Xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti Azərbaycanın tutduğu yolun düzgün və uğurlu olduğuna inanır

 

Bu fikir Avropa Azərbaycanlıları Konqresinin bəyanatında səslənmişdir

 

 Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Frankfurt şəhərində "Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr" mövzusunda keçirilən diaspor nümayəndələrinin müşavirəsində Konqresin bəyanatı qəbul olunmuşdur.

Komitədən bildirmişlər ki, bəyanatda Azərbaycanda yürüdülən uğurlu xaricidaxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr əsasında iqtisadisosial-siyasi sahələrdə sürətli inkişafa nail olunduğu qeyd edilmişdir. Sənəddə bu uğurların diaspor quruculuğu işinə də müsbət təsir göstərdiyi, ötən dövrdə Azərbaycan diasporunun güclənməsinə xidmət edən bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyi vurğulanmışdır.

Bəyanatda Azərbaycanın daxili siyasətinə aid məsələlərin xarici ölkələrdə yaşayan bəzi soydaşlarımız tərəfindən müzakirə obyektinə çevrilməsindən də narahatlıq ifadə olunmuşdur: "Azərbaycanın daxili siyasəti ilə bağlı məsələləri ölkənin hüdudlarından kənara çıxarmağa çalışan, məqsədi və məramı aydın olmayan bəzi diaspor təşkilatları bütöv Azərbaycan diasporunun parlaq fəaliyyətinə kölgə salmağa çalışırlar. Bu cür təşəbbüslər Azərbaycan dövlətçiliyinə və ölkəmizin milli maraqlarına ziddir və belə cəhdlərin perspektivi yoxdur".

Vurğulanmışdır ki, xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti Azərbaycanın tutduğu yolun düzgün və uğurlu olduğuna əmindir: "Biz inanırıq ki, bu il keçiriləcək prezident seçkiləri Azərbaycanda demokratiyanın inkişafına xidmət edən tarixi proses kimi yadda qalacaq və xalqımız bu dəfə də düzgün seçim edərək, ölkəmizin iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası, regionda və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində böyük nailiyyətlərə imza atmış İlham Əliyevin namizədliyini dəstəkləyəcəkdir. Biz bu siyasətin müasir dövrün mürəkkəb geosiyasi və qlobal iqtisadi şərtləri fonunda Azərbaycanın alternativsiz inkişaf yolu olduğuna qəti şəkildə əmin olduğumuzu xüsusi vurğulamaq istəyirik".

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 12 mart.- S.5.