8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir

 

Martın 7-də Bakıdakı "Abşeron Marriott" mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirmişdir.

Tədbirdə Azərbaycan elminin və mədəniyyətinin inkişafında  sözlərini demiş, eləcə də ictimai-siyasi aləmdə mühüm xidmətləri olan qadınlar iştirak etmişlər.

Əvvəlcə mərasim iştirakçıları foyedə fiziki cəhətdən qüsurlu qadınların  əl işlərindən ibarət satış sərgisi ilə tanış olmuşlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, cəmiyyətimizdə fiziki cəhətdən qüsurlu insanlara  dövlət daim diqqət və qayğı göstərir. Sərgidə nümayiş olunan əl işləri fiziki cəhətdən qüsurlu qadınlarımızın çox güclü insanlar olduğunu göstərir. AQUPDK hər zaman bu qadınları diqqət mərkəzində saxlayır və onların əməyini yüksək qiymətləndirir. Onlara dəstək hər birimizin mənəvi borcumuzdur.

Sonra sərginin təşkilində xidmətlərinə görə "Əlil Qadınlar" İctimai Birliyinin sədri Məhluqə Rəhimovaya AQUPDK-nın diplomu təqdim edilmişdir. M.Rəhimova fiziki cəhətdən qüsurlu qadınların cəmiyyətimizdə önə çəkilməsində, onların potensial imkanlarının ictimaiyyətə çatdırılmasında göstərilən  diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, Beynəlxalq Qadınlar Gününün tezliklə işğaldan azad olunacaq əzəli torpaqlarımızda  birlikdə qeyd  etməyimizi arzulamışdır.

Tədbirdə respublikamızın ictimai-siyasi həyatında qadınların roluna,  dövlətimizin qadın siyasətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycan Respublikasının ictimai, təhsil, mədəniyyət, memarlıq və jurnalistika sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin  2013-cü il 4 mart tarixli sərəncamlarını oxumuşdur. Sərəncamlara əsasən Səriyyə Cəfərova, Lətafət Əlizadə, Larisa Reyxrudel "Tərəqqi" medalı ilə, Yeganə Hacıyeva, Aybəniz Həsənova, Zahidə Məmmədova, Nelli Seyfullayeva "Əməkdar memar", Flora Xəlilova "Əməkdar jurnalist", Dilarə Atakişiyeva, Şeyla Heydərova, Valentina Qasımovaya "Əməkdar mədəniyyət işçisi" fəxri adları təqdim edilmişdir.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ictimai həyatında və digər sahələrdə fərqlənən bir qrup qadına Vətənin yüksək mükafatının və fəxri adların verilməsi ilə bağlı imzaladığı sərəncamlar qadınlarımıza dövlət qayğısının ifadəsi olan mühüm addım kimi bizi ürəkdən sevindirir. Bu münasibətlə təltif olunan xanımlarımızı səmimi qəlbdən təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq. Çox az ölkə tapılar ki, orada dövlət başçısı qadınları təkcə 8 martda deyil, peşə bayramlarında və yubileylərində də yüksək mükafat və fəxri adlarla təltif etsin.

Xalqımızın tarixində iz qoyan sənətkar və elm xadimi olan xanımların yubileylərinin həmişə dövlət səviyyəsində qeyd olunduğunu vurğulayan AQUPDK-nın sədri bu günlərdə Azərbaycan Prezidentinin görkəmli sənətkarlar Nigar Rəfibəylinin və Hökumə Qurbanovanın 100 illik yubileylərinin qeyd edilməsi barədə imzaladığı sərəncamları xüsusi qeyd etmişdir. 

Bildirilmişdir ki, qadın məsələlərini həmişə diqqətdə saxlayan ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə qadınların problemlərinə xüsusi fikir vermiş, onların irəli çəkilməsinə,  potensiallarını reallaşdırmalarına dəstək olmuşdur. Ulu öndər Azərbaycan qadınlarına həmişə yüksək qiymət verərək deyirdi: "Azərbaycan qadınları öz ağıllarına, zəkalarına görə,  istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar".

O zamanlar respublikada qadın problemi ilə məşğul olan dövlət qurumu olmadığından 1994-cü il sentyabrın 19-da Heydər Əliyev "Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" fərman imzalamışdı. Nəhayət, 1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət böyük nümayəndə heyəti iştirak etmiş, konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edilmişdi. Pekin Konfransına ilk adekvat cavabı Azərbaycan vermişdi. Bu konfransdan sonra respublikamızda qadınların fəallığı daha da artmış və onların problemlərinə digər ölkələrdə olduğu kimi, ölkəmizdə də diqqət və maraq çoxalmışdı. 1998-ci ildə Prezidentin fərmanı ilə yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsi Müstəqil Dövlətlər Birliyində ilk qadın dövlət qurumu olmuşdur.

Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətdə mövqelərini möhkəmləndirmələri üçün hər cür imkan yaratmışdır. Ölkəmizdə gender siyasəti uğurla həyata keçirilir. Azərbaycan Prezidenti cəmiyyətdə qadının rolunun yüksəldilməsinə yönəlmiş dövlət siyasətini ardıcıl surətdə uğurla davam etdirir, respublikamızın inkişafına  töhfələrini verən qadınların əməyi həmişə layiqincə qiymətləndirilir.

H.Hüseynova bildirmişdir ki, hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Onlar ən çətin və mürəkkəb istiqamətlərdə də uğur qazanmağı bacarırlar: "Həmçinin dövlətimiz hər zaman uşaq və qadın hüquqlarının müdafiəsi, ailə institutunun möhkəmlənməsi kimi vəzifələrin həyata keçirilməsi üçün lazımi addımları atır. Lakin buna baxmayaraq,  cəmiyyətdə hələ də qadın və uşaq hüquqlarının pozulması ilə nəticələnən problemlər mövcuddur. Komitə olaraq bizi narahat edən məsələlərdən biri də məişət zorakılığıdır.

Ailələr tez-tez üzləşdikləri məişət zorakılığı, boşanmalar, alimentlərin ödənilməsinin yubadılması və digər məsələlərlə bağlı komitəyə müraciət edirlər. Erkən nikah və təhsildən yayınma halları bizi ən çox narahat edən məsələlərdəndir. Bu gün ölkəmizdə qadınları  hüquqları barədə məlumatlandırmaq məqsədi ilə maarifləndirmə kampaniyası davam etdirilir. Komitəmiz tərəfindən regionlarda qadınların və kişilərin bərabər hüquqları, qadınların qərar qəbuletmədə və seçkilərdə iştirakı, həmçinin zorakılığa qarşı mübarizə mövzularında maarifləndirmə işləri aparılır".

Beynəlxalq aləmdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, elm, təhsil, mədəniyyət və digər sahələrlə bağlı irimiqyaslı layihələrin  gerçəkləşdirilməsində misilsiz xidmətləri vardır. Son zamanlar qadın hüquqları ilə bağlı qanunların qəbul olunması və qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə əlaqədar Ailə Məcəlləsində dəyişikliklər edilməsində Mehriban xanım Əliyevanın xüsusi dəstəyi onun qadın problemlərinə diqqət və qayğısının göstəricisidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq fəaliyyətə başladığı ilk gündən beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq şəraitində işləyir. "Bizimlə birgə çalışan fəal qadınlarımızın, alimlərimizin, gənclər və qeyri-hökumət  təşkilatlarının əməyini yüksək qiymətləndiririk. Bu gün bizim üçün tariximizin, milli-mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsi olduqca vacibdir. Fəxr edirik ki, Azərbaycanın bugünkü uğurlarında qadınlarımızın öz payı vardır. Bu gün biz qaçqın və məcburi köçkün, həmçinin şəhid ailəsi olan və müharibənin ağırlığını çiyinlərində daşıyan qadınlarımızın fədakarlığını xüsusi qeyd etməliyik".

Bu il xalqımız ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 90  illik yubileylərini qeyd edəcəkdir. Eyni zamanda,  Azərbaycan qadınlarının IV qurultayı da yaxınlaşır. Bununla əlaqədar komitə tərəfindən yaradılmış işçi qrup bölgələrdə konfranslar təşkil edir, qurultaya nümayəndələr seçilir. Bölgələrdə qadınların fəallığı, onların cəmiyyətə verdiyi töhfələr fərəhləndirici haldır.

Sonra təltif olunan qadınlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının çıxışı maraqla qarşılanmışdır.

Mərasimdə həmçinin 2012-ci ildə ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında müstəsna xidmətlər göstərmiş dövlət və qeyri-hökumət təşkilatlarında çalışan qadınlara diplomlar təqdim edilmişdir.

Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilmişdir.

Sonda mərasim iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı önünə əklil qoyulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 mart.- S.2.