Avropadakı Azərbaycan diasporları Fransa Milli Assambleyasına müraciət etmişdir

 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Frankfurt şəhərində "Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr" mövzusunda diaspor nümayəndələrinin müşavirəsi keçirilmişdir.

Komitədən AzərTAc-a bildirmişlər ki, müşavirədə Avropada Azərbaycan diasporunun fəaliyyəti, qarşılaşdığı problemlər, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək tədbirlərlə bağlı müzakirələr aparılmışdır.

Görüşdə DİDK-in sədri Nazim İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq diasporumuzun öz fəaliyyətini hücum taktikası əsasında qurduğunu qeyd etmişdir. O, ötən müddətdə Azərbaycan diasporunun bir çox istiqamətlərdə mühüm uğurlara imza atdığını vurğulamışdır. Qeyd olunmuşdur ki, aprel-may aylarında DİDK-in təşkilatçılığı ilə Bakıda dörd böyük tədbirin keçirilməsi nəzərdə tutulmuşdur: Dünya Azərbaycanlı Gənclər Birliyinin II qurultayı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci  forumu, xarici dövlətlərdə yaşayan azərbaycanlı adamlarının toplantısı və Madrid klubunun Bakı toplantısı. Bu, bizim üçün yeni mərhələnin başlanğıcıdır.

Avropada yaşayan azərbaycanlıların diaspor quruculuğu prosesində iştirakı haqqında danışan Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Kaya Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Dağlıq Qarabağ haqqında müxtəlif dillərdə filmlərin çəkilməsinin vacibliyini vurğulamışdır. B.Kaya Azərbaycanın Frankfurt şəhərində konsulluğunun açılmasını, azərbaycanlı tələbələrin çox olduğu ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin nəzdində təhsil müşavirliyinin yaradılmasını təklif etmişdir.

Rəhbərlik etdiyi təşkilatın gördüyü işlər haqqında məlumat verən Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev Azərbaycan diaspor təşkilatlarının internet resurslarının artırılmasını, online qəzetlərin açılmasını təklif etmişdir.

Daha bir neçə diaspor mərkəzinin rəhbərləri də çıxışlarında səmərəli təkliflər səsləndirmişlər.

Sonra tədbir iştirakçıları müxtəlif sahələrdə qarşılaşdıqları problemlər haqqında məlumat vermişlər.

Görüşdə Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması, parlament və hökumət üzvləri ilə əlaqələr, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, kütləvi informasiya vasitələri ilə və digər istiqamətlərdə mövcud olan problemlərdən danışılmış, müxtəlif təkliflər səsləndirilmişdir.

Bundan əlavə, görüşdə Fransa Milli Assambleyasının binasında Azərbaycan diasporunun fəallarının erməni icmasının üzvləri tərəfindən hücuma məruz qalması faktı da ətraflı müzakirə olunmuşdur. Müzakirələrin nəticəsi olaraq Fransa Milli Assambleyasına müraciət və Avropa Azərbaycanlıları Konqresinin bəyanatı qəbul olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 10 mart.- S.4.