Şərəfli həyat yolu

 

Azərbaycan tibb elmində seçilən alimlər çoxdur. Bu insanlar geniş və zəngin fəaliyyətləri, heyrətamiz əməlləri, xeyirxahlıqları, qeyri-adi proqnozları, duyumları, səmimiyyətləri ilə minlərin, milyonların hörmətini və məhəbbətini qazanır, zirvələrə ucalırlar.

Azərbaycan tibb elminin inkişafında böyük xidmətlər göstərən dünya şöhrətli alimlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, əməkdar elm xadimi, professor Rəhim Nurməmməd oğlu Rəhi-movdur. R.Rəhimov nəcib keyfiyyətləri xarakterində yaşadan böyük ziyalılarımızdandır. Görkəmli alim Azərbaycan səhiyyəsinin tərəqqisinə mühüm töhfələr vermiş, bütün səyini, bilik və bacarığını tibb elminin inkişafına yönəltmişdir.

2013-cü il martın 18-də AMEA-nın akademiki Rəhim Nurməmməd oğlu Rəhimovun anadan olmasının 90, həkimlik, elmiictimai fəaliyyətinin 58 illiyi tamam olur. Görkəmli alim, rentgenoloq-klinisist, təcrübəli səhiyyə təşkilatçısı akademik R.Rəhimov respublikamızda və xaricdə tibb sahəsində tanınmış elm xadimləri arasında layiqli yer tutur.

R.Rəhimov şüa diaqnostikasında perspektivli sahə sayılan bədxassəli şişlər, xora xəstəlikləri və bir sıra digər patoloji hallarda həzm sisteminin selikli qişasının ''arxitekturasının'' öyrənilməsinin əsasını qoymuşdur. Onun tərəfindən yoğun bağırsağın bir sıra xəstəliklərinin rentgen-morfoloji əlamətləri işlənilərək praktikaya tətbiq edilmişdir. Bu tədqiqatların nəticəsi kimi müəllif tərəfindən yeni metod olan ''yoğun bağırsağın üçqat kontrastlaşdırma metodu'' işlənib hazırlanmışdır. R.Rəhimovun tədqiqatlarının və əldə etdiyi nəticələrin birinciliyi, aktuallığı, yüksək effektivliyi vətənimizin, eləcə də xarici dövlətlərin (Yaponiya, Almaniya, İtaliyab.) elmi tibbi ictimaiyyəti tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. Böyük nüfuza malik alimlərin fikirlərinə görə, R.Rəhimov tərəfindən təklif edilmiş üsul dünya təcrübəsində analoqu olmayan üsuldur ki, mahiyyət etibarilə onun rentgenologiyada yeni səhifə açdığı xüsusi vurğulanır. Bununla əlaqədar akademik Rəhim Rəhimov tərəfindən işlənib hazırlanmış metod rəsmi olaraq yoğun bağırsağın müxtəlif xəstəlikləri zamanı yüksək informativ diaqnostika metodu kimi geniş tətbiq olunmuşdur.

Akademik R.Rəhimov mədə-bağırsaq sistemi və ağciyərlərin bəd və xoş xassəli şişlərinin erkən diaqnostikasına və differensial diaqnostikanın incəliklərinə həsr olunmuş 250-dən artıq elmi məqalənin müəllifidir. Alim iki ixtiranın müəllifidir. Onun 12 səmərələşdirici təklifi respublikamızda və MDB dövlətlərinin müalicə idarələrinin rentgenoloji şöbələrində tətbiq edilərək geniş istifadə olunmaqdadır. Akademikin rəhbərliyi altında 7 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir.

R.Rəhimov elmi fəaliyyətinin 58 ildən çoxunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində keçirərək aspirantlıqdan akademikliyə qədər şərəfli bir yol qət etmişdir.

1974-cü ildə akademik Onkoloji Mərkəzə direktor vəzifəsinə təyin edilmişdir. Bu müddət ərzində alimin parlaq tibb elmi  səhiyyə təşkilatçısı kimi yüksək bacarığı özünü büruzə vermişdir. Bu dövrdə Onkoloji Mərkəzdə ilk növbədə bədxassəli şişlərin diaqnostikası və müalicəsi işində yüksək nəticələr əldə etməyə imkan verən bir sıra mühüm təşkilati-struktur dəyişiklikləri aparılmışdır. Bir neçə il ərzində institutun kliniki bazası iki dəfədən çox artmışdır. Belə ki, 1980-ci ildə mərkəzin çarpayı fondu 300-ə çatmışdır. İnstitutda bədxassəli şişlərin ən müasir diaqnostikası və müalicəsi işi yaradılmışdır. Bu müalicə üsullarının regionlarda fəaliyyət göstərən onkoloji dispanserlərə tətbiqinə böyük diqqət yetirilmişdir. 

Mərkəzin elmipraktiki onkologiya sahəsində daim artmaqda olan fəaliyyətini nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən MOM-a respublikamızda xərçəngin öyrənilməsi sahəsində baş idarə funksiyası həvalə edilmişdir.

Akademik R.Rəhimov böyük bacarıq və uzaqgörənliklə Onkoloji Mərkəzdə bir çox islahatlar aparmışdır. Bu da mərkəzin bütün fəaliyyət növlərinin intensivləşməsinə elmi-tədqiqat, təşkilati-metodik, eləcə də elmi kadrların və yüksək ixtisaslı praktik həkimlərin hazırlanmasına gətirib çıxarmışdır. Ötən illər ərzində respublika miqyasında süd vəzisi və ağciyər xərçənginin erkən diaqnostikası üzrə skrininq proqramları işlənərək həyata keçirilmişdir. Öz növbəsində, bu, Azərbaycanda gecikmiş halda xərçəng xəstəliyinin sayının xeyli azalmasına səbəb olmuşdur. Bununla yanaşı, kompleks müalicə metodları və süd vəzisi xərçəngi olan xəstələrin reabilitasiyası, orqan qoruyucu tibbi əməliyyatlar tətbiq edilmişdir. Mərkəzdə xərçəng əleyhinə yeni preparatların əldə edilməsinə dair perspektivli araşdırmalarla bağlı məqalələrin dərc olunmasına başlanmışdır.

Bu dövrdə akademik R.Rəhimov əsas diqqəti elmi kadr hazırlığına yönəltmişdir. Bu məqsədlə tibb institutunun əlaçı məzunları arasında müsabiqə yolu ilə seçilən gənclər SSRİ-nin bir sıra  qabaqcıl onkoloji mərkəzlərinə  (Moskva, Sankt-Peterburq, Obninskb.) təhsillərini davam etdirmək üçün göndərilmişlər. Nəticə etibarilə onlar hazırda mərkəzin kollektivinin əsasını təşkil etməklə yanaşı, Azərbaycanda onkologiya sahəsində elmi-tədqiqat işlərini də uğurla davam etdirirlər.

Akademik R.N.Rəhimovun böyük elmi nüfuzu sayəsində ötən əsrin 80-ci illərinin sonundan etibarən mərkəzin beynəlxalq elm aləmindəki şöhrəti sürətlə artmağa başlayır. Keçmiş SSRİ və bir sıra xarici dövlətlərlə elmi əlaqələr genişlənir. Görkəmli alimin bilavasitə iştirakı ilə mərkəz N.N.Bloxin adına Rusiya TEA-nın Onkoloji Elmi Mərkəzi, Zaqafqaziya, Ukrayna, Özbəkistan və digər MDB ölkələri onkoloqları ilə sıx elmi əməkdaşlıq davam etdirilir.

Ənənəvi olaraq akademik R.Rəhimov Zaqafqaziya respublikaları onkoloqlarının, demək olar ki, bütün konfranslarının və xərçəng əleyhinə mübarizənin təşkili probleminə  həsr olunmuş səyyar sessiyaların fəal təşkilatçılarındandır.

Alim 15 il ərzində əvəzsiz olaraq respublika rentgenoloqlar, radioloqların elmi-tibbi cəmiyyətinin sədri, onkologiyaşüa diaqnostikası, şüa terapiyası ixtisasları üzrə mərkəzin nəzdində olan namizədlik dissertasiyası müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın sədri olmuşdur. 1970-ci ildən o, "Vestnik rentqenoloqii i radioloqii" (Moskva), "Voprosı onkoloqii" (Sankt-Peterburq), "Azərbaycan tibb jurnalı"nın redaksiya heyətinin üzvü seçilmişdir.

Akademik R.Rəhimovun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin yaradılmasına verdiyi töhfələr əvvəzolunmazdır. Bu gün Milli Onkologiya Mərkəzi əldə etdiyi böyük elmi potensialmüasir maddi-texniki təchizat sahəsində respublika əhalisinə, ümumilikdə xəstələrə ixtisaslaşmış onkoloji xidmətin, profilaktika işininelmi-metodik təcrübənin  koordinasiyasını üzərinə götürmüş baş tibb müəssisəsinin vəzifələrini icra edir.

Akademik R.Rəhimovun xidmətləri dövlət tərəfindən bir çox mükafatlarla - "Şərəf nişanı", "Rəşadətli əməyə görə" ordenləri, "SSRİ Səhiyyə əlaçısı", "Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti" nişanları ilə qiymətləndirilmişdir. Azərbaycan hökuməti tərəfindən görkəmli alimin məhsuldar əməyi yüksək dəyərləndirilmiş və o, əməkdar elm xadimi kimi şərəfli ada layiq görülmüşdür.

Akademik Rəhim Rəhimovun yubileyi yaradıcılığının daha da zənginləşdiyi bir dövrə təsadüf edir. Belə alimlər elm üçün təşnədirlər, bütün ömürləri boyu öy-rənməyə, öyrətməyə, öz sahələrində hər şeyi mənimsəməyə, ən sonuncu suala qədər çözməyə, araşdırmağa can atırlar. Hər bir kəs həyatda belə bir bütöv şəx-siyyətin varlığına sevinir: sadə, təvazökar və iddiasız...E Görkəmli alimin elmdən aldığı zövq, mənəvi həzz təkrarsız və əvəzolunmazdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin kollektivi görkəmli alimi 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, çoxşaxəli elmi və ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

 

 

Cəmil ƏLİYEV,

Azərbaycan Respublikası Səhiyyə

Nazirliyinin Milli Onkologiya Mərkəzinin

baş direktoru, akademik

 

Azərbaycan.-2013.- 15 mart.- S.7.