Ailə, qadın və uşaq problemlərinin həlli sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

Martın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə ailə, qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan-Pakistan əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən H.Hüseynova Azərbaycan dövlətinin siyasətində ailə, qadın, uşaq problemlərinin həllinin prioritet istiqamətlərdən biri olduğunu söyləmişdir.

Ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti haqqında geniş məlumat verən H.Hüseynova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qadınların sosial rolunun daha da artırılmasına, onların müxtəlif sahələrdə bərabərhüquqlu fəaliyyət imkanlarının genişləndirilməsinə, uşaq hüquqlarının tam həcmdə həyata keçirilməsinə və ailə dəyərlərinin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətini xüsusi vurğulamışdır. AQUPDK sədri müvafiq istiqamətlər üzrə xarici ölkələr, o cümlədən Pakistan ilə əməkdaşlığın inkişafının xüsusi əhəmiyyətini qeyd etmişdir.     

Pakistan Milli Assambleyasının deputatı, Milli Assambleyada Pakistan-Azərbaycan dostluq qrupunun üzvü Rabina Saadat Qaimxanı Azərbaycanda reallaşdırılan dövlət qadın siyasətini, habelə ailə və uşaq problemlərinin həlli sahəsində toplanmış təcrübəni yüksək qiymətləndirmişdir.

 

 

Azərbaycan.-2013.- 16 mart.- S.3.