Türkiyədə müəyyən dairələr Ermənistana

 doğru addımlar atmağa çalışırlar

 

Əlbəttə, bu, Azərbaycan xalqını narahat etməyə bilməz

 

 Həm Ermənistandan, həm də Türkiyədən bəzi mənbələrin son zamanlar yaydığı xəbərə görə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı, iqtisadi-ticarət münasibətlərinin fəallaşacağı gözlənilir. Siyasi analitiklər bunu Türkiyənin Ermənistan daxil qonşu dövlətlərlə problemsiz münasibətlər qurmaq siyasətinin tərkib hissəsi kimi izah edirlər. Eyni zamanda rəsmi Ankara ABŞ-la münasibətinə də xələl gətirmək istəmir. Beynəlxalq vasitəçilər də hər vəchlə Türkiyəni bu addımı atmağa məcbur edirlər.

Göründüyü kimi, proseslərin davam etməsində və məlum protokolun ratifikasiya edilməsində Qərbin maraqları çox güclüdür. Onların fikrincə, belə olarsa, Türkiyənin regionda, xüsusən də Cənubi Qafqazda rolu güclənər. Günün mövzusuna çevrilən bu məsələlər, haçalanmış fikirlər son zamanlar, təbii ki, Azərbaycan tərəfindən narahatlıqla qarşılanır. Azərbaycan hər zaman qardaş dövlətin güclüdünyada söz sahibi olmasının tərəfindədir. Amma bunu da istəyir ki Türkiyə erməni məsələsində qətiyyətli olsun. Analitiklərin fikrincə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Türkiyə ictimaiyyətinin deyil, bəzi partiyaların təşəbbüsüdür. Olaylar hələlik Azərbaycan üçün ürəkaçan olmasa da, hadisələrin gedişini izləyir, yaxşı bilir ki, sərhədlərin açılması ilə Ermənistan dünyaya çıxış imkanı qazanacaq, iqtisadi böhrandan çıxmağa çalışacaq.

Vaxtilə İsveçrədə Türkiyə-Ermənistan arasında razılaşmanın normallaşma prosesində Serj Sarkisyan iddia edirdi  ki, bu razılaşmanın Dağlıq Qarabağ məsələsinə heç bir aidiyyəti yoxdur, indi isə xüsusən xarici görüşlərində bəyan edir ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə görə Ermənistandan qisas alaraq sərhədlərin açılmasına getmir. Bir neçə gün əvvəl isə yeni sərsəmləməsi ilə gündəmə gələn Sarkisyan bəyan etdi ki, Türkiyə ilə münasibətlər yalnız rəsmi Ankaranın "soyqırımı"nı tanımasından sonra yarana bilər. O: "Soyqırımı tanınmadan Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasında fəallıq göstərməyə dəyməz" - dedi. Göründüyü kimi, vəziyyət düşünüldüyündən də mürəkkəbdi. Bu durumda Türkiyənin bəzi dairələrinin Ermənistanla əlaqələri reallaşdırmaq haqqında bəyanatları o qədər ciddi görünməsə də, müzakirənin mövzusu ciddidi. 2009-cu ildə Qərbin, xüsusən ABŞ-ın təzyiqi və dəsdəyi ilə Türkiyə ilə Ermənistan  arasında diplomatik əlaqələrin qurulması cəhdi Azərbaycanda narahatlıqla qarşılandı və eyni zamanda kimsə Türkiyənin bu addımı atacağına inanmadı. Sonda Türkiyə iqtidarı "erməni açılımı"na son qoydu.  Türkiyədə dərc olunan erməni "Aqos" qəzetinin Türk Hava Yollarının reyslərində yayılması da Azərbaycanda hiddətə səbəb oldu. "Anadolu" agentliyinin yaydığı məlumatda isə bildirilir ki, Türkiyənin "Van Way Airlines" şirkəti Yerevana uçuşlar həyata keçirməyə hazırlaşır. Reallıq isə ondan ibarətdir ki, həmin şirkət bu gün İranın bir sıra şəhərlərinə və Yerevana uçuşlar həyata keçirir. Türkiyə Prezidenti Abdullah Gülün adının Sarkisyanı ilk təbrik edənlərin sırasında olması da Azərbaycan ictimaiyyətini üzməyə bilməzdi. Ermənistan saxta soyqırım iddiası ilə Türkiyəyə daim təzyiqlər göstərir, təzminat və ərazi iddiaları irəli sürür. Eyni zamanda bu işğalçı ölkə iyirmi beş ilə yaxındır ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, dəfələrlə Azərbaycanda soyqırımı törədib. Belə olduğu halda hər iki qardaş xalq bir-birinə arxa-dayaq durmalı, əl-ələ, çiyin-çiyinə olmalıdır. Təəssüf ki, bəzi dairələr bu dostluğu və qardaşlığı parçalamaq üçün hər cür şeytan donuna girməyə cəhd edirlər.        

Təbii, Azərbaycan da, Türkiyə də müstəqil dövlətdirlər və müstəqil də siyasi xətləri var. Lakin onları birləşdirən tarixi kökləri, bir millət, iki dövlət ideologiyaları dostlarının da, düşmənlərinin də eyni olmasıdır. Ona görə də xarici qüvvələr nə qədər çalışsalar da, bu iki qardaş xalq heç zaman bir-birinə arxa çevirməyəcək, hər zaman çiyin-çiyinə, bir-birinin yanında olacaq. Çıxış yolu Azərbaycanla Türkiyənin bir-birinə xələl gəlmədən, razılaşdırılmış addım atmasıdır. İki qardaş xalq arasında narazılıqların yaranmasına cəhd edən güclərin niyyəti tarixin arxivinə gömülməlidir.

ABŞ İraqa qarşı hərbi kampaniyalara başlayanda Türkiyəyə həm Vaşinqton administrasiyası, həm silahlı qüvvələr, həm də Konqres tərəfindən böyük təzyiqlər vardı. Lakin bütün təzyiqlərə baxmayaraq, Türkiyə bu hərbi kampaniyada iştirak etmədi və öz ərazisindən İraqa qarşı hərbi əməliyyatların keçirilməsinə icazə vermədi. Bütün dünya da, Azərbaycan da yaxşı bilir ki. Türkiyəyə hər hansı bir təzyiq vasitəsilə istəmədiyi addımı atdırmaq mümkün deyil. Çünki Türkiyə təzyiqlər qarşısında aciz dövlət deyil. Şübhəyə belə yer yoxdur ki, bu gün müzakirəyə çıxarılan Ermənistan-Türkiyə açılımı məsələsində də heç bir dövlət Türkiyəyə istədiyini qəbul etdirə bilməyəcək.

 

 

Rəsmiyyə RZALI,

Azərbaycan.-2013.- 16 mart.- S.2.