Bakı Biznes Universitetinin yaranmasının 20 illik yubileyi təntənə ilə qeyd edildi

 

Bu gün iqtisadi inkişaf tempinə görə dünyada liderlər sırasında olan Azərbaycan dövləti insan kapitalının formalaşmasını bir məqsəd kimi qarşısına qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi önəm verir. Dövlətin apardığı ardıcıl və məqsədyönlü işlər nəticəsində yalnız son 10 ildə ölkəmizdə 2500-dən çox yeni məktəb binası tikilmiş və bərpa edilmişdir.

Bazar iqtisadiyyatı münasibətləri inkişaf etdikcə ölkəmizdə yeni tipli təhsil ocaqlarının yaradılmasına və inkişafına da böyük önəm verilir. Belə ali məktəblərdən biri də Bakı Biznes Universitetidir.

Dünən Bakı Biznes Universitetinin yaranmasının 20 illik yubileyi təntənə ilə qeyd edildi. Yubiley tədbiri iki əlamətdar hadisə ilə diqqəti cəlb etdi: ulu öndər Heydər Əliyevin yeni büstünün və müasir tələblərə cavab verən elektron kitabxananın açılışı ilə başlanması. Yubiley tədbirinə Milli Məclisin deputatları, 11 ölkədən, o cümlədən Türkiyə, Rusiya, Ukrayna, Polşa, Litva, Gürcüstandan gəlmiş qonaqlar qatılmışdılar.

Tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu Novruzov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti Arif Haşımov, Metropolitenin rəisi Tağı Əhmədov və digər iştirakçılar öz təbriklərini universitetin kollektivinə çatdırdılar. Təbrik çıxışlarında qeyd olundu ki, sahəsi ümumilikdə 10.200 kvadratmetr olan ən müasir tipli beynəlxalq standartlara uyğun üç tədris korpusuna malik olan universitet son 10 il ərzində maddi-texniki bazasını daha da genişləndirmiş, müasir texniki vəsaitlə təchiz olunmuş linqafon otaqları, kompyuter kabinetləri, ixtisas laboratoriyaları, idman kompleksi və akt zalı professor-müəllim və tələbə kontingentinin ixtiyarına verilmişdir. Universitetin 20 illik yubileyi ərəfəsində ümumilikdə 450 çap vərəqi həcmində 26 kitab, o cümlədən 5 dərslik, 6 dərs vəsaiti, 9 monoqrafiya, 6 metodik vəsait nəşr edilmişdir. Bu, çox yüksək göstəricidir. Universitetin kadr potensialını artırmaq üçün son 10 ildə 6 elmlər doktoru, 21 iqtisad üzrə fəlsəfə doktoru  yetirilmişdir.

 

 

Valeh CƏFƏROV

 

Azərbaycan.-2013.- 14 mart.- S.7.