Qafqaz Müsəlmanları İdarəsində «Axundimamlar üçün xütbə nümunələri» kitabının təqdimatı olmuşdur

 

Martın 13-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) "Axund və imamlar üçün xütbə  nümunələri" kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, kitabın müqəddiməsinin müəllifi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam, tarix elmləri doktoru, professor Hacı Allahşükür Paşazadə nəşr üzərində aparılan işdən danışmışdır.

Müqəddimədə deyilir ki, cəmiyyətin mənəviyyatının əsasını təşkil edən İlahi Qanun - din onun formalaşmasında böyük rol oynayır. İnsanlar dinin əsasları ilə adətən məscidlərdə tanış olurlar. Heç şübhəsiz, minbər elə bir kafedradır ki, din xadimləri buradan öz xütbələrini oxuyub möminlərlə mənəvi ünsiyyət saxlaya bilirlər.  Müasir dövr dinin və dünyəvi elmlərin əsasları, öz ölkəsinin tarixi ilə bağlı dərin elmi biliklər tələb edir. Lakin bəzən məscidlərdə kifayət qədər dolğun olmayan eyni moizələr təkrar-təkrar oxunur.

Bu baxımdan tövsiyə edilən xütbələr məcmuəsindən ibarət olan yeni nəşr axund və imamların işinə əhəmiyyətli kömək olacaqdır.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov , QMİ sədrinin müavinləri  - İslam Universitetinin rektoru Hacı Sabir, Hacı Salman və başqaları din xadimlərinin fəaliyyəti üçün belə nəşrlərin böyük əhəmiyyət daşıdığını vurğulamışlar.

Məcmuəyə 52 xütbə daxildir. Xütbələrdə islamın bütün əsas ayinlərindən və əxlaq qaydalarından danışılır. Ayrıca bir fəsildə  Məhəmməd Peyğəmbərin (S), onun silahdaşlarının, imamların həyat və fəaliyyəti haqqında məlumat, habelə tariximizə dair materiallar, ümummilli lider Heydər Əliyevin "Qafqazda islam sivilizasiyası" mövzusunda çıxışı, Şah İsmayıl və səfəvilər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin ağır nəticələri və s. haqqında qısa məlumatlar yer almışdır.

Kitabın sonunda əhəmiyyətli dini və tarixi hadisələrin təqvimi verilmişdir.

Nəşrin rəyçisi akademik Vasim Məmmədəliyev, elmi redaktorları Elçin Əsgərov, ilahiyyat doktoru Hacı Mirəziz Seyidzadədir.

 

 

Azərbaycan.-2013.- 14 mart.- S.7.