Azərbaycan və Monteneqro prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

 

Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri

 

Martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Monteneqro Prezidenti Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Prezident Filip Vuyanoviçin bəyanatı

 

- Hörmətli Prezident Əliyev!

Hörmətli nazirlər, hörmətli nümayəndə heyətinin üzvləri!

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin Monteneqroya rəsmi səfəri çərçivəsində Sizi, cənab Prezident və rəhbərlik etdiyiniz nümayəndə heyətinin üzvlərini burada görməkdən böyük şərəf hissi duyuram. Artıq bildirmişik ki, aramızda çox gözəl münasibətlər vardır. Coğrafi məsafə baxımından ölkələrimiz bir-birinə o qədər yaxın olmasalar da, ölkələrimiz yaxın dostdur və bu səbəbdən aramızda gözəl əlaqələr mövcuddur. Dövlətlərimiz arasında bu cür çoxşaxəli münasibətlərin olması iqtisadi sahədə də müəyyən nailiyyətlərin əldə olunması üçün şərait yaratmışdır və qarşılıqlı əməkdaşlıq üçün də imkanlar açmışdır. Qarşılıqlı sərmayə qoyuluşu prosesi də gedir. Bu məsələlər sırasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ölkəmizə yatırdığı sərmayələr xüsusi əhəmiyyət kəsb edir. Məsələn, keçmişdə hərbi məqsədlər üçün istifadə olunan yerlər, kazarmalar hazırda müasir turizm infrastrukturuna çevrilmişdir. Biz həmçinin Azərbaycanın Monteneqroda əlavə sərmayə qoymaq potensialını da müzakirə etdik. Bu məqsədlə bir çox sahələrə maraq göstərilir. Əməkdaşlıq və sərmayələr üçün xüsusilə maraqlı və cəlbedici sahələrə gəldikdə bu sahədə yol infrastrukturunun tikintisi, enerji sektoru və turizmi qeyd etmək olar. Biz dövlətlərarası əməkdaşlıq komissiyasının rolunu da xüsusi qeyd edirik ki, yeni sərmayə sahələrinin müəyyən edilməsində bu, vacib alətdir. Əlavə maraq olarsa, bu, yeni müqavilələrin imzalanmasına imkan yaradacaq və iqtisadi sahədə qarşılıqlı əməkdaşlığı daha da genişləndirəcəkdir.

Monteneqro ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannaməni məmnunluqla Prezident Əliyevlə imzaladıq. Bu sənəd gələcək münasibətlərimizin əsasını təşkil edəcəkdir. Biz həmçinin digər sazişləri də bu gün imzaladıq. Onlardan biri gəlir vergisi üzrə ikiqat vergitutmanın aradan qaldırılması haqqında razılaşmadır. Biz mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarını da müzakirə etdik. Bu sahələrdə də əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd etdik.

Mən Monteneqro xalqı adından Prezident Əliyevə, Azərbaycan dövlətinə və onun vətəndaşlarına Monteneqroya göstərdiyi yardıma görə dərin təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, bu yardım Bielo-Pole şəhərində uşaq bağçasının tikintisi üçün göstərilmişdir. Bu layihə Bielo-Pole üçün olduqca vacib layihə idi. Biz bu gün həmçinin Azərbaycan tərəfinin yardımı ilə parkın salınması məsələsini müzakirə etdik və təqdimata baxdıq. Təqdimata baxdıqdan sonra belə bir qənaətə gəldik ki, bu parkın salınması əməkdaşlığımızı daha da genişləndirəcəkdir. Mən şəxsən cənab Prezident Əliyevə Monteneqro ilə bu cür gözəl dost münasibətlərinin sabit vəziyyətdə qalması və inkişaf etdirilməsində göstərdiyi səylərə görə dərin təşəkkürümü bildirirəm.

Prezident Əliyev ölkələrimiz arasında iqtisadi münasibətlərin daha da canlanması üçün çox fəal çalışıb və Azərbaycan sərmayədarlarının marağının təşviq olunması üçün böyük səylər göstərib. Bununla mən cənab Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm ki, məhz onun gərgin fəaliyyəti nəticəsində bizim birbaşa apardığımız iqtisadi əməkdaşlığımız, ikitərəfli münasibətlərimiz daha da inkişaf etmişdir.

Çox sağ olun.

 

 

Azərbaycan.-2013.- 14 mart.- S.1.