Hər gecənin qaranlığında işıq axtaranlar

 

...Övladları işıqlı sabahlarda oyansın, gecənin gecəliyinə gün doğsun deyə. O başdan ağac kölgəsində süfrə açıb uşağı-böyüyü dövrəsinə toplayıb duayla-alqışla əllərini süfrəyə uzatsınlar, Allah verəndən yeyib şükür etsinlər deyə. Halallıq üçün yaranıb analar, nənələr. Hər gün təndir qalar, kündə yapar, fətir yayar, cırtdan nəvələrə kökə bişirərdilər. İşdən-gücdən əl-ayaqları yer tutmaz, təndirqarışıq dirəklənib közərərdilər. Başlarını təndirdən qaldırınca yanaqları günəş kimi saçardı. Hər çörək bişən gün ağac kölgəsində süfrə açılar, evdən pendir gətirən kim, yağ gətirən kim, samovar qalayan, çay dəmləyən kim. Doymaq olmazdı bişirdikləri çörəyin ətrindən. Oturuşları-duruşları batmandan ağır anaların, nənələrin  açdığı süfrələri də əxlaq, mərifət yeriydi. Bir an dinclik tapmaz, gözü bizdə qalardı, ac qalan olmadı ki, deyə, yoldan keçənlərə isti çörək kəsib verər, süfrəyə çağırardılar. Nə yazıq, çoxdandır yurdları kimi təndirlərinə də həsrətdirlər, qara qorxulu yuxular görür analar. Azan oxunmayan məscidləri, bir udum çaya həsrət Çay evi, Çörək muzeyi, için-için yanan təndirləri, od-ocaqları onlara həsrətdir.

İllərdir körüyü düz basılmır dünyanın. Dörd yanında işartısı olmayan qaranlıqların üzərinə gedilir nədənsə. Anaların, qadınların gününü qara əskiyə bükdü qara körüklər. Günlərinə gün doğmadı, zülmət doğdu analarımızın, qadınlarımızın, yaman yerdə axşamlatdı onları. Üzlərindəki sevinci qara yara kimi qara yer uddu, susuz dəyirman tək sovruldular. Bəxtəvər analıqları, qadınlıqları oğurlandı, boyu zirvələrə boy görüncəyi oğullarının, ərlərinin, qardaşlarının, sevgililərinin sinəsində güllələr açdı, oğullarının oylaqları xaraba qaldı. Özləri kimi təndirlərinin də həniri kəsildi, odu közdən düşüb, evlərindən təndirə gedən yol-yolağanı qanqal-nar kollu basdı. Körpələr xallı böcəklərdən istədilər atalarını, körpə ürəkləri çat-çat oldu, uşaq ümidləri sozaldı. İllərin soyuq yelinə tuş gəldi analarımız yurdumuzla birgə. İçlərində dərd güllüyür nə zamandır.

Uğrunda savaşdıqları qalanı heç zaman əldən verməyən qadınlar səmtini itirmiş, yuvası dağılmış qaranquş kimidirlər, gözlərinin kökünəcən saralmış, oyum-oyum olmuşa bənzəyirlər. Vətəni içinə sığdırıb gecələri sabahlara oyaq daşıyır Elbrusun anası... Asifin anası,ERəhmanın anası,Eminlərin anaları - Azərbaycan anası...

Düşmənlər bir anın içi boyda yaşanan xoşbəxtliyi də xor gördü analara. Divin çəkmədiyi dərd ilə yüklədilər, dərdin vətənidir sinələri.  Xocalının qarlı düzlərində qara yaylıqları kola ilişib qaldı, gözlərinin önündə doğrandı övladları. On yaşında, on beş yaşında qızlar öldü Xocalıyla birgə. Həyat öləzidi gözlərində, elə yerlərindən vuruldular ki, bu yaraqaysaq tutur, nə sağalır. Bir zamanlar Ağa körpüsündən zınqırovlu-qotazlı ağalar, xanımlar, karvanlar keçərkən indiAğa qalıb, nə Ağa körpüsü. Qalan anaların naləsidir.      

...Dünyanı bu başından o başına fəth edən Əmir Teymurun yolu bir gün bu yerlərdən keçib deyirlər. Ləşkəri bir kənddə gecələməli olur. Teymur əmr edir ki, sabah açılınca kənddə bir qadın-qız görməyim, nə qədər ləl-cəvahiratları, zinətləri varsa, yığışıb kənddən çıxsınlar, amma kişilərin başı kəsiləcək, onlar qalmamalıdırlar. Açılır sabah, fatehin dediyi vədə yetişir. Bir də baxır ki, kənddə ins-cins qalmayıb, daxmanın qarşısında oturan ağsaçlı qocadan başqa. Teymur qocadan soruşur ki, kənddə kimsə yox, hara getdi bu camaat? Qoca cavab verir: "Şah, sən əmr elədin ki, qadınlar zinətlərini, ləl-cəvahiratlarını götürüb kənddən çıxsınlar. Bu yurdun qadınının ən qiymətli zinəti, ləl-cəvahiratı  da əri, oğlu, atası, qardaşıdır. Ona görə də hərə özünün ən qiymətlisini götürüb kənddən çıxdı, kənd boşaldı". Deyilənə görə, fateh Teymur bu cavabdan heyrətlənmiş, bir andaca ləşkərini yığıb kənddən çıxmışdır.

Zülmət qaranlıqda yenə də işıq axtarır analar, nə zamandır aqibətləri xeyirə açılmasa da. Vətəninə, isti yuvasına, qaynar təndirinə, bostanda qoyub gəldiyi dirəyinə, tağına, ziyarət edə bilmədiyi qəbirlərinə dönmək üçün zülməti kürüməyə həmişə güclüdürlər.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 8 mart.- S.3.