Azərbaycan nümayəndə heyəti Kaliforniyada yüksək səviyyəli görüşlər keçirmişdir

 

Kaliforniya Senatının dəvəti ilə bu ştatın paytaxtı Sakramento şəhərində rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyəti qanunvericiicraedici orqanların yüksək vəzifəli təmsilçiləri ilə görüşlər keçirmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi, deputatlar Asim Mollazadə, Sevinc Fətəliyeva və Sahibə Qafarovanın, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədovun və Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin daxili olduğu nümayəndə heyəti Kalforniya Senatının sədri Dərrel Staynberq ilə görüşmüşdür. D.Staynberq Azərbaycanın mürəkkəb bir bölgədə ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olmasını yüksək qiymətləndirdiyini bildirmişdir. Azərbaycanın iqtisadi cəhətdən regionun ən inkişaf etmiş dövlətlərindən biri olduğunu vurğulayan Senatın sədri Kaliforniya ilə Azərbaycan arasında münasibətlərin daha da gücləndirilməsinin qarşılıqlı faydalı xarakter daşıdığını diqqətə çatdırmışdır.

Səməd Seyidov Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərindən danışaraq bu əlaqələrin hər iki dövlətin və xalqın maraqlarına cavab verdiyini qeyd etmişdir. Azərbaycanın Kaliforniya ilə əlaqələrinin daha da genişləndirilməsi əzmində olduğunu bildirən S.Seyidov bu səpkidə Milli Məclis ilə Kaliforniya Senatı arasında əməkdaşlığın və qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsinin ikitərəfli əlaqələrə mühüm töhfə verdiyini bildirmişdir.

Azərbaycan nümayəndə heyəti Kaliforniya Senatının Respublikaçılar fraksiyasının rəhbəri Bob Haff ilə də görüşmüşdür. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən Kaliforniya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılmışdır.

B.Haff 2011-ci ildə Azərbaycana etdiyi səfərin onda xoş təəssüratlar yaratdığını bildirmişdir.

Kaliforniya qanunvericilik orqanının aşağı palatası olan Ştat Assambleyasının Respublikaçılar fraksiyasının rəhbəri Konni Konvey ilə keçirilən görüşdə isə müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi sürətli inkişaf yolu, müxtəlif sahələrdə əldə olunan nailiyyətlər, ölkəmizin güclü etnikdini dözümlülük ənənələri, Azərbaycan-ABŞ münasibətləri və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

K.Konvey Azərbaycanın ABŞ-ın yaxın dostu və müttəfiqi olmasından məmnunluğunu bildirmişdir.

Azərbaycan nümayəndə heyətinin daha bir görüşü Kaliforniyanın ərzaq və kənd təsərrüfatı nazirinin müavini Sandra Şubert ilə olmuşdur.

Görüşdə Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan məqsədyönlü islahatlar və əldə olunan nailiyyətlər, Azərbaycan-ABŞ ticari-iqtisadi münasibətləri, Azərbaycan kənd təsərrüfatı məhsullarının Kaliforniyaya idxalı, həmçinin kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi imkanları ətrafında müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, hazırda Azərbaycandan Kaliforniyaya nar şirəsi və narşərab kimi məhsullar idxal olunmaqdadır və digər ərzaq və kənd təsərrüfatı məhsullarının da idxalı üçün geniş imkanlar mövcuddur.

Kaliforniya xarici iqtisadi əlaqələr nazirinin müavinləri Xorxe Xaramiyyo və Pol Oliva ilə keçirilən görüşdə Azərbaycanın hazırkı iqtisadi inkişafı, artmaqda olan sərmayə imkanları, müxtəlif ölkələrdə həyata keçirdiyi irimiqyaslı investisiya layihələri, "Boeing" və "Orbital Sciences Corporation" kimi ABŞ şirkətləri ilə əməkdaşlıq nəticəsində ABŞ-da minlərlə yeni iş yerinin yaradılması, eləcə də Azərbaycan ilə Kaliforniya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.

 

 

Yusif BABANLI,

AzərTAc

Vaşinqton

 

Azərbaycan.-2013.- 15 mart.- S.4.