Fransa radiosunda Milli Assambleyada iki azərbaycanlının döyülməsi ilə bağlı veriliş yayımlanmışdır

 

Fransanın "Made in Turkey" radio proqramının Azərbaycana həsr etdiyi verilişin növbəti qonaqları Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədr müavini Jan-Lui Dümon və fevralın 26-da ermənilər tərəfindən vəhşicəsinə döyülən Parisdəki "Azərbaycan evi"nin rəhbəri Mirvari Fətəliyeva olmuşdur. Verilişdə çıxış edən Jan-Lui Dümon fevralın 26-da Milli Assambleyada iki azərbaycanlının ermənilər tərəfindən zorakılığa məruz qalmalarını qətiyyətlə pislədiyini bəyan etmiş, bu məsələ ilə bağlı dostluq qrupunun hazırladığı "Qəbuledilməz təcavüz cəzasız qala bilməz" adlı bəyanatı digər üzvlərlə birlikdə imzaladığını xatırlatmışdır.

Jan-Lui Düma Milli Assambleyanın bütün üzvlərini Fransanın maraqlarına uyğun hərəkət etməyə, ermənipərəst deputatları yanlış əməllərinə görə Mirvari Fətəliyevadan üzr istəməyə çağırmışdır.

Fransalı deputat çıxışında Dağlıq Qarabağdan olan məcburi köçkünlərin yaşadığı ağır şəraitlə yaxından tanış olduğunu, onların tezliklə öz doğma yerlərinə qayıtmalarını arzu etdiyini, Azərbaycan ərazilərinin 20 faizinin ermənilər tərəfindən işğal olunmasını, torpaqlarımızın dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın hörmət etməməsini qətiyyətlə pisləmiş, ATƏT-in Minsk qrupunun fəaliyyətinin artırılmasının vacibliyini bildirmiş, Xocalı faciəsi qurbanlarının xatirəsinin anma tədbirlərində iştirak etdiyini söyləmişdir.

Milli Assambleyada erməni vəhşiliyi ilə üzləşən və xəsarət alan Mirvari Fətəliyeva Fransa qanunlarının qəbul edildiyi yerdə baş verən hadisələr barədə dinləyicilərə ətraflı məlumat vermişdir.

M.Fətəliyeva Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində işğal edilən Qubadlı rayonunda doğulduğunu, ailəsi ilə birlikdə Bakıda məcburi köçkün kimi məskunlaşdıqlarını bildirmişdir. Ermənilərin fevralın 26-da Milli Assambleyada uydurma "Sumqayıt hadisələrinin 25 illiyini" qeyd etmələrinin heç də təsadüfi olmadığını söyləyən M.Fətəliyeva bildirmişdir ki, Azərbaycan diasporunun  dünyada getdikcə fəallaşmasından, ölkəmizlə bağlı həqiqətlərin geniş yayılmasından  təşvişə düşən ermənilər həmin tədbiri keçirməklə həm fransızların, həm də digər xalqların diqqətini Xocalı faciəsindən yayındırmağa çalışırdılar.

Milli Assambleyada baş verən hadisənin türklərə qarşı terror aktları həyata keçirən Daşnaksütyun partiyasının bir qolu tərəfindən törədildiyi verilişdə xüsusi vurğulanmışdır.

Aparıcının "Fransız məhkəməsindən nə gözləyirsiniz?" sualına cavab verən Mirvari Fətəliyeva hadisənin sivil və demokratik bir ölkə hesab edilən Fransada baş verməsindən təəssüf hissi keçirdiyini, səbəbkarların tezliklə ədalət məhkəməsi qarşısında dayanacaqlarına və öz layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu  bildirmişdir. M.Fətəliyeva həmin hadisə zamanı onları dəstəkləyən insanlara və təşkilatlara minnətdarlığını bildirmişdir.

Radio verilişini www.turquie-news.com/rubrique/france saytına daxil olmaqla dinləmək mümkündür.

 

 

 Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2013.- 8 mart.- S.8.