Yeni Azərbaycan Partiyası şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir

 

Martın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə geniş tərkibli ümumrespublika müşavirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov 2013-cü ildə Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini bildirmişdir.

Qeyd olunmuşdur ki, YAP ənənəsinə uyğun olaraq prezident seçkilərinin yüksək fəallıq şəraitində keçirilməsi və irəli sürdüyü namizədin qələbəsinin təmin edilməsi üçün işlərinə başlamışdır. Bu müşavirə yerli strukturların seçki kampaniyasının yüksək fəallıqla keçməsi ilə əlaqədar qarşıda duran vəzifələrin yerinə yetirilməsi baxımından əhəmiyyətlidir.

Ə.Əhmədov demişdir ki, Azərbaycan bu gün sosial-iqtisadi inkişafının yüksək mərhələsini yaşayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun dövlət  başçısı

İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, dünyanı bürüyən iqtisadi və maliyyə böhranı Azərbaycana heç bir təsir göstərməmişdir. Həyata keçirilən böyük həcmli iqtisadi layihələrin məqsədi xalqın rifah halını daha da yüksəltməkdən ibarətdir. Sosial-iqtisadi inkişafın davamlı xarakter alması üçün reallaşdırılan dövlət proqramları artıq öz bəhrələrini vermişdir. Son 10 ildə paytaxtla bərabər bölgələr də inkişaf etmişdir. Regionlarda yatırılan dövlət və özəl investisiyalar hesabına yeni sənaye və emal müəssisələri açılmış, hərtərəfli inkişafı stimullaşdırmaq məqsədi ilə geniş iqtisadi infrastruktur yaradılmış, yollar, körpülər, məktəblər, xəstəxanalar və başqa sosial təyinatlı obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir. İşsizliyin aradan qaldırılması istiqamətində görülən tədbirlər 1 milyona yaxın yeni yerinin açılması ilə nəticələnmişdir.

Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq istiqamətində uğurlu addımlar atılmışdır. Bir sıra ölkələrin parlamentləri, ABŞ-ın yeddi ştatının senatı Xocalı faciəsini ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımışdır. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi faktı rəsmi Bakının dünyada cərəyan edən qlobal siyasi proseslərdə əsas oyunçulardan biri olduğunun göstəricisidir.

Bu gün dünyanın neftlə zəngin olan regionlarında fəaliyyət göstərən dövlətlərin siyasi mənzərəsinə bir qədər diqqətlə nəzər yetirmək kifayətdir ki, Azərbaycan Prezidentinin nə qədər düşünülmüş və zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi balanslaşdırılmış xarici siyasətin faydalarını görək. Azərbaycanda hökm sürən sabitlik enerji siyasətinin uğurla həyata keçirilməsini şərtləndirmişdir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malik olan ölkəmiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişinə nail olmuşbu kəmərlər vasitəsi ilə karbohidrogen ehtiyatlarını dünya bazarlarına ixrac edərək əldə etdiyi gəlirlə xalqın inkişafını təmin edir. Hazırkı mərhələdə Bakı şəhəri ilə yanaşı, regionlarda da böyük abadlıq və quruculuq işləri görülmüşdür. Bütün bunlar Prezident İlham Əliyevin insan amilinə verdiyi önəmdən irəli gəlir.

Bütün bu inkişafı və sosial rifahı öz həyatında hiss edən xalqımız növbəti müddətdə də İlham Əliyevi Azərbaycanın Prezidenti seçmək arzusundadır. YAP Azərbaycan cəmiyyətində ən nüfuzlu siyasi təşkilat olaraq xalqın rəyini nəzərə almış və bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyini irəli sürmüşdür.

Sonra YAP rayon və şəhər təşkilatları sədrlərinin seçki kampaniyasına hazırlıqla bağlı çıxışları dinlənilmiş, müzakirələr aparılmış və tövsiyələr verilmişdir.

 

 

Azərbaycan.-2013.- 17 mart.- S.5.