Azərbaycanın aqrar sahədə Serbiya ilə əməkdaşlığı genişlənir

 

Martın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda "Azərbaycan Respublikası Hökuməti və Serbiya Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olunub.

Komitənin sədri Eldar İbrahimov bu qanun layihəsinin vacibliyindən danışıb. Qeyd edib ki, yeni saziş hər iki ölkə arasında kənd təssərrüfatı və heyvandarlıq sahəsində əlaqələri möhkəmləndirəcək. Heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin asanlaşdırılması, yoluxucu heyvan xəstəliklərinin və heyvan mənşəli təhlükəli məhsulların ölkəyə daxil olmasının qarşısının alınması məsələsində bu sənədin böyük rolu olacaq.

Serbiya ilə Azərbaycanın dostluq əlaqələrindən söz açan komitə sədri onu da vurğulayıb ki, belə bir qanunun olması hər iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, həmçinin baytarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilmsinə öz töhfəsini verəcək.

Sənəddə qeyd olunur ki, heyvanların və heyvan mənşəli məhsulların idxalı və tranziti yalnız məcburi baytarlıq-sanitariya tələbləri yerinə yetirildikdən və idxal edən ölkənin, həmçinin yükün dövlət ərazisindən tranzitlə keçəcəyi ölkənin səlahiyyətli orqanının əvvəlcədən razılığı alındıqdan sonra həyata keçiriləcəkdir. Tərəflərin səlahiyyətli orqanları yükləri Azərbaycana və Serbiyaya müşayiət edəcək beynəlxalq baytarlıq sertifikatının nümunələrini mübadilə edəcək və hər hansı dəyişiklik barədə bir-birinə xəbər verəcəklər.

Müzakirələr zamanı deputatlar qanun layihəsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu qanunun qəbulu həm insan amilinin, həm də heyvandarlığın, təbiətin qorunması üçün əhəmiyyətlidir.

Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

 Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 16 mart.- S.4.