Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilmişdir

 

Martın 15-də Milli Məclisin növbəti iclası keçirilmişdir.

İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilmişdir.

Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanmışdır.

Hesabatda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, dövlət proqramlarının icrası vəziyyəti dolğun əks etdirilmişdir.

Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdıqdan sonra bu günlərdə avtomobil qəzasında dünyasını dəyişmiş deputat Hikmət Atayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Oqtay Əsədov demişdir ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 2012-ci ildə fəaliyyəti barədə hesabat verir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında baş verən dinamik dəyişikliklər Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda geniş əksini tapmışdır. Dünya iqtisadiyyatında tənəzzülün davam etməsinə baxmayaraq, ölkəmiz yüksək makroiqtisadi göstəricilər əldə etmiş, regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynamış, dövlət proqramlarını uğurla icra etmişdir.

Burada ən önəmli cəhət ümumi daxili məhsul istehsalında 2,2 faiz,  qeyri-neft sektorunda isə 9,7 faiz  artımın əldə edilməsidir. Bu o deməkdir ki, adambaşına ümumi daxili məhsulun həcmi 7,5 min dollara çatmışdır.

Azərbaycanın 2012-ci ildəki uğurları beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən yüksək dəyərləndirilmişdir. Bu, dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkəmizin nüfuzunu bir daha göstərir.

Ötən il sahibkarlığın inkişafı, qeyri-neft sektoruna investisiya qoyuluşları üçün əlverişli şərait yaradılması, qabaqcıl texnologiyaların tətbiqi yolu ilə dünya bazarlarına rəqabət qabiliyyətli məhsulların çıxarılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan amili potensialından daha dolğun istifadə olunması hökumətin fəaliyyətinin üstün istiqamətlərini təşkil etmişdir. Nazirlər Kabineti neft gəlirlərini və onlardan istifadənin şəffaflığını diqqət mərkəzində saxlamışdır. Dövlət Neft Fondunun gəlirləri 14,3 faiz artaraq, 2013-cü il yanvarın 1-nə 34 milyard dollardan çox olmuşdur. Bu vəsaitlərin müəyyən hissəsi beynəlxalq əhəmiyyətli və ölkə miqyaslı infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və Samur-Abşeron kanalının yenidən qurulması layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.

Biznes üçün yaradılan mühit böyük məbləğdə sərmayələrin əsas kapitala yönəldilməsini stimullaşdırmışdır. Ötən il ölkə iqtisadiyyatına 20,3 milyard manat (25,8 milyard dollar) investisiya yatırılmışdır. Bu, böyük rəqəmdir. Müqayisə üçün deyim ki, həmin məbləğ ötən ilin ümumi dövlət büdcəsinin xərclərini 3 milyard manatdan çox üstələyir.

Ötən il hökumətin fəaliyyətində önəmli məqamlardan biri genişmiqyaslı sənaye parklarının yaradılmasıdır. Bu işin davamı olaraq onu sürətləndirmək məqsədi ilə hökumət cari ildən əlverişli vergi güzəştlərinin tətbiqinə başlamış, işə cəlb olunan şirkətləri 7 il müddətinə əsas vergilərdən azad etmişdir. Başqa güzəştlər nəzərdə tutulmuşdur.

2012-ci ildə əhalinin rifah halının yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Nəticədə əhalinin hər nəfərinə düşən gəlirin məbləği 3,8 min manata çatmış, onun artım sürəti isə istehlak qiymətlərinin bahalaşmasını xeyli üstələmişdir. Ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşması yoxsulluq səviyyəsinin azalmasına təsirini göstərmiş bu göstərici 1,6 faiz azalaraq 6 faizə enmişdir.

Hökumətin illik hesabatlarının Milli Məclisdə müzakirəsi nazirliklərin digər dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin daha da yaxşılaşmasına, meydana çıxan problemlərin həllində deputatların yaxından iştirakına əlverişli şərait yaradır.

Hesab edirəm ki, deputatlar keçirdiyimiz müzakirədə fəallıq göstərəcək, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, mövcud nöqsanların aradan qaldırılmasına dair səmərəli təkliflər verəcəklər.    

Sonra Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatla çıxış etmişdir.

Sonra hökumətin hesabatı ilə əlaqədar müzakirələr başlanmışdır. Çıxış edən deputatlar ötən il Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr əldə olunduğunu, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirildiyini, əhalinin yaşayış səviyyəsinin getdikcə yüksəldiyini vurğulamışlar.

Bildirilmişdir ki, Azərbaycan iqtisadiyyatının inkişafından əldə olunan gəlirlər ölkənin təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə yönəldilir. Yeni müəssisələrin və iş yerlərinin əksəriyyətinin regionlarda açılması faktı diqqətəlayiq addımdır.

Çıxışlarda vurğulanmışdır ki, hökumətin hesabatında ölkə həyatının bütün sahələri əhatə edilmiş, əsas göstəricilər öz əksini tapmışdır.

Ötənilki müzakirələr zamanı deputatların səsləndirdikləri irad və təkliflərin nəzərə alınmasının müsbət hal olduğu bildirilmişdir.

Hökumətin qaçqınlar və məcburi köçkünlərlə bağlı gördüyü işlər də yüksək dəyərləndirilmişdir.

Ədliyyə naziri Fikrət Məmmədov iclasda məhkəmələrin işi ilə əlaqədar deputatların səsləndirdikləri fikirlərə, irəli sürdükləri təkliflərə münasibət bildirmiş, ölkədə məhkəmə-hüquq sahəsində həyata keçirilən intensiv islahatlar barədə məlumat vermişdir. Nazir demişdir ki, Azərbaycanda 2010-2011-ci ildə 20 yeni məhkəmə, o cümlədən 7 regional apelyasiya məhkəməsi yaradılmışdır. Bu yaxınlarda 4 yeni məhkəmə binası istifadəyə verilmişdir. Məhkəmələrin səlahiyyətləri, iqtisad məhkəmələri şəbəkələri genişlənmişdir. Hakimlərin məsuliyyətinin artırılması ilə bağlı xeyli tədbirlər görülmüş, hakimlərlə bağlı Avropa Şurası ilə birgə Azərbaycanda ədalətli, şəffaf  seçim qaydası tətbiq olunmuşdur.

Nazir demişdir ki, son illər məhkəmə hakimlərinin sayı 2 dəfə artırılmışdır.  Bu da işlərə daha tez baxılmasına təsir göstərmişdir. Hakimlərin əməkhaqları dəfələrlə artırılmışdır. İnzibati məhkəmələr iddiaların 75-80 faizini təmin etmişlər. Bu da onu göstərir ki, bu məhkəmələr iş adamlarının, vətəndaşların hüquqlarının keşiyində durur.

Bu gün ən layiqli hüquqşünasların hakim korpusunda təmin olunması üçün də mühüm işlər görülür. Ən şəffaf və obyektiv seçim qaydaları tətbiq olunur.

 Nazir onu da bildirmişdir ki, məhkəmə-hüquq sistemində islahatlar başa çatandan  sonra Andlı Məhkəməsi də tətbiq olunacaqdır. Çünki bu, konkret olaraq qanunda nəzərdə tutulmuşdur. Məhkəmə sistemi tam formalaşandan sonra bu məsələyə münasibət bildiriləcəkdir. Məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qanunlar qəbul edilib, hər 6 aydan bir icranın vəziyyəti haqqında dövlət başçısına hesabat təqdim edilir.

Sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edildi.

İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırmış və 2013-cü ildə ölkəmizə yeni-yeni uğurlar arzulamışdır.

Bununla da Milli Məclisin iclası başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 16 mart.- S.3.