Əsgər ölümünün «günahkarları» tapıldı

 

Azərbaycan dilində maraqlı ifadə var: malı mala qatmaq. Adətən, müxtəlif məsələlər, müxtəlif hadisələr bir-birinə qarışanda və kimsə də bundan özünə sərf edən formada istifadə edəndə o adama deyirlər ki, "malı mala qatma"! İndi mən də demək istəyirəm ki, əzizlərim, sizə elə gəlmirmi ki, malı mala qatırsınız?

 

Mən də malı mala qatmamaq üçün məsələləri sıralayaraq cavab vermək istərdim. Beləliklə:

 

 1. Əsgər ölümü məsələsi

 

 Ağlı başında olan hansı insan öz əsgərinin ölümünə müsbət yanaşa bilər? Əgər kimsə müsbət yanaşırsa, demək, onun ağlı yerində deyil. Yox, əgər kimsə müsbət yanaşmırsa, amma biriləri iddia edirsə ki kimsə müsbət yanaşır, deməli, onların ağlı yerində deyil.

 

 2. Əsgər ölümü ilə bağlı aksiyalar

 

 Səmimi bir sualım ondan ibarətdir ki, bu məsələ ətrafında ən çox hay-küy salanların neçəsi şəhid ailələrini ziyarət edib? Neçə nəfər bu ağrını o ailələrlə bərabər yaşayıb? Mənim dayım Qarabağ müharibəsi zamanı aldığı yaradan dünyasını dəyişib. Bu müharibə zamanı həyatını itirən başqa qohumlarımız da var. Ailəmiz bu ağrının nə anlama gəldiyini çox yaxşı bilir. Bu faktı suala sualla cavab vermək adəti olanlar üçün yazdım. Amma maraqlıdır ki, neçə nəfər dünyasını dəyişən əsgərlərin hərbi xidmət çəkdiyi hərbi hissələr barədə məlumatlıdır? Kim ciddi araşdırma aparıb, kim monitorinq keçirmək istəyib? Kimlər bu barədə ən azından hərbi ekspertlərlə, tibb ekspertləri ilə söhbət aparıb? Bu sualları ona görə verirəm ki, mənə həqiqətən maraqlıdır, bu suallara cavab tapmayan gənclərimiz sualların cavabını niyə məhz Fəvvarələr meydanında axtarır? Nəyə görə aksiyalar üçün icazənin verildiyi Bayıl ərazisində yox, məhz Fəvvarələr meydanında?

Həm də Hərbi Prokurorluğun araşdırmasının nəticəsini gözləmədən...

 

 3. Aksiyanın iştirakçıları barədə

 

 Yuxarıdakı sualları təsadüfən vermədim. Həqiqətən, əgər belə insanlar varsa ki bütün yuxarıda qeyd etdiyim sualları özlərinə və başqalarına verdikdən sonra bu qanunsuz aksiyaya qatılıblar, o zaman onlara deməyə sözüm yoxdur. Əgər bir insanın sualına cavab tapmaq üçün ən son yol budursa, o zaman həqiqətən bu insanları başa düşmək çətindir. Amma etiraf edək ki, o cavabları bildiyi halda meydana çıxanlar da az deyil. Kimisi şou axtarışındadır, kimisi şəxsi, kimisi siyasi məqsədləri naminə. Amma o məqsədlər nə olursa-olsun, gərək insani dəyərlərimiz ayaqlar altında qalmasın. Əsgər analarını qanunsuz aksiyalara gətirən aksiya "dahiləri", aksiya "qəhrəmanları" bəs niyə onları meydanda qoyub qaçdılar? Axı anaların və ataların bəzilərinin kədər və acılarını manipulyasiya edərək sonradan meydanda tək qoymaq yaraşardımı? Axı insanlar etiraf edirlər ki, sadəcə telefonla çağırılıblar bir görüşə, tədbirə dəvət adıyla... Sonra isə onların alovlanmış hisslərini polislə üz-üzə qoyaraq qaçmaq... Mən bayılmış bir qadını yerdən qaldırmaq istəyən polisin fotosunu çəkərək ona "zor tətbiq edən polis" damğasını vuranları qınayıram. Həmin vətəndaş da, polis də Azərbaycan insanıdır. Biz insanlarımız arasında uçurum yaratmağın yox, barış yaratmağın yolunu axtarmalıyıq!

 

 4. Aksiyanın təşkilatçıları barədə

 

Ortada aydın görsənən bir qeyri-səmimiyyət var. O da əsgər ölümü aksiyasının ideyası ilə aksiyanın təşkilatçılarının əsl niyyətləri arasında böyük uyğunsuzluqdur. Problemlərin çoxu da elə buradan qaynaqlanır.

Müxalifət düşünür ki, bu mövzu sadə vətəndaşlar üçün həssasdır, bu ideya ətrafında daha çox insanı səfərbər etmək olar, qanunsuz aksiya keçirərək bütün uğursuzluqları iqtidarın boynuna yıxmaq, bununla da seçki ilində siyasi dividend qazanmaq olar. Etiraf etmək lazımdır ki, insanların acısı üzərində siyasi dividend qazanmağa hesablanmış bu layihənin hüquqi tərəfi qalsın bir yana, mənəvi tərəfi də heç bir normaya sığmır.

İqtidar da, öz növbəsində, müxalifətin yuxarıda qeyd edilən hiyləsini anlayır və buna adekvat bir şəkildə cavab tədbirləri hazırlayır. Sual bundan ibarət olur ki, əgər həqiqətən söhbət səmimi ideyalardan gedirsə, belə bir aksiyanı müxalifət niyə də sivil qaydada keçirməsin? Axı Fəvvarələr meydanından cəmi 5 dəqiqəlik məsafədə yerləşən meydanda, yəni Bayıl qəsəbəsində aksiya və mitinqlərin keçirilməsinə icazə verilir!

Proseslərin gedişində isə müxalifət növbəti bir qeyri-səmimi addım ataraq belə tərzdə aksiyanın keçirilməsini pisləyənlərə də "əsgər ölümünə göz yumanlar" damğasını vurmaq istəyir. Halbuki necə ki hər kəs öz evində əmin-amanlıq olmasını istəyir, şuurlu vətəndaşlar da öz ölkələrində əmin-amanlıq olmasını istəyir, bununla da ölkədə müxtəlif təxribatlar törətməyə çalışanlara mənfi reaksiya verirlər. Amma qətiyyətlə deyə bilərəm ki, bu heço demək deyil ki, aksiyanı pisləyən insanlar bu acını digərlərindən daha çox hiss etmirlər.

Əslində belə aksiyalara çağırış edənlər bunun hüquqi məsuliyyətini anlayır və bəlkə ona görə də aksiyalara gəlmir, prosesləri xaricdən və ya evlərindən izləyirlər. Lakin təəssüflər olsun ki, aldadılanlar sadə və səmimi vətəndaşlar olurlar!

Amma aydındır ki, təşkilatçıların da arxasında dayanan görünməyən əllər var. Amma bu əllərin Şimaldan, Cənubdan və ya Qərbdən idarə olunmasına baxmayaraq, mənliyi və vicdanı olan hər bir azərbaycanlının ilk arzusu müstəqil  Azərbaycanda yaşamaq olmalıdır. Biz müstəqillik üçün şəhidlər vermişik. Bu gün əsgər ölümünə etiraz edənlər minlərlə şəhid verdiyimiz müstəqilliyimizin önəmini nə tez unutdular?! Bu gün ölkə daxilində yaradılan bütün qarşıdurmalar və çaxnaşmalar müstəqil Azərbaycanı "böyük qardaş"lara üz tutmağa sövq etməyə yönəldilib. Necə olur ki, bunu qonşu ölkələrdə anlayırlar, amma öz ölkəmizdə olan bir qrup insan hələ də anlamır?!

 

 5. Əsgər ölümünün günahkarları

 

Müxalifətin əsgər ölümünə həsr olunan aksiyasına facebook-da minlərlə insan qatılacağını təsdiq etsə də, nəticədə jurnalistlər də daxil olmaqla meydanda 300-500 nəfərə yaxın adam müşahidə edildi. Gün ərzində twitter və facebook vasitəsilə minlərlə gənc bir-birinə fikrini bildirdi. İki şeyə gün bitənə qədər ümidimi itirmək istəmirdim. Hələ də inanmaq istəyirdim ki, əsgər ölümü aksiyasının niyyəti səmimidir və hələ də inanmaq istəyirdim ki, bizim gənclikdə artıq sivil yanaşma təşəkkül tapıb. Amma günün sonunda baş verənlər bu ümidlərimə kölgə saldı. Belə ki, radikal müxalifətin hiddəti o qədər coşdu ki, ASAİF-in sədri Ramin Hakimovu Azərbaycan dövlətçiliyinin xeyrinə fikirlər yazmaqda ittiham etdilər və martın sonu Romada olacaq tədbirə iştirakçıların seçimini 10 mart aksiyasında fəallıqla əlaqələndirdilər. Halbuki 9 mart tarixində, yəni aksiyadan bir gün əvvəl Roma forumuna dəvət ediləcək 300 nəfərin hər biri seçilmişdi və onlara dəvət göndərilmişdi. O dəvəti alanlardan, yəqin ki, bu yazını oxuyanlar olacaq və onlar da fikirlərini açıq bildirə bilərlər.

Başqa bir qarayaxma isə İRƏLİ-nin sədri Rauf Mərdiyevə ünvanlanmışdı. Guya ki, Rauf barədə "Yusif Nəbibəyli" adlı inkoqnito "elitar" adlı sayta mail yazıb və hansısa məsələni xəbər verib. Həmin yazını diqqətlə oxuyan hər bir savadlı insan bunun savadsız bir sifariş olduğunu dərhal anlayar və biz bu sifarişin hansı dairələrin mətbəxində hazırlanıb dövriyyəyə buraxıldığını da yaxşı bilirik. Sifarişçilər artıq layiqli cavablarını alıblar, indi növbə "birdəfəlik istifadə müddətini başa vurmuş" icraçılarındır. Ona görə də gələcəkdə belə yazıların sifarişçiləri daha peşəkar dələduzlara bu işi etibar etsinlər ki, sonra belə gülməli vəziyyətdə qalmasınlar. Yəqin ki, bu məsələyə hüquq-mühafizə orqanları  qiymət verəcək, yazının sifarişçiləri və sayt bir də belə başından böyük işlərlə məşğul olmayacaq.

Lakin bir faktı qeyd etmək yerinə düşərdi ki, həm İRƏLİ, həm də ASAİF qeyri-hökumət təşkilatıdır. Bu təşkilatların sədrləri də, təşkilatın üzvləri, idarə heyəti də təşkilat məclisinin qarşısında hesabat verirlər. İnanmıram ki, bu təşkilatları hədəf alan kimsələr bu təşkilatların üzvüdürya oraya üzvlük haqqı verirlər. Ona görə də tənqid və ittihamların dozasını müəyyənləşdirərkən bu məsələyə də diqqət yetirmələri pis olmazdı.

Beləliklə, əsgər ölümünün günahkarını axtarmaq üçün Fəvvarələr meydanına üz tutan radikal müxalifət nümayəndələri günün sonunda Ramin HakimovRauf Mərdiyevin timsalında "günahkarlar"ı tapdı, onlara iftiralar atdı, onları ittiham, təhqir etdibununla da "günahkarlar" tapıldığına görə missiya tamamlanmış hesab edildi. Bu da sosial şəbəkələrdə minlərlə digər gəncin gözü qarşısında baş verdi. Əslində Rauf Mərdiyevin və Ramin Hakimovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini dəstəkləyən gənclərin parlaq simaları olmasını nəzərə alsaq, müxalifətin onların şərəfinə nəğmələr və şeirlər qoşacağını gözləmək sadəlövhlük olardı. Fərqli siyasi qütblərdə olan insanların bir-birinə tənqidi yanaşması normaldır. Lakin tənqid yalan, təhqir və iftiralarla müşayiət olunmamalıdır. Hər kəsin atdığı iftiraya görə uca Alllah qarşısında özünün cavab verəcəyi məsələsini xatırladaraq təəssüf hissi ilə bir daha inanmağa məcbur oldum ki, nə əsgər ölümü ilə bağlı danışanların hamısı səmimi imiş, nə də  onların hamısı siyasi mübarizədə oyun qaydalarını mənimsəyibmiş. İstisnalar var, amma bu, hər kəs demək deyil!

 

6. Bundan sonrasına hazır olun

 

Bizim gəncliyimizin bir qismindən fərqli olaraq, düşmənlərimiz yatmayıb. Dünən twitter- ermənilərin əsgər ölümü aksiyasını canfəşanlıqla təbliğ etməsi, ardından bu xəbərləri xarici mediaya servis etmələri maraqlı mətləblərdən xəbər verir. Bu məsələnin PR olunmasında ermənilərin əl-ayağa düşməsini anlamaq çətin deyil! Çünki sabah sərhəddə, təmas xəttində erməni snayperi tərəfindən öldürülən hər bir azərbaycanlının, ermənilər tərəfindən qətlə yetiriləcək hər bir şəhidimizin günahkarını onların deyil, öz aramızda axtarmağın zərurətini önə çəkəcəklər. O zaman bəlkə bu mövzuda canfəşanlıq edən gənclərin çoxu ayılacaq, amma təəssüf ki, onda gec olacaq!

 

 

Ceyhun OSMANLI,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 13 mart.- S.6.