Polina DESSİYATNİÇENKO: Azərbaycanda muğama göstərilən yüksək səviyyəli diqqət və qayğıya dünyanın heç bir yerində rast gəlməmişəm

 

Azərbaycanda muğama göstərilən yüksək səviyyəli diqqət və qayğıya dünyanın heç bir yerində rast gəlməmişəm. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu diqqəti qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir.

AzərTAc xəbər verir ki, bu sözləri "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Bakıda "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda keçirilən Beynəlxalq elmi simpoziumunun iştirakçısı,  Kanadanın Toronto Universitetinin elmi işçisi Polina Dessiyatniçenko söyləmişdir.

Festivalın əhəmiyyətindən danışan P.Dessiyatniçenko tədbirin mədəniyyətlərarası dialoqun inkişafında müstəsna rol oynayacağını əminliklə qeyd etmişdir. Qonaq həmçinin bu festivalın onun gələcəkdə yazacağı dissertasiya işinə mühüm töhfə verəcəyini diqqətə çatdırmışdır.

P.Dessiyatniçenko festivaldan sonra daha bir neçə gün Azərbaycanda qalacağını və ölkəmizlə yaxından tanış olacağını bildirmişdir.

Qonaq Azərbaycanın milli özəlliklərini özündə əks etdirən xüsusi hədiyyələri özü ilə vətəninə aparacağını söyləmişdir.

 

 

Azərbaycan.-2013.- 15 mart.- S.7.