İqtisadi modernləşmənin uğuru sahibkarlığın inkişafından keçir

 

Azərbaycanda sahibkarlığın inkişafı strategiyası bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi yüksəlişində möhtəşəm nümunəyə çevrilir

 

 Hər bir xalqın milli inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir. İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin vacib amilinə çevrilir. Bu prizmadan əminliklə söyləmək olar ki, müstəqil Azərbaycanın son illər əldə etdiyi  makroiqtisadi nailiyyətlər, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir.

Bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, zəngin təbii sərvətlərdən səmərəli istifadə edilməsinin, ölkənin investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illər milli iqtisadiyyat təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir. Ən müxtəlif iqtisadi mərkəzlər respublikamızın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni fenomenini görür, inkişafın Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar. Bu modelin özünəməxsusluğunu şərtləndirən mühüm amillər sırasında regional inkişafa xidmət edən kompleks tədbirlərə xüsusi diqqət çəkilir.

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Son illərdə Azərbaycan hökumətinin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların yüksək dinamizmlə həyata keçirilməsi məhz bu reallığa əsaslanır. Bu həm də onunla şərtlənir ki, milli  iqtisadiyyatın daha da inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin yerinə yetirilməsi regionların inkişafının sürətləndirilməsini, habelə sosial-iqtisadi problemlərin həllində sahibkarlığın rolunun artırılmasını, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir.

İqtisadiyyatın modernləşmə mərhələsində qazanılan uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək səmərəliliyin, məqsədyönlülüyün və çevikliyin təmin edilməsi, strateji əhəmiyyətli sahələrin inkişafında tarazlığın saxlanılması vacib məsələlərdəndir. Son 10 ildə məhz regionların sosial-iqtisadi inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq ümumi daxili məhsul istehsalına görə dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmiş Azərbaycan investisiya cəlbediciliyini də qoruyub saxlamışdır. Dünyanın mötəbər "beyin mərkəzi" sayılan Davos Forumunun 2012-ci il üçün hesabatında Azərbaycan rəqabət qabiliyyətliliyinə görə 46-ci yerə layiq görülmüşdür. Respublikamız 2011-ci ildəki mövqeyində 9 pillə irəliləyərək MDB məkanında lider mövqeyini qoruyub saxlamışdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ildönümü ilə əlaqədar 2013-cü il fevral ayının 13-də dövlət başçısının rəhbərliyi ilə keçirilmiş konfrans respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləmişdir. Möhtərəm Prezidentin konfransda vurğuladığı kimi, qeyri-neft sektorunun dinamik inkişafı sahəsində əldə olunan nəticələr uğurlu təməlini, ilk növbədə, regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. Ölkə başçısının hələ 2004-cü il 11 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" bu baxımdan xüsusi əhəmiyyətə malik olmuşdur. Dövlət Proqramı regional inkişafda kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından əlahiddə əhəmiyyətli sənəd olmuş, bu mükəmməl konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir.

Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunları ilə bağlı konfransda 2004-2008-ci illəri əhatə edən ilk sənədin əhəmiyyətini xüsusi önə çəkmişdir: "2004-cü ilin əvvəlində proqramın qəbul edilməsinin bir neçə səbəbi var idi. İlk növbədə, bölgələrin inkişafı əlbəttə ki, diqqət mərkəzində duran vəzifə idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi proqramın əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, iş yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri də böyük əhəmiyyət kəsb edirdi. Yəni regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir".

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması və digər tədbirlər   diqqətdə saxlanılır.

Prezident İlham Əliyev proqramın icrasını 2012-ci ildə də xüsusi diqqət mərkəzində saxlamış, bölgələrə çoxsaylı səfərlər edərək görülən işlərlə yerindəcə tanış olmuş, hər bir rayonun inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə görüşlərdə qaldırılmış konkret məsələlərin həlli məqsədilə 64 əlavə sərəncam imzalamış, həmin sərəncamlar əsasında 232,5 milyon manat vəsait ayırmışdır. Ötən il 93 mini daimi olmaqla 117 min yeni iş yeri və 5,4 min müəssisə açılmışdır. Ümumilikdə, 2009-cu ildən bəri ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlamış, 360 minə yaxın yeni iş yeri yaradılmışdır. Yoxsulluğun səviyyəsinin 6 faizə, işsizliyin isə 5,2 faizə enməsi regional inkişaf proqramlarının mühüm nəticələrindən biri kimi qiymətləndirilməlidir.

2012-ci ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş işlər üçün əsas kapitala 5 milyard manat, o cümlədən dövlət investisiya proqramı çərçivəsində 4,1 milyard manat vəsait yönəldilmişdir. Və bu da ümumi məbləğin 72 faizini təşkil edir. 2009-2012-ci illərdə regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyası yönəldilmişdir. 2013-cü ildə əsaslı vəsait qoyuluşlarının 77 faizi və yaxud 5,3 milyard manatı məhz regionlar üçün nəzərdə tutulmuşdur. Dövlət əsaslı kapital qoyuluşlarının ilbəil artımı, eyni zamanda, sahibkarlığın inkişafı üçün zəruri kommunal infrastrukturun, yol-nəqliyyat qovşağının modernləşməsinə imkan yaradır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün yaxşı imkanlar açmışdır. Proqramda özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər təsdiqləyir ki, zəngin iqtisadi biliklərə, menecment təfəkkürünə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir və onlara hərtərəfli dəstəyini əsirgəmir. Dövlət başçısı sözügedən konfransda bir daha ölkə sahibkarlarının Azərbaycanın iqtisadi inkişafındakı rolunu və xidmətlərini yüksək dəyərləndirmiş, onların fəaliyyətinə yaradılan bəzi bürokratik maneələrin aradan qaldırılması ilə bağlı qəti tapşırıqlar vermişdir: "Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır. Deyə bilmərəm ki, bu, belə geniş vüsət alıbdır, amma var və buna son qoyulmalıdır. Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlardan qanunsuz tələbdə olan şəxslər öz cəzasını alacaqdır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər".

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam edir və neft sənayesinin artım tempini üstələyir. 2012-ci ildə qeyri-neft sənayesinin 9,7 faizlik artım tempi bunu bir daha təsdiqləyir. Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yüksəlişində sahibkarlar daha böyük rol oynamağa başlayırlar. Bütün bunlar faktiki olaraq ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlbi, bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir.

2004-cü ildən uğurla icra edilən regional inkişaf proqramlarının əsas istiqamətlərindən biri də məhz respublikada əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, iş adamlarının fəaliyyət imkanlarının genişləndirilməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsi olmuşdur. Bütün bunlar regionların inkişafına dair ikinci Dövlət Proqramında da öz əksini tapmışdır. Hazırda müvəffəqiyyətlə icra edilən bu sənəd çərçivəsində sahibkarlığın tərəqqisi daha dinamik hal almışdır. Ümumilikdə, ötən 10 ildə respublikada sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi, ixrac rüsumlarının ləğv edilməsi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi özəl sektora dəstəyin bariz nümunələridir.

2010-cu ildən mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddinin 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılması sahibkarlığın inkişafına ciddi dəstək olmuşdur. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli Qanununda da sahibkarlar üçün ciddi  güzəşt və imtiyazlar nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin konseptual əsasları bir tərəfdən yeni qlobal iqtisadi çağırışlara əsaslanır, digər tərəfdən ölkənin ortamüddətli hədəflərinə istiqamətlənmiş məqsədlərə xidmət edir. Məcəlləyə daxil edilmiş bir sıra yeniliklər sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmişdir. Məcəllədə əksini tapmış vergi güzəştlərinin bir qrupu sosial məqsəd daşıyaraq vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına, digər qrupu isə stimullaşdırıcı xarakter daşıyaraq müəyyən sahələrin inkişafına hesablanmışdır.

Respublikamızın yaxın illərdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımın qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır. Yaxın gələcəkdə dövlət investisiya siyasətində əsas istiqamətlərdən biri də sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması və qeyri-neft sənayesinin inkişaf etdirilməsi ilə bağlı olacaqdır. Sumqayıt şəhərində Kimya Sənaye Parkının, Yüksək Texnologiyalar Parkının və Balaxanı Sənaye Parkının yaradılması bu istiqamətdə atılmış ilk addımlardır. Bu baxımdan orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə, layihələrin miqyasının artmasına, bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin açılmasına imkan verəcəkdir.

Vergi Məcəlləsinə daxil edilmiş bir sıra yeniliklər Azərbaycanda vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulmasına xidmət edir. Məcəlləyə vergi partnyorluğu sazişi ilə bağlı konkret müddəanın daxil edilməsi bu istiqamətdə gerçəkləşdirilən ən mütərəqqi yeniliklərdən biri kimi diqqəti çəkir. İnkişaf etmiş Avropa ölkələrinin vergi administrasiyalarının tətbiq etdiyi bu tərəfdaşlıq modelinin respublikamızda tətbiqi, ilk növbədə, biznes mühitinin liberallaşdırılması tədbirlərinin davamı kimi dəyərləndirilir. Vergi partnyorluğu sazişi vergi orqanı ilə vergi ödəyicisi arasında könüllü bağlanmış niyyət razılaşmasıdır. Bu saziş fəaliyyətində qanunvericiliyə tam əməl etməyə çalışan hər bir vergi ödəyicisi üçün son dərəcə əlverişlidir. Bu halda, vergi ödəyicisi, məsələn, vergi bəyannamələrini vaxtlı-vaxtında təqdim edəcəyinə, hesablanmış vergiləri tam həcmdə ödəyəcəyinə, nağd hesablaşmalar aparılarkən nəzarət-kassa aparatlarından istifadə edəcəyinə, müştərilərin plastik kartlarla ödəmələr aparmasına şərait yaradacağına dair öhdəliklər götürür. Vergi orqanları da bunun əvəzində vergi nəzarətinin distant formalarından istifadə ediləcəyinə, sahibkarlıq subyektində və onun obyektlərində əlavə yoxlamalar və inzibatçılıqla bağlı təsirlərin olmayacağına razılıq verir.

Ümumilikdə, son 10 ildə ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər özünün sistemli və ardıcıl səciyyə daşıması ilə diqqəti çəkir. Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərman bu baxımdan mühüm sənədlərdən biri olmuşdur. Belə bir fərmanın imzalanması o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda, süründürməçilik hallarının aradan qaldırılması sahəsində, sözün əsl mənasında, inqilabi dəyişikliklərə yol açmışdır. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır. Həmçinin fərmanda biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açılması kimi məsələlər ehtiva olunmuşdur. Tətbiq olunan bu və digər yeniliklər nəticəsində indi həm fiziki, həm də hüquqi şəxslər cəmi bir neçə dəqiqə ərzində elektron formada - internet üzərindən qeydiyyatdan keçir, vergi və rüsumları da eyni qaydada ödəyirlər. Bu sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlmiş, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Prezident İlham Əliyevin ilk gündən müəyyənləşdirdiyi mühüm vəzifələrdən biri də sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə hallarının qarşısının alınması, bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi, digər institusional-təşkilati tədbirlərin həyata keçirilməsidir. Dövlət başçısının 15 fevral 2011-ci il tarixli fərmanı ilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" təsdiq edilmiş, 1 may 2011-ci il tarixdən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri fəaliyyətə başlamışdır. Dövlət nəzarət tədbirinin reyestrdə qeydiyyata alınması eyni vaxtda bir sahibkarlıq subyektində müxtəlif yoxlamaların aparılmasının qarşısının alınmasına, konkret məsələ üzrə aparılan araşdırmaların tezliyinə nəzarət etməyə, həmçinin sahibkarlıq subyektlərinin öncədən aparılacaq yoxlama və onun nəticələri haqqında məlumatlanmasına şərait yaratmışdır.

Ölkə başçısının "Dövlət orqanlarında elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanının tələblərinə əsasən, Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"na sahibkarlıq subyektlərinə göstərilən xidmətlər də daxil edilmişdir. Həmin siyahıya sahibkarlıq fəaliyyətini tənzimləyən, müxtəlif dövlət qurumları tərəfindən verilən icazələr, lisenziyalar, sertifikatlar və müxtəlif cür digər tənzimləyici sənədlər daxil edilmişdir.

Dövlət başçısının 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" fərmanına əsasən, yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə, icazələr barədə sorğulanan məlumatların asan tapılmasına, bu sahədə şəffaflığın artırılmasına səbəb olmuşdur.

Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondunun yaradılması özəl sektorun maliyyə ehtiyacının qarşılanmasında genişmiqyaslı işlər görməkdədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı və 2009-cu və 2011-ci illərdə onun statusu və vəsaitlərinin istifadə edilməsi qaydaları təkmilləşdirilmişdir. 2011-ci il 13 oktyabr tarixli "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında" Fərmana uyğun olaraq, güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, həmçinin kiçik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını genişləndirmiş, güzəştli kreditlər üzrə müddətin maksimum həddi 10 ilədək, məbləği isə 10 milyon manatadək artırılmışdır. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmiş, həmin kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 83 faizi regionların payına düşmüşdür.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans göstərdi ki, Prezident İlham Əliyev sahibkarlarla birbaşa təmasa xüsusi önəm verir, onların üzləşdiyi problemlərin, çətinliklərin yerindəcə həlli istiqamətində müvafiq addımlar atır. Son iki ildə korrupsiyaya qarşı aparılan mübarizənin daha səmərəli və intensiv xarakter daşıması məqsədilə cənab Prezidentin ortaya qoyduğu siyasi iradə öz yüksək nəticələrini verir. Sahibkarlığın inkişafına maneə olan bürokratik əngəllər daha sürətlə aradan qalxır, özəl sektorun tərəqqisi intensivlik əmsalı yüksək olan yeni mərhələyə qədəm qoyur. Dövlət başçısı İlham Əliyevin konfransda söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: "Dəfələrlə demişdim, bu gün də demək istəyirəm ki, mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır, Azərbaycan naminə çalışır. Ona görə özəl şirkətlərə, dövlət şirkətlərinə göstərilən diqqət eyni olmalıdır və hesab edirəm ki, biz buna nail oluruq. Əgər sahibkarlığın, özəl sektorun ümumi daxili məhsuldakı payına nəzər salsaq görərik ki, artıq 80 faizdən çoxdur. Son rəqəmlərə görə ümumi daxili məhsulda özəl sektor 83 faiz təşkil edir. Cəmi 20 il ərzində bazar iqtisadiyyatı şəraitində yaşayan ölkə üçün hesab edirəm ki, bu, böyük göstəricidir".

Dövlət başçısının bu qətiyyətli mövqeyindən sonra sahibkarların qanuni mənafelərinin qorunması, onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi tədbirlərinə də diqqət artırılmışdır. Milli Məclisə təqdim olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi artıq müvafiq komitələrdə müzakirə olunur, təkmilləşdirilir. Qanun layihəsinin qəbulundan sonra sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid qaydaları bu sənədlə müəyyən ediləcəkdir. Məqsəd sahibkarlıq subyektlərində çoxsaylı yoxlamaları azaltmaq, qanunsuz müdaxilələri aradan qaldırmaqdır. Yeni qanunda bir sahibkarın bir neçə qurum tərəfindən yoxlanmasının qarşısını almaq üçün vahid məlumat reyestri yaradılması nəzərdə tutulur.

Bütün bunlar təsdiqləyir ki, cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasət orta sahibkar təbəqəsinin yaranıb təşəkkül tapmasına, bir növ cəmiyyətin aparıcı lokomotivinə çevrilməsi məqsədinə xidmət edir. İnkaredilməz həqiqətdir ki, hər bir ölkənin iqtisadi-siyasi durumunun sabitliyi və rifahı onun orta təbəqəsinin vəziyyəti ilə ölçülür. Dövlətin sütunlarının möhkəmlənməsi üçün cəmiyyətdə orta təbəqənin, belə demək mümkünsə, orta burjuaziyanın yaranması mühüm şərtlərdəndir. Məhz bu təbəqə cəmiyyətdə balans yaradaraq kəskin təbəqələşməni, sosial gərginliyi aradan qaldırır və ümumi inkişafda harmoniya yaradır. Bu baxımdan da ölkə başçısı cəmiyyətdə sağlam orta təbəqənin formalaşmasında maraqlıdır və bu prosesə süni maneçilik hallarına qarşı barışmaz mövqe nümayiş etdirir. Eyni zamanda, ictimai münasibətlər sisteminə təsir göstərən dövlət-sahibkar münasibətlərinin qarşılıqlı etimad və tərəfdaşlıq müstəvisində qurulmasını vacib sayır. Dövlət məmurlarından bu münasibətlərdə yaranan istənilən ziddiyyətlərin, qüsurların aradan qaldırılmasını təkidlə tələb edir.

Son illər sahibkarlığın inkişafı sahəsində əldə olunmuş uğurlar  ölkənin sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik Sumqayıt şəhərinin simasında da aydın müşahidə olunur. Şəhər rəhbərliyi sahibkarlarla münasibətləri ölkə başçısının müəyyənləşdirdiyi sağlam prinsiplər əsasında qurur, onların problemlərinin həllinə dəstək verir.

Gənclər şəhəri Sumqayıt bu gün həm də möhtəşəm abadlıq və quruculuğun, yenidənqurma işlərinin əsas ünvanlarından birinə çevrilmişdir. Uzun illər boyu ölkənin əsas sənaye mərkəzi olaraq qalan Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən başlıca səbəblərindən biri Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısıdır. Təsadüfi deyildir ki, son illərdə cənab İlham Əliyev 4 dəfə Sumqayıta səfər etmiş, Sumqayıt Texnologiyalar Parkında polimer məhsulları istehsal zavodunun genişləndirilməsi işləri ilə tanış olmuş, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak etmişdir. İnanırıq ki, ölkə başçısının xüsusi diqqət və qayğısı ilə Sumqayıtın digər sənaye müəssisələri də böhranlı vəziyyətdən çıxacaqdır. Azərbaycan iqtisadiyyatına layiqli töhfəsini verəcək belə layihələrdən biri də "Xəzər" Səhmdar Cəmiyyətinin şüşə sənayesini inkişaf etdirəcək "Azərşüşə" layihəsidir.

Ümumilikdə, ölkədə sahibkarlığın inkişafı strategiyası nəinki ölkəmizin iqtisadi tərəqqisində müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafında möhtəşəm nümunəyə çevrilir. Sözügedən nümunənin formalaşmasının əsasında isə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət dayanır. İnanırıq ki, dövlət başçısının diqqət və qayğısı ilə ölkədə sahibkarlar sinfi bundan sonra da güclənəcək, müstəqil Azərbaycanın inkişafına öz layiqli töhfəsini verəcəkdir.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.-2013.- 13 mart.- S.5.