Dünya şöhrətli Azərbaycan xanəndəsinin və tanınmış

 misirli ifaçının bənzərsiz çıxışları dinləyicilərə zövq vermişdir

 

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı davam edir.

AzərTAc xəbər verir ki, martın 16-da festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Misir və Azərbaycan musiqiçiləri geniş konsert proqramı ilə çıxış etmişlər.

İlk olaraq səhnəyə Misirin "Əl Ədvar" qrupu çıxmışdır.

Qrupun "Maqam ruhu" milli musiqi nömrəsi Ayşə Reduanın ifasında təqdim olunmuşdur. Onu Həbib Yammine (riqq və dəf), Hafide Reduan Benckeik (assistent), Nabil Abdmouler (ney) və Saleh el-Din sayed Refead Muhammed (qanun) müşayiət etmişlər.

Ayşə Reduan  Mərakeşdə anadan olmuş və erkən yaşlarından ailəsi ilə birlikdə Fransada yaşamışdır. Berber musiqisi, caz-blyuz, ərəb maqam mahnısı kimi bir sıra musiqi üslublarında təcrübə əldə etmişdir. O, müxtəlif musiqiçilərlə işləmişdir. Fransa Mədəniyyət Nazirliyi ona musiqi tərtibatı üçün təqaüd ayırmışdır.

İştirakçıları Azərbaycan dilində salamlayan Ayşə Reduan Bakıda olmasından məmnunluğunu dilə gətirmiş və muğam müsabiqələrinin dünyada böyük əks-səda doğurduğunu söyləmişdir.

Konsertin ikinci hissəsində Azərbaycan xanəndələri - xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın ifasında "Bayatı-Şiraz" muğamı təqdim edilmişdir. Xanəndələri Zakir Vəliyev (tar), Rauf İslamov (kamança), Rəfael Əsgərov (balaban) və Cavidan Nəbiyev (nağara) müşayiət etmişlər.

Dünya şöhrətli Alim Qasımovun və qızı Fərqanənin bənzərsiz ifaları gecəyə xüsusi rəng qatmışdır.

Konsert tamaşaçıların sürəkli alqışları ilə qarşılanmışdır.

 

Azərbaycan.-2013.- 17 mart.- S.5.