölkənin parlamentlərinin də mühüm rolu var. Azərbaycana səfərin əsas məqsədi ölkələrimiz arasında, xüsusən də parlamentlərimiz arasında əlaqələrin gələcək inkişafı ilə bağlı məsləhətləşmələr aparmaqdır.

Qonaq məmnunluqla bildirdi ki, nümayəndə heyəti Bakıya səfəri çərçivəsində bir neçə səmərəli görüş keçirib. İnanırıq ki, bu cür görüşlər əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcək.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2013.- 7 mart.- S.2.