Gənclər və İdman Nazirliyində Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelosla görüş keçirilmişdir

 

Martın 7-də gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda səfərdə olan Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, rəhbərlik etdiyi akademiyanın fəaliyyətindən danışan İ.Kouvelos bildirmişdir ki, Azərbaycanda gedən inkişaf məndə xoş təəssüratlar yaratdı. Bakının Birinci Avropa Oyunlarına ev sahibliyi etməsini Yunanıstan tam dəstəkləyir. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində böyük təcrübəsi vardır. İnanıram ki, 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olunacaqbütün idmansevərlərin yaddaşında dərin izlər buraxacaqdır.

İ.Kouvelos bildirmişdir ki, Beynəlxalq Olimpiya Akademiyasında 4 ildir olimpiya bilikləri üzrə magistratura proqramı tədris olunur. Ümumi təhsil müddəti bir il yarım olan akademiyada tələbələr il ərzində sentyabr-noyabraprel-iyun aylarında 2 semestr ərzində təhsil alırlar. Növbəti 6 ay ərzində müəyyən mövzu üzrə diplom işi hazırlayırlar. Gələcəkdə azərbaycanlı tələbələrin də bu akademiyada təhsil alması mümkündür. Bu istiqamətdə artıq müəyyən addımlar da atılmışdır.

Görüşdə nazir A.Rəhimov qonağa Azərbaycan idmançılarının qazandıqları uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, son illər ölkəmizdə 40-dək yeni olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün xüsusi idman mərkəzləri istifadəyə verilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Beynəlxalq əhəmiyyətli yarışların keçirilməsində Azərbaycanın kifayət qədər təcrübəsi olduğunu vurğulayan A.Rəhimov demişdir ki, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Bakıda yüksək səviyyədə təşkili bunun əyani sübutudur. Qarşıdakı illərdə ölkəmizin bir sıra mötəbər yarışlara ev sahibliyi edəcəyini bildirən nazir demişdir ki, 2015-ci ildə Dünya Kuboku və 2016-cı ildə Beynəlxalq Şahmat Olimpiadası Bakıda keçiriləcəkdir. Azərbaycan gələn il Dünya İdman Mətbuatı Assosiasiyası olan AİPS-in növbəti konqresinə də ev sahibliyi edəcəkdir.

Qeyd olunmuşdur ki, hazırda Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülmüşdür. Bununla bağlı müvafiq texniki kitab hazırlanaraq İslam Həmrəyliyi İdman Federasiyasına təqdim olunmuşdur. Ən əsası isə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı ilə 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil etmək hüququ Bakıya verilmişdir.

Görüş zamanı Beynəlxalq Olimpiya Akademiyasının müəllim və professorlarının Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında olimpiya təhsili mövzusunda mühazirələrlə çıxışları, eləcə də Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş 100 gəncin Beynəlxalq Olimpiya Akademiyasına tanışlıq səfərinin təşkili, müxtəlif idman-mədəni tədbirlərində iştirakı, qədim Olimpiya şəhərinə ziyarətinin təşkili barədə müzakirələr aparılmışdır.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Tofiq Bəhramov adına respublika stadionu, Bakı Tennis Akademiyası, "Musado" idman mərkəzi və İçərişəhərlə tanış olacaqlar.

 

 

Azərbaycan.-2013.- 8 mart.- S.5.