Azərbaycan Mətbuat Şurasının yaradılmasının

10-cu ildönümü münasibətilə tədbir keçirilmişdir

 

Martın 15-də Azərbaycan Mətbuat Şurasının (AMŞ) on illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin, QHT-lərin rəhbərləri və təmsilçiləri, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra milli mətbuatımızın və Mətbuat Şurasının inkişaf tarixindən bəhs edən "Zamanla üz-üzə" filmi nümayiş etdirilmişdir.

Tədbiri açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mətbuat Şurasının on il əvvəl Azərbaycan mediasının ehtiyacından doğaraq yarandığını bildirmiş, ötən müddətdə onun ciddi fəaliyyət həyata keçirdiyini vurğulamış və bu gün azad media üçün lazımi institut kimi dəyərləndirmişdir. Bildirilmişdir ki, AMŞ fəaliyyətə başladığı gündən Azərbaycan mətbuatının 138 illik tarixi ərzində yaradılmış dəyərli nümunələri, ənənələri yaşatmaq istiqamətində ciddi aparmışdır.

Milli mətbuatımızın inkişaf tarixindən danışan Prezident Administrasiyasının şöbə müdiri hazırda Azərbaycan mediasının inkişafında üç əsas meylin müşahidə olunduğunu və onların önündə məhz AMŞ-nin dayandığını vurğulamışdır. Onlardan biri 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş azad sözazad media mühitinin inkişaf etdirilməsidir. 1998-ci il avqustun 6-da imzaladığı fərmana əsasən mətbuat üzərində bütün tənzimləyici mexanizmləri ləğv edən, senzuranı götürən ulu öndər Heydər Əliyev bugünkü azad media mühitinin təməlini qoymuşdur. Mətbuat Şurasının da yarandığı vaxtdan həyata keçirdiyi əsas fəaliyyətlərdən biri azad media mühiti dairəsinin getdikcə genişləndirilməsi, jurnalistlərin yaradıcı fəaliyyət mühitinin daha demokratikləşdirilməsi və plüralistləşdirilməsi olmuşdur.

Diqqətə çatdırılmışdır ki, AMŞ-nin həyata keçirdiyi ikinci əsas fəaliyyət jurnalist peşəkarlığının və jurnalistlərin məsuliyyətinin artırılması, jurnalist davranış normaları ilə Azərbaycan cəmiyyətinin mətbuata, azad sözə olan ehtiyacının uyğunlaşdırılmasıdır. Şura yaradıldığı 10 il müddətində bir günolsun bu istiqamətdə fəaliyyətini dayandırmamış, bacardığı qədər medianın digər qabaqcıl nümayəndələrindən, Azərbaycan media orqanlarının baş redaktorları, rəhbərləri və mediamızın veteranlarından istifadə edərək bu fəaliyyəti həyata keçirmişdir.

Qeyd olunmuşdur ki, şuranın fəaliyyətində üçüncü mühüm istiqamət isə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, Azərbaycan cəmiyyətində jurnalist nüfuzunun qorunması və inkişaf etdirilməsi, jurnalistlərin adına xələl gətirən qeyri-qanuni, mənfi hallardan xilas olunması sahəsində görülən işlərdir. Bəzən Mətbuat Şurasının fəaliyyətini tənqid edirlər ki, nəyə görə mediada monitorinqlər aparır? Nəyə görə Azərbaycan mediasında mənfi halları qabardıb komissiyalarda araşdırır, bəzi mətbuat orqanlarını "reket" adlandırır, onları ictimai qınağa çəkir? Əslində, bunlar Mətbuat Şurasının 10 ildə həyata keçirdiyi ən səmərəli, ən uğurlu işlərdən biridir. Jurnalistin nüfuzu, saf adı qorunmasa, onların adını ləkələyən kənar təsirlərdən təmizlənməsə Azərbaycan mediasının inkişafından danışa bilmərik.

Əli Həsənov bildirmişdir ki, 2003-cü ildən başlayaraq ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasının inkişafı sahəsində mühüm dövlət siyasəti həyata keçirilir. Təməli ulu öndərimiz tərəfindən qoyulmuş mətbuata qayğı, plüralist media mühitinin formalaşdırılması və mediamızın gözü ilə cəmiyyətin problemlərinin ortaya çıxarılması, müzakirəsi bu dövrdən başlayaraq həyata keçirilmişdir.

Şöbə müdiri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun simasında dövlətimizin mətbuata göstərdiyi diqqət və qayğının bundan sonra da davam edəcəyini vurğulamışdır. Bu il Azərbaycan mətbuat nümayəndələri üçün inşa olunmuş binadakı mənzillər ehtiyacı və ən çox xidməti haqqı olan jurnalistlərə paylanacaqdır. Əminəm ki, bundan sonra da bu fəaliyyət davam edəcəkdir.

Azərbaycan dövlətinin mətbuatımızın inkişafına yönəlmiş siyasətinin təməlində azad sözün dayandığını vurğulayan şöbə müdiri şuranın yubileyi münasibətilə mətbuat nümayəndələrinə səmimi təbriklərini çatdırmış, fəaliyyətlərində uğurlar arzulamışdır.

Bakı Dövlət Universitetinin (BDU) professoru Şirməmməd Hüseynov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Mətbuat Şurasının on illik yubileyi ilə bağlı təbriklərini çatdırmışlar. Çıxışlarda on il əvvəl yaradılmış şuranın ölkəmizdə dövlət-mətbuat, vətəndaş-mətbuat münasibətlərinin sivil yolla nizamlanmasında, jurnalist etikasına əməl olunmasında, jurnalistlərin hüquqlarının müdafiəsində, informasiya almaq imkanlarının genişləndirilməsində mühüm rol oynadığı vurğulanmışdır. Bildirilmişdir ki, şura fəaliyyətində diqqətin mətbuat orqanlarının obyektivlik, peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik məsələlərinə, aktual problemlərin həllinə yönəldilməsinin təmin edilməsinə xüsusi önəm verir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun yaradılmasından ötən on il ərzində qazanılmış uğurların mətbuat orqanları ilə birgə fəaliyyət nəticəsində əldə olunduğunu diqqətə çatdırmışdır. Şuranın uzun müddət binasının olmadığını xatırladan Ə.Amaşov bu məsələnin Azərbaycan mətbuatının 130 illik yubileyi ərəfəsində həllini tapdığını bildirmişdir. Qeyd olunmuşdur ki, yarandığı on il ərzində minlərlə vətəndaş şuraya müraciət etmişdir. Bu müraciətlər araşdırılaraq lazımi tədbirlər görülmüşdür. Ötən müddətdə şuranın hər bir iradı və tövsiyəsi diqqətlə qarşılanmış, nəzərə alınmışdır.

Mərasim konsert proqramı ilə davam etmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 16 mart.- S.8.