Brüsseldə «Avropa İttifaqı və Azərbaycan: irəliyə gedən yol» mövzusunda konfrans keçirilmişdir

 

Brüsseldə Avropa Siyasət Mərkəzində "Avropa İttifaqı və Azərbaycan: irəliyə gedən yol" mövzusunda konfrans keçirilmişdir.

Azərbaycanın və Aİ-nin ekspertlərinin iştirak etdikləri konfransda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi F.Lefor, Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi D.Daniilidis, LİNKS beynəlxalq qeyri-hökumət təşkilatının direktoru D.Sammut çıxış etmişlər.

Aİ institutlarının nümayəndələrinin və diplomatik heyətin böyük marağına səbəb olan bu tədbirdə ölkəmizin Aİ ilə münasibətləri və inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Münaqişənin həlli prosesindən danışan G.Paşayeva əsas diqqəti məsələnin humanitar aspektinə yönəldərək Dağlıq Qarabağdan zorla qovulmuş insanların geri qayıtmasının əhəmiyyətini vurğulamışdır.

F.Lefor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin   mürəkkəbliyinə baxmayaraq həlli mümkünsüz bir münaqişənin olmadığını vurğulamış, bu xüsusda məsələnin hər iki tərəfinin Madrid prinsiplərinə əməl etməsinin vacibliyini və mövcud status-kvonun dəyişməsinin əhəmiyyətini qeyd etmişdir. Brüsselə səfəri çərçivəsində G.Paşayeva və mərkəzin xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev Avropa Siyasət Mərkəzi ilə yanaşı, Brüsseldə fəaliyyət göstərən digər nüfuzlu "beyin mərkəzləri", o cümlədən Təhlükəsizlik və Müdafiə Agentliyi və Egmont İnstitutunda ikitərəfli görüşlər keçirmiş, SAM-in bu qurumlarla gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişlər.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

 

Azərbaycan.-2013.- 10 mart.- S.3.