Rumıniya Azərbaycana istənilən məsələdə dəstək verməyə hazırdır

 

Azərbaycanda səfərdə olan Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea martın 14-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

O.Əsədov demişdir ki, Azərbaycan ilə Rumıniya arasındakı dostluq münasibətlərinin qədim tarixi vardır. Müstəqilliyimizin bərpasından sonra əlaqələrimiz yeni müstəvidə inkişaf etməyə başlamış, dövlətlərimizin başçılarının səyi nəticəsində münasibətlərimiz sadə əməkdaşlıqdan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri, keçirilən yüksək səviyyəli görüşlər zamanı ölkələrimiz arasında 55-dən çox sənəd imzalanmış, daha  5 sənəd isə imzalanma mərhələsindədir. İnanırıq ki, sizin bu ilk rəsmi səfəriniz ölkələrimiz arasında əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır.

Qeyd olunmuşdur ki, bu gün iqtisadi əlaqələrimiz də uğurla inkişaf edir. Azərbaycan Rumıniyaya xam neft ixrac edir, gələcəkdə isə təbii qazın ixracında maraqlıdır. Bu səbəbdən AGRİ layihəsinin reallaşmasına böyük önəm verir. Bu gün hər iki ölkənin Nabukko, TANAP kimi layihələri dəstəkləməsi iqtisadi sahədə əməkdaşlığımızın genişlənməsində mühüm əhəmiyyət kəsb edir.

O.Əsədov dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş, dostluq qruplarının fəaliyyətini, deputatlarımızın beynəlxalq təşkilatlardakı əməkdaşlığını yüksək qiymətləndirmişdir.

Milli Məclisin Sədri Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermiş, bu ilin əvvəllərində Rumıniya parlamentində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, xüsusən də Xocalı soyqırımının pislənməsinə dair bəyanatını yüksək qiymətləndirmişdir.

Valeriu Zqonea demişdir ki, Rumıniya Azərbaycana istənilən məsələdə dəstək verməyə hazırdır. Bu gün Rumıniya Avropada Azərbaycanın ən etibarlı tərəfdaşıdır. Rəsmi Buxarest əlaqələrimizin hərtərəfli inkişafında maraqlıdır: "Əmin olun ki, Rumıniya Avropada Azərbaycanın bir nömrəli strateji tərəfdaşıdır. Bizim xalqlarımız da eyni tarixi anları yaşayıblar. Dostluq əlaqələrimizin qədim tarixi vardır. İnanırıq ki, bu səfərimiz çərçivəsində apardığımız danışıqlar əlaqələrimizin bütün sahələrdə daha da inkişafına təkan verəcəkdir".

Qonaq demişdir ki, Rumıniyada Azərbaycan sərmayədarları üçün əlverişli şərait vardır və azərbaycanlı iş adamları bütün sahələrə investisiya yatıra bilərlər.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişaf perspektivləri, deputatların qarşılıqlı səfərlərinin, qanunverici orqanlar arasında təcrübə mübadiləsinin əhəmiyyəti və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 15 mart.- S.1.