Azərbaycan və Monteneqro prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

 

Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri

 

Martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Monteneqro Prezidenti Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Prezident İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizin gözəl ölkənizdə olmağımdan çox məmnunam. Sizi və bütün Monteneqro xalqını müstəqillik dövründə əldə etdiyi uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizin ölkəniz qısa müddət ərzində böyük uğurlara imza atıbdır. Hətta böhranlı illərdə Sizin iqtisadiyyatınız sabitlik nümayiş etdiribdir. İndi Monteneqronun beynəlxalq aləmdə çox böyük hörməti və nüfuzu vardır. Onu da qeyd etmək istəyirəm ki, Sizin ölkəniz Avratlantik strukturlara sürətlə inteqrasiya edir və bu da Sizin siyasətinizin uğurlarından biridir.

Mən çox şadam ki, Monteneqro-Azərbaycan əlaqələri də çox uğurla inkişaf edir. Sizin, cənab Prezident, iki il əvvəl Azərbaycana etdiyiniz rəsmi səfər bu əlaqələrə çox güclü təkan vermişdir. İki il ərzində nəinki yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər həyata keçirilmiş, eyni zamanda, biz iqtisadi sahədə böyük irəliləyişə nail ola bilmişik. Bu gün bizim iqtisadi əməkdaşlıqla bağlı mövqeyimiz yüz faiz üst-üstə düşür. Monteneqroda yaradılmış gözəl investisiya iqlimi Azərbaycan investorlarını da ruhlandırmışdır. Mən çox şadam ki, həm sosial sahə ilə bağlı, eyni zamanda, turizm infrastrukturunun yaradılması ilə əlaqədar Monteneqroya artıq Azərbaycan investisiyaları qoyulmağa başlayır. Ancaq mən hesab edirəm ki, bu, birinci addımlardır, böyük addımlardır, amma birinci addımlardır.

Bu gün əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə etdik və belə fikrə gəldik ki, biz Azərbaycan investisiyalarını Monteneqroya daha da böyük həcmdə qoymalıyıq və iqtisadi əməkdaşlığı dərinləşdirməliyik.

Bank sektoruna böyük maraq göstərilir və biz bu sahədə uğurlu əməkdaşlıq edə bilərik. Enerji sektorunda əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Bu gün biz Azərbaycanın icra etdiyi böyük nəqliyyat layihələrini də müzakirə etdik. Xüsusilə enerjidaşıyıcılarının Avropa qitəsinə çatdırılması ilə əlaqədar məsələlər müzakirə edildi və bu məsələlərlə bağlı Monteneqro-Azərbaycan əməkdaşlığı çox uğurlu ola bilər.

Sizin gözəl ölkəniz haqqında əvvəllər çox eşitmişəm. Bu gün isə özüm görürəm ki, doğrudan da, Sizin ölkəniz çox böyük və uğurlu yol keçmişdir. Bütün bu uğurlar münasibətilə Sizi bir dost kimi ürəkdən təbik edirəm.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 14 mart.- S.1.