Bakıda «Heydər Əliyev 90: İqtisadi modernləşmə» mövzusunda konfrans keçirilmişdir

 

"Azərbaycan" qəzetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə martın 13-də Bakı Biznes Mərkəzində  "Heydər Əliyev 90: İqtisadi modernləşmə" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransın moderatoru, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək ümummilli lider Heydər Əliyevin respublikamızın ən yeni tarixindəki əvəzolunmaz rolundan danışmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan dövlət müstəqilliyini çox ağır və mürəkkəb bir zamanda bərpa etmişdir. Sovet İttifaqı dağıldıqdan sonra tarixin verdiyi imkandan istifadə edən Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşmuşdur. Müstəqilliyin ilk illərində respublikada siyasi böhranın ardınca iqtisadi böhran başlamışdır. Xalqın emosiyaları üzərində hakimiyyətə gələn qüvvələr nəinki vəziyyəti düzəldə bilmədilər, əksinə, ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti daha gərginləşdirdilər. Nəticədə yenicə müstəqil addımlar atmağa başlayan Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır.

Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtmasından sonra ciddi dönüşün əsası qoyulmuşdur. İlk növbədə, erməni təcavüzünün qarşısı alınmış və müharibədə atəşkəs əldə edilmiş, qeyri-qanuni silahlı dəstələrin fəaliyyəti tamamilə ləğv edilmiş, möhkəm sabitlik yaradılmışdır.

Ulu öndər, Azərbaycanı informasiya blokadasından çıxarmış,  Xəzərin karbohidrogen ehtiyatlarından səmərəli istifadə edib iqtisadiyyatı dirçəltmək üçün 1994-cü ilin sentyabrında Qərbin iri neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuşdur ki, bu da ölkənin gələcək inkişafında vacib amilə çevrilmişdir.

Bütün bunlardan başqa, Heydər Əliyevin təşəbbüsü və rəhbərlik etdiyi komissiyanın fəaliyyəti ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası yaradılmış və ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Çoxpartiyalı parlamentin formalaşması, mətbuat üzərindən senzuranın götürülməsi və humanizm siyasətinin nümunəsi olaraq ölüm hökmünün aradan qaldırılmasını da məhz Heydər Əliyev həyata keçirmişdir.

Tarixən qısa zaman kəsiyində görülən bütün bu işlər həm də Azərbaycanın sürətli inkişafının, modernləşməsinin təməli idi.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev müəllifi olduğu "Düşünülmüş, sürətli və davamlı" inkişaf konsepsiyası əsasında dünyada tanınan və qəbul edilən "İnkişafın Azərbaycan modeli"ni yaratmaqla ölkəni qısa müddətdə modernləşdirmişdir. İndi Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, demokratiya yolu ilə inamla gedən ölkədir.

"Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Heydər Əliyevin uzaqgörən, müdrik və gərgin siyasi fəaliyyəti nəticəsində iqtisadi və sosial böhranlar məngənəsindən çıxaraq dünyanın iqtisadi sistemində öz sözünə, mövqeyinə və zəngin potensiala malik dövlətə çevrilmişdir", - deyən SAM-ın direktoru Fərhad Məmmədov qeyd etmişdir ki, milli dövlətçiliyimizin möhkəmləndirilməsinə və əhalinin rifah halının yüksəldilməsinə yönəldilmiş bu siyasətin ən böyük uğuru inkişafın yeni, nadir modelinin - Azərbaycan modelinin yaradılmasıdır. Bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ümummilli lider Heydər Əliyevin iqtisadi siyasət kursu inamla davam etdirilir və özünün müsbət nəticələrini verməkdədir.

F.Məmmədov bildirmişdir ki, Heydər Əliyevin neft strategiyası Azərbaycanın regional lider mərhələsinə çıxardaraq, onun geosiyasi və geoiqtisadi mövqelərinin möhkəmləndirilməsinə, dünya iqtisadiyyatına fəal inteqrasiyasına geniş imkanlar açmışdır. Ötən 20 il ərzində formalaşan Azərbaycanın enerji siyasəti dövlətimizi dünyanın siyasi-iqtisadi arenasında etibarlı tərəfdaş və stabil enerji təminatçısı kimi tanıtmışdır. Fəxrlə qeyd edə bilərik ki, bu gün Cənubi Qafqaz iqtisadiyyatının təqribən 80 faizi Azərbaycanın payına düşür. Güclü iqtisadiyyata və intellektual potensiala malik olan Azərbaycan özünün daxili tələbatını ödəməklə yanaşı, qonşu ölkələrə enerji ixrac etməkdədir. Çoxşaxəli enerji ixracı özünü transsərhəd neft-qaz kəmərlərinin çəkilişi və istismara buraxılmasında büruzə verməklə, yeni iqtisadi perspektivlərin əldə olunmasına zəmin yaratmışdır. Həmin siyasət sayəsində qeyri-neft sektorunun davamlı inkişafı Azərbaycan Respublikasının iqtisadi modelinin prioritet istiqamətlərindən birinə çevirmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən yeni neft strategiyasından, görülən işlərdən, reallaşdırılan layihələrdən ətraflı bəhs edən sənaye və energetika naziri Natiq Əliyev bu dövrdə tarix baxımdan ən qısa zaman ərzində irihəcmli layihələrin  gerçəkləşdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Heydər Əliyevin neft strategiyası sayəsində Azərbaycanda bir çox neft-qaz yataqları kəşf olunmuşdur. Vaxtilə neft diyarı kimi tanınan Azərbaycan bu gün heç kimdən asılı deyil, özünün yeraltı ehtiyatlarının dünya bazarlarına çıxarılmasında müstəqil addımlar atır. Bu istiqamətdə neft-qaz kəmərlərinin şaxələndirilməsi siyasəti yürüdən Azərbaycan bir sıra ciddi uğurlara da nail olmuşdur.

"Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənilməsindən danışan nazir qeyd etmişdir ki, "Faza-3" layihəsinin iş proqramına əsasən, ilk neftin əldə olunması 2008-ci ilin ortalarında gözlənilirdi. Son nəticədə bu layihənin işlənməsi ümumilikdə "Azəri-Çıraq-Günəşli" yataqlarından gündəlik 1 milyon barreldən (ildə 50 milyon ton) artıq neft çıxarılmasına imkan yaratdı.

Eyni zamanda, Səngəçalda inşa edilmiş terminal dünyada bu qəbildən olan ən böyük terminallardan birinə çevrildi. Bu terminalın genişləndirilməsi nəticəsində gün ərzində burada 1,2 milyon barrel xam neftin saxlanılmasına və texniki emal olunmasına imkan yarandı.

Neft və qaz sənayesində 90-cı illərin ən böyük nailiyyətlərindən biri Prezident Heydər Əliyevin bu sahədə atdığı qətiyyətli addımlar nəticəsində neft və qaz təsərrüfatının dağılmasının qarşısının alınması idi, - deyən sənaye və energetika naziri bildirmişdir ki, əgər 1996-cı ildən 1998-ci ilə kimi neft hasilatı stabil səviyyədə qalaraq 9,1 milyon ton olmuşdursa, 1999-cu ildən başlayaraq neftin hasilatı artmışdır və 2001-ci ildə respublikamızda 14,9 milyon ton neft çıxarılmışdır. 2002-ci ildə neft hasilatı 15,2 milyon ton, 2003-cü ildə isə 15,38 milyon tona qədər artmışdır. 2000-2003-cü illərdə neftçilər tərəfindən dövlət tapşırıqları tamamilə yerinə yetirilmişdir, neft hasilatında artım müşahidə olunmuşdur.

Energetika sahəsində dövlət səviyyəsində görülən işlərdən də bəhs edən nazir sonda 2003-cü ildən etibarən Prezident İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətini və neft strategiyasını Azərbaycanın müstəqilliyi və rifahı naminə uğurla davam etdirdiyini və ölkəmizi yeni nailiyyətlərə doğru apardığını vurğulamışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək aqrar sahədə dövlət siyasətindən danışmışdır. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri dövlətçilik tariximizin ən parlaq və şərəfli dövrü adlandıran A.Əmiraslanov bildirmişdir ki, bu dövrün siyasi-iqtisadi aspektlərinin öyrənilməsi aktuallığını hər zaman saxlayacaqdır. Ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində dövlət quruculuğu ilə iqtisadi quruculuq bir-birini tamamlamışdır. "İqtisadiyyatı qüdrətli olan dövlət hər şeyə qadirdir" deyən Heydər Əliyev milli iqtisadiyyatın formalaşdırılmasında da yorulmaz səylər göstərmişdir. İqtisadi quruculuq üçün əlverişli şəraitin yaradılmasını vacib bilən ulu öndər ictimai-siyasi sabitliyin təmin edilməsi, islahatlar prosesinə ardıcıl siyasi dəstəyin, liberal iqtisadiyyata konstitusion təminatın verilməsi, dövlət nəzarət sistemində köklü dəyişiklər, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, neft müqavilələrinin imzalanması, xarici investisiyaların cəlb edilməsi və aqrar sahədə radikal islahatların aparılması istiqamətində də əməli addımlar atmışdır.

Heydər Əliyev aqrar sahədə islahatların həyata keçirilməsində böyük təcrübəyə malik idi. Belə ki, o, bitkiçiliyin bütün istiqamətləri, istehsal həcmi, əkin sahəsi, məhsuldarlıq göstəriciləri ilə yaxından məşğul olurdu.

Ulu öndərin bu sahədə həyata keçirdiyi islahatlardan danışan A.Əmiraslanov qeyd etmişdir ki, aqrar islahatları şərtləndirən əsas amillər aqrar potensialın tamamilə itirilməsi təhlükəsi, bu sektorda tənəzzülün dərinləşməsi, hasilat sənayesində dönüşün hələ baş vermədiyi dövrdə aqrar sahənin vacibliyi, ictimai təsərrüfatların özünü doğrultmaması, kənd təsərrüfatında maddi maraq və məsuliyyət hissinin azalması idi. Bu sahədə reallaşdırılan tədbirlər, həyata keçirilən layihələr bu gün ölkəmizin inkişafına əlavə güc verməkdədir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla aparılır və əldə olunan nəticələr də bir daha deməyə əsas verir ki, müstəqillik illərində Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsinin təməli məhz ulu öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar olmuşdur.

Respublikamızın müstəqilliyinin ilk illərində reallaşdırılan sığorta-pensiya sisteminin inkişaf mərhələləri barədə ətraflı məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, 2001-2005-ci illərdə həyata keçirilən pensiya islahatı konsepsiyasının maliyyə dayaqlarının yaradılması, fərdi uçot sisteminin tətbiqinə başlanılması, pensiyaların fərdi hesablarda şərti olaraq yığılmış vəsaitlər əsasında hesablanması, pensiya sisteminin əhali üçün aydın və şəffaf olmasının təmin edilməsi, sığorta-pensiya sisteminin vahid orqan tərəfindən idarə olunmasının təmin edilməsi olduğunu vurğulamışdır.

Ulu öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində uğurlu nəticələr əldə edildiyini deyən S.Müslümov illər üzrə ayrı-ayrılıqda bu sahədə görülən işləri və əldə olunan nəticələri açıqlamışdır. Qeyd olunmuşdur ki, ötən illər ərzində hazırlanan əlverişli zəmin 2004-cü ildə pensiya və müavinətlərin avtomatlaşdırılmış qaydada plastik kartlarla ödənilməsi sisteminə keçilməsinə imkan vermişdir. 2005-ci ildə zəruri fiskal tədbirlərdən biri kimi sosial sığorta haqlarının dərəcəsi işəgötürənlər üzrə 5 bənd aşağı salınaraq 27 faizdən 22 faizə endirilmişdi. Fərdi uçotun və informasiya texnologiyalarının bütün ölkə ərazisində tam tətbiqi üçün hazırlıq işləri başa çatdırılmış, bununla da ölkədə sosial sığorta haqqının fərdi uçotuna əsaslanan yeni pensiya sisteminin işləməsi üçün zəruri infrastruktur yaradılmışdı.

Pensiya təyinatının avtomatlaşdırılması sahəsində hazırda 2006-cı ildən sonrakı dövr üzrə pensiyaların sığorta hissəsinin fərdi uçot məlumatları əsasında təyini aparılır və həmin ildən əvvəlki dövrə aid iş stajlarının toplanması davam etdirilir. Hazırda pensiya ödənişi aparılan pensiyaçıların 99 faizinin pensiyasının avtomatlaşdırılmış qaydada plastik kartlarla ödənilməsi təmin olunmuşdur.

Respublikamızda turizm sektorunun inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətini xüsusi qeyd edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ötən illər ərzində görülən işlərin bu sahənin dirçəldilməsinə əlverişli zəmin yaratdığını bildirmişdir.

N.Səmədov demişdir ki, son illərdə turizm sahəsində keçirilən islahatlar və turizm sektoruna dövlət tərəfindən göstərilən qayğı nəticəsində bu sahədə müsbət dinamika və inkişaf müşahidə olunmaqdadır. Son beş il ərzində Azərbaycana səfər edən turistlərin sayının və daxili turizmdən istifadə edən ölkə vətəndaşlarının sayının bir neçə dəfə artması turizmin ölkə iqtisadiyyatında əsas fəaliyyət növlərindən biri kimi böyük potensiala malik olduğunu göstərir.

Ulu öndərin məqsədyönlü və dinamik inkişaf siyasətinin nəticəsi kimi, regionlarda da bütün sahələr üzrə inkişafın təmin edilməsi turizmə də öz müsbət təsirini göstərmişdir. Regionların inkişafı nəticəsində məşğulluğun artması, orta və kiçik sahibkarlığın inkişafı, həmçinin turizmin inkişafına göstərilən dövlət dəstəyi hesabına turizm sahəsində də yeni iş yerləri yaranmışdır.

Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsini bu sektorun inkişafına yeni təkan kimi qiymətləndirən N.Səmədov bildirmişdir ki, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2001-ci ildə 69, 2006-cı ildə isə 288 olmuşdur. Ötən ilin statistik göstəricilərinə əsasən belə obyektlərin sayı təqribən 520, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 32 min təşkil etmişdir. Bu mehmanxanalarda 6 min 150 nəfər işçi fəaliyyət göstərir.

Konfransın sonunda moderator B.Sadıqov çıxış edərək müstəqilliyinin 21 ili ərzində Azərbaycanın çox möhtəşəm uğurlara imza atdığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ölkəmiz Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş, dünyada sürətli iqtisadi inkişafı, rəqabətədavamlılığı, yüksək kredit reytinqi ilə fərqlənir. Bütün bunlar ulu öndər Heydər Əliyevin formalaşdırdığı siyasi kursun real bəhrələridir. Həmin kursu bu gün Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Azərbaycan xalqı bu siyasəti və siyasi kursu ürəkdən bəyənir və daim dəstəkləyir. Əminik ki, bu il keçiriləcək prezident seçkilərində də vətəndaşlarımız ulu öndər Heydər Əliyev siyasi xəttinə səs verəcək və bu inkişafın davamlılığını bir daha təmin edəcəkdir.

 

 

Azərbaycan.-2013.- 14 mart.- S.4.