Sənətin şərəfli yolu

 

10 mart Milli Teatr Günüdür

Uzun illər teatrsevərlər 10 martı milli teatr günü kimi qeyd ediblər. Ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolunu nəzərə alaraq milli teatr gününün təsis edilməsi haqqında Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixdə imzaladığı sərəncam, sözün əsl mənasında, teatrsevərlərə bir töhfə oldu. Çünki bu ildən rəsmi olaraq 10 mart Milli Teatr Günü kimi qeyd ediləcək.

Əsrlərdir ki, həyat hadisələrinin bədii ifadəsi olduğunu təsdiqləyən səhnə sənətinin yaşı Azərbaycanda 1873-cü ildən hesablanır. Bünövrəsi hələ meydan tamaşalarından qoyulan və bu günə qədər gəlib çıxmış bir sıra folklor nümunələri ("Maraloyunu", "Zopu-zopu", yaxud "Kilimarası", eləcə də Novruz bayramı şənliklərində göstərilən "Kosa-kosa", "Qodu-qodu", həmçinin digər tamaşa və məzhəkələr) var ki, onlar səhnə sənətinin rüşeymləri sayılıb.

Azərbaycan milli teatrının qazandığı nailiyyətlərlə bağlı ümummilli lider Heydər Əliyev söyləyib: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır".

Azərbaycan teatr tarixinə adları qızıl hərflərlə yazılan korifey sənətkarlarımızın həyat və fəaliyyətinə nəzər salsaq, bir daha yəqinləşdirərik ki, milyonlarla insanın həyat və təfəkkür tərzi - onların ictimai münasibətləri, baxışları, adətləri, inamları, idealları, arzu və istəkləri M.F.Axundzadə, S.S.Axundov, N.B.Vəzirov, Ə.B.Haqverdiyev, eləcə də S.Ruhulla, H.Sarabski, H.Ərəblinski, M.A.Əliyev, M.Sənani, F.Qədri, M.Kələntərli, İ.Osmanlı, A.Gəraybəyli, R.Əfqanlı, L.Abdullayev, B.Səfəroğlu, Y.Vəliyev, B.Şəkinskaya, C.Cəfərov, S.Rzayev, L.Bədirbəyli, H.Qurbanova, H.Turabov, N.Məlikova və digər sənətkarların yaradıcılığında təcəssüm etdirilib.

Milli teatrın yaradıcıları barədə sonralar dramaturq Sabit Rəhman da ətraflı məlumat vermiş, o dövrün gənc aktyorlarından olan Hüseynqulu Sarabskinin səhnə fəaliyyəti, ümumiyyətlə, potensiallarını geniş şərh edərək yüksək qiymətləndirmişdir.

1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatının çapdan buraxdığı Azərbaycan İncəsənət İnstitutunun "Azərbaycan incəsənəti" buraxılışında da milli teatrımızın yaradıcıları sayılan H.Ərəblinski, C.Zeynalov, H.Sarabski, M.Əliyev, S.Ruhulla, M.Davıdova və başqalarının teatr tarixindəki şərəfli xidmətlərindən bəhs edilir. Mənbələrdə göstərildiyi kimi, şərəfli və keşməkeşli tarix yaşamış Azərbaycan milli teatrı müxtəlif siyasi, ədəbi-bədii mərhələlərdən keçib. Yarandığı vaxtlardakı ilk yaradıcılar, həvəskarlar teatra can yanğısı ilə yanaşdılar. Bu gün də səhnə fədailəri eyni həvəs və məhəbbətlərini əsirgəmirlər.

140 il öncə M.F.Axundzadənin "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyaları ilə səhnə pərdələrini geniş tamaşaçı üzünə açan Azərbaycan milli teatrı qarşısına qoyduğu məqsədə çatmaq üçün çox da hamar olmayan yollar keçib, siyasi cərəyanların bir-birini əvəz etməsindən meydana çıxan məşəqqətləri də yaşayıb. Lakin xalqımızın mədəniyyət, o cümlədən milli teatr tarixindən görünür ki, tamaşaçı məhəbbəti, sənətə bağlılıq qarşıya çıxmış bütün çətinlikləri aradan qaldırmaqla həyat hadisələrini səhnəyə daha böyük sevgi və şövqlə gətirib.

H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realnı məktəbin şagirdləri tərəfindən göstərilən ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün mühüm təkan idi.

Qabaqcıl Azərbaycan ziyalıları, Qori Müəllimlər Seminariyasını bitirənlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları hazırlayır, eyni zamanda aktyor kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundzadənin komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.

1876-cı ildən M.F.Axundzadənin komediyaları Tiflisdə də Azərbaycan dilində oynanılır. Qabaqcıl ziyalılardan bir sıra komediyalar müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti xüsusi qeyd olunmalıdır.

XIX əsrin 70-80-ci illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən səhnə sənəti həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında toplaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır. Demək olar ki, bu da sözün əsl mənasında müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirib truppa halına salırlar. Bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başlayır.

1890-cı illərdən başlayaraq N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam istiqamətdə, yəni milli zəmində inkişaf etməsində, səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və bundan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.

1896-cı ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil edir. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradılır. İnqilabaqədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundzadə, N.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N.V.Qoqol, İ.S.Turgenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M.F.Axundzadənin komediyaları ilə yanaşı, N.Vəzirovun "Müsibəti-Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadanlıq", "Nadir şah" pyeslərində feodal adətlər, quruluşun zülm və despotizmi, cəhalətpərəstlik ifşa olunur.

1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" adlı şirkət yaradılır. Şirkətə məşhur teatr xadimi C.Zeynalov rəhbərlik edir. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, şirkət arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirir. Həmin illərdə Bakının fəhlə rayonlarında tamaşalar göstərən dram dərnəkləri və teatr truppaları ("Balaxanı dram dərnəyi", "Həmiyyət") təşkil edilir. "Təkamül" qəzeti yanında yaradılmış "Həmiyyət" truppasının heyətində onun bilavasitə təşkilatçısı M.A.Əliyevdən başqa Ə.Rzayev, C.Hacınski və başqaları olub. Truppanın üzvləri həm tamaşa hazırlayır, həm də tamaşaçı yığırlar. Yaxşı bina kirayələməyə vəsait olmadığından tamaşalar ticarət passajının "Qranvio" adlı salonunda göstərilir. 1906-cı ildə burada N.Nərimanovun "Nadanlıq" pyesi oynanılıb. 1905-ci il inqilabından sonra Bakıda bir sıra cəmiyyətlər yaradılmasına icazə verilir, əvvəllər gizli fəaliyyət göstərənlər isə üzə çıxır. Bunlardan biri də "Nicat" Mədəni-Maarif Cəmiyyəti idi. 1907-ci ildə bu cəmiyyətin yanında teatr truppasının təşkil edilməsi həmin dövr teatr həyatında mühüm rol oynayıb. 1908-ci ildə "Nicat" cəmiyyəti yanında H.Ərəblinski, S.Ruhulla, Ə.Vəli kimi professional aktyorları birləşdirən vahid dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamaşalar verirdi. Ə.Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadir şah", N.Vəzirovun "Pəhlivanani-zamanə", Ş.Saminin "Gaveyi-ahəngar", F.Şillerin "Qaçaqlar", H.Heynenin "Əlmənsur", V.Şekspirin "Otello", J.B.Molyerin "Zorən təbib", N.V.Qoqolun "Müfəttiş", "Evlənmə", L.N.Tolstoyun "Əvvəlinci şərabçı" pyesləri məhz o dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu.

Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqünün formalaşmasında, maarifləndirmənin sürətləndirilməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların carçısına çevrilib.

Mədəniyyət tarixinin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyinin bərpasından sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. İllərdən bəri baxımsızlıq üzündən öz simasını dəyişmiş, teatr binalarının bərpası ilə yanaşı, yaradıcı kollektivlərə diqqət və qayğı öz bəhrəsini qısa müddət ərzində göstərdi. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən müntəzəm şəkildə müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni sənət əsərləri səhnəyə çıxarıldıqca sənətkarların yubileyləri qeyd edilir, onların ictimai həyatdakı nüfuzları getdikcə artırılır. Məhz Azərbaycan milli teatrına dövlət və xalq məhəbbətinin təzahürüdür ki, yaradıcı kollektivlərin beynəlxalq mədəni əlaqələri genişlənir. Bu isə Avropa və Şərqdə mədəniyyətimizin təbliğində mühüm vasitələrdən biridir. Respublikada olan 27 dövlət, həmçinin bələdiyyə, uşaq və özəl teatrların səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlara hər cür qayğı göstərilir.

"Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamında milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan milli teatrının tarixi keçmişi və bugünkü vəziyyəti barədə söz açarkən ilk növbədə onların bəzilərinin erməni vandalizminin qurbanlarına çevrilməsini xatırlatmalıyıq. İrəvan, Şuşa, Ağdam, Füzuli dövlət dram teatrlarının kollektivləri ötən müddət ərzində qaçqınlıq-köçkünlük ağrılarını daşımaqla yanaşı, düşmənin mənfur, çirkin siyasətinin ifşasının bədii ifadəsini tapmaq üçün yaradıcı potensialından səmərəli istifadə edib.

Lakin müxtəlif yerlərdə sadəcə uyğunlaşdırılmış şəraitdə tamaşalar hazırlayan Füzuli Dövlət Dram Teatrı yenidən Horadiz şəhərinə qayıdıb və fəaliyyətini doğma yurd yerində bərpa edib. Ağdam, Şuşa, İrəvan dövlət dram teatrlarının öz fəaliyyətlərini bərpa etmələri, təbii ki, mədəniyyətimizə dövlət qayğısının təzahürüdür.

Azərbaycan milli teatrının bünövrəsi meydan tamaşalarından qoyulduğundan onun bundan sonra da uzunömürlü olmasına şübhə yoxdur. Çünki bu sənəti yaşadanlar yalnız səhnə fədailəri deyil, xalqın özüdür. Xalq isə özünün tarixi keçmişini yaşatmaqda mühüm vasitə rolu oynayan mədəniyyət və incəsənətin inkişafı yolunda daim mübarizələrdən keçib. Bu bayramın mart ayında keçirilməsinin isə xüsusi əhəmiyyəti var. Çünki Novruz tədbirləri də folklor nümunələri sayılan meydan tamaşaları və məzhəkələrlə daha çox yaddaqalan olur.

Azərbaycan milli teatrının inkişafı bir sıra digər amillərdə də özünün təsdiqini tapıb. UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun konqresinin Bakıda keçirilməsi də məhz Azərbaycanın təkcə mədəniyyətinin deyil, həmçinin iqtisadiyyatının da bugünkü tərəqqisinin ifadəsidir.

Onu da qeyd edək ki, 1961-ci il mart ayının 27-də UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilən IX konqresi səhnə sənətinin tarixinə əlamətdar gün kimi yazılıb. O zaman qəbul edilən qərara əsasən hər il mart ayının 27-si Beynəlxalq Teatr Günü kimi qeyd edilir. Demək, əslində, mart yalnız milli deyil, bəşəriyyətdə teatrsevərlərin bayram ayıdır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 10 mart.- S.7.