Əməkdar elm xadimi, təcrübəli səhiyyə təşkilatçısı akademik Rəhim Rəhimovun anadan olmasının 90 illik yubileyi qeyd olunmuşdur

 

Respublika Milli Onkologiya Mərkəzində əməkdar elm xadimi, onkologiya sahəsində görkəmli alim, təcrübəli səhiyyə təşkilatçısı, akademik Rəhim Rəhimovun anadan olmasının 90 illik yubileyi qeyd olunmuşdur.

AzərTAc xəbər verir ki, Respublika Milli Onkologiya Mərkəzi direktorunun müavini Rasim Cəfərov akademikin elmi fəaliyyəti barədə qısa məlumat vermiş, mərkəzin direktoru, akademik Cəmil Əliyevin təbrikini çatdırmışdır. Bildirmişdir ki, R.Rəhimov elmi fəaliyyətinin 55 ildən çoxunu bu sahəyə həsr etmiş, aspirantdan akademikə qədər şərəfli həyat yolu keçmişdir. O, alimin bir həkim kimi qayğıkeşliyindən, xeyirxahlığından  söhbət açaraq onun insani keyfiyyətlərini yüksək qiymətləndirmişdir.

Digər çıxışçılar da R.Rəhimovu 90 illik yubileyi münasibətilə təbrik etmişlər. Qeyd olunmuşdur ki, R.Rəhimovun rəhbərliyi ilə təxminən 50 il ərzində həzm sistemi orqanlarının və ağciyər patologiyalarının rengenoloji, klinikimorfoloji xüsusiyyətlərinin öyrənilməsinə dair əsaslı tədqiqatlar aparılmışdır. Bu tədqiqatların nəticəsi kimi 1958-ci ildə o namizədlik dissertasiyasını, mədə-bağırsaq sisteminin bədxassəli şişlərinin rengenoloji differensial diaqnostikası üsullarının işlənib hazırlanması və təkmilləşdirilməsi ilə bağlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Alim şüa diaqnostikasında perspektivli sahə sayılan bədxassəli şişlər, xora xəstəlikləri və digər patoloji hallarda həzm sistemi orqanlarının selikli qişasının arxitekturasının öyrənilməsinin əsasını qoymuş  bu sahəyə həsr olunmuş 145-dən çox elmi məqalənin, iki ixtiranın müəllifidir.

Akademikin Onkoloji Mərkəzə rəhbərlik etdiyi illər ərzində buranın əməkdaşları 20-dən artıq ixtiraya müəlliflik şəhadətnaməsi almışlar. Azərbaycanda, keçmiş SSRİ-nin respublikalarında, Avropa, AsiyaAmerika ölkələrində 50-dən artıq monoqrafiya və mindən artıq elmi məqalə çap olunmuşdur.

Sonda çıxış edən akademik R.Rəhimov ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.-2013.- 15 mart.- S.7.