Moskvada Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 57-ci iclası keçirilmişdir

 

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 57-ci iclası keçirilmişdir. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Görüşdə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyəti məsələlərinin geniş kompleksi müzakirə edilmişdir.

Bir sıra sənədlərin layihələri, o cümlədən MDB ölkələrinin 2020-ci ilədək dövr ərzində Dövlətlərarası innovasiya əməkdaşlıq proqramının dövlətlərarası pilot innovasiya layihələrinin Siyahısı, həmsərhəd ərazilərdə təbii yanğınların profilaktikası və söndürülməsi haqqında sazişlər, MDB İqtisadi Məhkəməsinin statusu haqqında sazişlər, 2013-2017-ci illərdə MDB ölkələrində radionaviqasiyanın inkişafı planının əsas istiqamətləri, "Radionaviqasiya" Dövlətlərarası Elmi İnformasiya Sistemi haqqında əsasnamələr, Hökumətlərarası Yol İşçiləri Şurasının Nizamnaməsinin yeni redaksiyası müzakirə edilmişdir.

Həmin sənədlərin layihələri bəyənilmişdir və baxılması üçün  2013-cü il mayın 31-də MDB Hökumət Başçıları Şurasına təqdim etmək barədə qərar qəbul edilmişdir.

İclas iştirakçıları MDB ölkələrinin 2020-ci ilədək dövr ərzində Dövlətlərarası innovasiya əməkdaşlıq proqramının, Birlik ölkələrinin həmsərhəd ərazilərdə əməkdaşlığı haqqında Konvensiyasının, Milli məlumat bazaların yaradılması və intellektual mülkiyyət sahəsində hüquq pozuntularının qabaqlanması və qarşısının alınması üzrə dövlətlərarası informasiya mübadiləsinin təşkili haqqında Konvensiyanın  2012-ci ildə icrasının gedişatı haqqında informasiya dinləmişlər.

İqtisadi Şuranın üzvlərinə rabitə sahəsində regional birliyin, atom enerjisindən dinc məqsədlərlə istifadə olunması üzrə MDB ölkələri Komissiyasının fəaliyyəti haqqında hesabatlar təqdim olunmuşdur.

İclasın gündəliyində reklam fəaliyyəti və MDB-nin sığorta xidmətləri bazarının inkişaf etdirilməsi məsələləri xüsusi yer tutmuşdur. İclasda Birlik ölkələrinin bu sahədə qazandıqları nailiyyətlər barədə ətraflı məlumat verilmişdir.

İclasda Rusiya Elmi Tədqiqat Atom Reaktorları İnstitutuna MDB ölkələrinin baza təşkilatı statusunun verilməsi məsələsi müzakirə olunmuş, dövlət maddi ehtiyat sistemlərinin elmi-texniki inkişafı, elmi-texniki informasiya sahəsində kadrların yenidən hazırlanmasının və ixtisasının artırılmasının  təşkili istiqamətində Birlik ölkələrinin baza təşkilatlarının fəaliyyəti təhlil edilmişdir. İclas iştirakçıları bəzi büdcə-maliyyə məsələlərini də müzakirə etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 16 mart.- S.3.