Ömrün 89-cu baharında

 

Ayna nənə ömrünün 89-cu baharını yaşayır. Nəvə-nəticə, əziz, doğma insanlar əhatəsində qocalıq keçirməyin xoşbəxtlik olduğunu söyləyir. Hamıya sağlam olmağı və uzun ömür sürməyi, qocalığını rahat yaşamağı arzulayır.

Ayna gəlin köçəndə ona xeyir-dua verərək yeddi oğul, bir qız anası olmağı diləmişdilər. Onda 1943-cü ilin əvvəli idi. Kənddə-kəsəkdə toy etmək, ailə qurmaq heç kəsin ağlına belə gəlmirdi. Əvvəla, evlənəsi cavanların əksəriyyəti  müharibəyə getmişdi, ikincisi, kəndə müharibədən hər gün bir qara xəbər gəlirdi. Camaat çətin günlərini yaşayırdı.

Qəhrəman kişinin oğlu Mahmudu isə davaya aparmamışdılar. Yevlaxda, pambıqtəmizləmə zavodunda mühasib işlədiyindən, görünür, o, arxa cəbhədə daha çox lazım idi. Əslində, Mahmud müharibədən əvvəl əsgərlikdə olmuş, Sankt-Peterburqda (o vaxt Leninqrad adlanırdı) xidmət etmiş, elə mühasibliyibu şəhərdə təhsil alaraq öyrənmişdi. Əsgəri xidmətdən birbaşa doğma Tovuza, doğulub-böyüdüyü Böyük Qışlaq kəndinə qayıtmışdı. O vaxt Mahmudun yaxın qohumlarından biri Yevlaxda işləyirdi. Pambıqtəmizləmə zavoduna da onun köməyi ilə düzəlmişdi.

Mahmud döyüş meydanında vuruşmasa da, işi asan deyildi. Bir gün  ağsaqqallar qərara gəldilər ki, onu evləndirsinlər. Həm ailə qurmaq yaşı ötüb keçirdi, həm də Tovuzdan xeyli uzaqda, Yevlaxda yaşadığından ana-bacısı yanında deyildi, çayını-çörəyini hazırlayan, həmdəmi olan yox idi. Mahmudun seçimi Böyük Qışlağın qonşuluğundakı Çataq kəndində yaşayan Həsən kişinin qızı Ayna oldu.

Ayna nənə o günləri xatırlayaraq deyir:

- Amma elə gətirdi ki, Mahmudu təkrar əsgər çağırdılar. Onda biz ilkinimizin dünyaya gəlişini gözləyirdik. Oğlum Çingiz atası cəbhəyə gedəndən 5-6 ay sonra doğuldu. Ata-balaya bir-birini görmək isə heç vaxt qismət olmadı...

Mahmud Poladov Sevastopolda, döyüş gəmisində xidmət edirdi. Güman edilir ki, o, elə orada da həlak olaraq Qara dənizdə batıb. Çünki son taleyindən indiyədək heç bir dəqiq məlumat əldə etmək mümkün olmayıb.

- Çox arzulamışdım ki, böyük, çoxuşaqlı bir ailənin anası olum. Amma ilkinim də, sonbeşiyimÇingiz oldu - deyə Ayna nənə qəhərlənir. - O çətin illərdə onu qayınanam Güləbatın xanımın, qaynımın, baldızımın köməyi ilə böyütdük. Çingizsağ olsun, ümidimizi doğrultdu.

Müharibə illərində Ayna Qarayeva başqa qadınlar kimi arxa cəbhədə çalışıb. Tovuzda hər kəndin iqliminə uyğun olaraq taxıl, kartof-soğan, digər tərəvəz yetişdirilirdi. Qız-gəlin gecə-gündüz çöldə, tarlada idi. Yazdan payızadək yetişən bütün meyvələri toplayır, qurudur, qışa tədarük edirdilər. Corab, əlcək toxuyub cəbhəyə göndərirdilər. Sonralar onlardan neçəsi ordenmedallara, mükafatlara, fəxri adlara layiq görüldü. Müharibə illərindəki əmək rəşadətinə görə Ayna nənə də iki medal aldı. 

İndi Ayna nənə ömrünün ahıl çağını yaşayır. Yayda yaylaqda olur. Tovuzun Çeşməli kəndində abad ev-eşiyi, bağ-bağçası var. Qohum-əqrəbanın gözü həmişə onun üstündədir. Qış aylarında isə Bakıda yaşayan oğlu Çingiz, gəlini Tamara qulluğunda dayanırlar. Nəvələri indiyədək hələ bir sözünü iki etməyiblər.

- Heç istəməzdim ki, həyatımda ikinci dəfə müharibə görüm - deyə Ayna nənə dərin təəssüfünü bildirir. - Amma bəlkə bu da bir tale imiş. Qara yaylıqlı şəhid qadınlarını görəndə çox kövrəlirəm. Deyirəm, mənim qızlarım, başınızı dik tutun, övladlarınızı ərsəyə gətirin, oxutdurun, evləndirin, qoy uşaqlarımızın sayı artsın. Düşmən baxıb xar olsun!

Ayna xanım uşaqları, gəncləri çox sevir. Hərdən vaxtilə çoxuşaqlı ana olmaq arzuladığını da xatırlayır. Bu istəyi həyata keçməsə də, ona "bir oğlun bir oba olsun" diləyənlərin arzusunun gerçəkləşdiyini söyləyərək gülümsəyir. Axı, indi Ayna nənənin 4 nəvəsi, 10 nəticəsi var. Elə gəlinləri, kürəkənləri də özünün övladları sayır. Deyir, cavanlara baxdıqca qəlbim fərəhlə döyünür.

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 8 mart.- S.4.