Çanaqqala dəniz zəfəri

 

Çanaqqala bəşəriyyətin savaş tarixinə ən qanlı dəniz və quru müharibəsi kimi yazılıb. Birinci Dünya savaşını qalib şəkildə bitirmək istəyən imperialist qüvvələrin 98 il öncə məqsədləri Gelibolu yarımadasında Çanaqqala boğazından keçərək İstanbulu ələ keçirib Türkiyəyə sahib olmaq idi. Rusiya boğazları ələ keçirib dənizlərə çıxmağı hədəfləyərkən İngiltərə Süveyş kanalı və Hind yolunun təhlükəsizliyi üçün Fələstini ələ keçirmək planını hazırlayırdı, italyanların niyyəti isə Antalyaya yiyələnmək idi. Bu savaş Türkiyəyə ağlagəlməz müsibətlər gətirsə də, qəhrəman türk əzmi dünyanı sarsıtdı. Çanaqqala savaşı dastanlara, nağıllara çevrildi, Qərb generalları heyrətlərini gizlədə bilmədilər.

XX əsrin əvvəllərində dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyə ətrafında cərəyan edən mürəkkəb siyasi və qanlı hadisələr 1914-cü ildə Birinci Dünya müharibəsinin başlamasına və milli azadlıq hərəkatının inkişafına səbəb oldu. Balkan müharibəsindəki uğursuzluq, ölkədə baş verən siyasi vəziyyətin gərginliyi Osmanlı sultanlığını çökdürmüş və Türkiyəni hər mənada tükətmişdi. Digər tərəfdən də ölkə Qafqazda ruslarla ağır müharibə aparırdı. Sarıqamışda yüz minə yaxın türk əsgəri şəhid olmuşdu. Türkiyə geyim, ərzaq, silah-sursattibbi ləvazimat baxımından acınacaqlı durumda idi. Avropaya da bu, lazım idi, düşüncələrinə görə Türkiyəyə və sularına sahib olmaq üçün bundan böyük şansimkan ola bilməzdi. Buna baxmayaraq, Osmanlı Türkiyəsi bütün gücünü səfərbər edərək məcburən cəlb olunduğu işğalçı müharibəyə qoşuldu. Tarixin ən qədim dövrlərindən böyük strateji əhəmiyyətə malik olan İstanbul boğazı Qara dənizin, Çanaqqala isə Egey dənizinin qapısı hesab olunurdu. Bu boğazlar təkcə  Aralıq dənizini Qara dənizə, Avropanı Asiyaya bağlayan dar su keçidləri deyil, Aralıq dənizinin Cəbəllüttariq və Süveyş kanalı ilə inteqrasiya olunaraq planetin böyük dənizlərini (AtlantikHind okeanları kimi) və materiklərini bir-birinə bağlayan, eyni zamanda geopolitik mövqeyi ilə dünya siyasətinə və iqtisadiyyatına çox böyük təsir edən strateji mövqe idi. Boğazların bu danılmaz əhəmiyyəti barədə Napoleon "İstanbul bir açardır, İstanbula sahib olan dünyaya hökm edəcək" deyə söyləmişdi. Rusiya da müxtəlif tarixlərdə buna bənzər bəyanatlar vemiş, İstanbula sahib olmaq üçün Birinci Dünya savaşında Türkiyəni mərkəz xəttə çevirmişdi. Tarixçi və salnaməçilər Antanta dövlətlərinin İstanbul uğrundakı maraqlarını "Çanaqqala macərası" adlandırmışlar. Yalnız bu boğazlardan keçməklə Türkiyəyə sahib olmaq mümkün idi.

1914-cü il noyabrın 3-də səhər tezdən müttəfiq qüvvələrə - İngiltərə və Fransaya aid olan hərbi dəniz gəmiləri Bozca adasından Çanaqqala boğazının sahil sularına daxil olaraq Osmanlı ordusunun sahildə yerləşən müdafiə istehkamlarına atəş açmağa başlayır. İngilis hərbi gəmiləri Seddülbahir və Ərtoğruldakı, fransız gəmiləri isə Qumqala və Orhaniyyədəki müdafiə sədlərini top yağışına tutur. Lakin düşmən nə qədər güclü olsa da, boğazı ələ keçirə bilmir. Türk topçularının atdıqları hər mərmi hədəfə dəyir, düşmənin savaş gəmilərini havaya sovururdu. Hərbi dəniz hissələri müharibənin taleyini həll etmək üçün boğaz sahillərinə əlavə qüvvə göndərir. Şanlı türk ordusu bu dəfə də əzmini göstərir və müttəfiq qüvvələr buna tab gətirməyib geri çəkilir. Çanaqqala savaşını türk tarixinin ən əhəmiyyətli döyüşü hesab etmək olar. Çünki bu boğazla İstanbula yetişmək Avropa ölkələrinin bütün zamanlarda arzusu olub.

Noyabrda 1-ci və 2-ci ordunun sıradan çıxmasına baxmayaraq, düşmən donanması boğaza daxil olmaq üçün bütün gücünü səfərbərliyə alır. Lakin bu cəhd də boşa çıxır, düşmən saysız-hesabsız itki verərək geri çəkilir. Canlı itkinin çoxalması və savaş gəmilərinin sıradan çıxması admiral Kardenin karyerasına son verir, rəhbərlik de Robekə tapşırılır. 1915-ci il martın 17-də vəzifəsinin icrasına başlayan Robek gecikmədən adanın ələ keçirilməsini nəzərdə tutan son hücum əməliyyatına başlamaq əmri verir. Bu vaxt Yunanıstan Gelibolu yarımadasını işğal etmək, mümkün olduğu təqdirdə İstanbul üzərinə yeriməkdən ötrü İngiltərəyə üç diviziyalıq qüvvə təklif edir. Heç vaxt Rusiya ilə Avropanın maraqları İstanbul məsələsində kəsişmədiyindən bu dəfə də rus çarı ingilis səfirinə heç bir şərt altında yunan əsgərinin İstanbula girməyəcəyini bildirir və Yunanıstanın bu təklifinin qarşısını alır. Çünki rus çarı İstanbulda yunan deyil, hər zaman rus görmək istəyirdi.   

Martın 17-dən 18-nə keçən gecə son əməliyyat hazırlanır. Düşmən gəmilərində 250-dən artıq müasir top yerləşdirir, sahilboyu 10 müdafiə istehkamı qurulur. Türklərin isə cəmi 170 ədəd köhnə topu vardı. Buna baxmayaraq türk ordusu həlledici döyüşə hazırlaşır. Martın 17-si axşamdan minbaşı Nəzmi bəy "Nüsrət" mina döyüşçü gəmisi ilə boğaz sularına 11 xətdən ibarət 26 mina düzür, hava işıqlanana qədər düzülən minaların sayı 400-ə çatır. O zaman heç kimin ağlına gəlməzdi ki, "Nüsrət"in tökdüyü minalar qanlı dəniz savaşının sonunu gətirəcək. 18-i səhər tezdən düşmən gücləri 18 savaş gəmisi ilə döyüşə atılır. "Queen Elizabeth" və "İnflexible" zirehli gəmiləri ilə "Lord Nelson" və "AGEMEMNON" savaş gəmiləri öndə gedirdi. Fransız hərbçiləri isə atəşi "Triumph" zirehli gəmisindən açırlar. Bununla da dünyanın ən böyük dəniz savaşı başlayır. Düşmənlər əvvəlcə Rumelidə Məcidiyyəni, sonra da Hamidiyyə istehkamlarını vurur. Gün boyu misli-bərabəri olmayan qanlı savaş davam edir. İngilis generalları bir zaman baxır ki, gəmiləri dənizdə qərq olmuş, ordusu tükənmişdir. İstanbulu işğal etməyin Çanaqqala variantının mənasız olduğunu dərk edən generallar dərhal qüvvələri geri çəkməyə başlayırlar. Bu vaxt A xəttini keçməyə ciddi-cəhd göstərən fransız gəmisi "Bouvet" Həmdiyyə istehkamına atəş açmaq istərkən minaya düşüb parçalanır və 639 hərbçi ilə bərabər suya qərq olur. "İrrisistibi" gəmisi son gücünü toplayıb hücuma keçmək istəyərkən "Nüsrət"in minaları yenə də türk ordusunun dadına çatır. Bir anın içində hərbi zirehli gəmi döyüşçüləri ilə birlikdə havaya sovrulur. Minaya düşən gəmiləri xilas etməyə gələn "Suffreno" və "Gaulosio" gəmiləri də "Nüsrət"in minalarının qurbanına çevrilir\. 6 saat içərisində bir neçə zirehli gəmi itirən admiral de Robek 2-ci diviziyanın geri çəkilməsi əmrini verir. Martın 18-i axşama doğru Türk cəbhəsində də durum gərgin, şəhid olanların sayı minlərlə idi. Vəziyyət o yerə yetişir ki, bütün topçular şəhid olmuş, meydanda tək Seyid Çavuş qalmışdı, düşmən gəmisi isə boğaza yaxınlaşırdı. Bu, baş verərsə, Anadolunun, Türkiyənin taleyi həll olunurdu. Tək bircə ədəd 276 kiloluq ağır mərmi qalmışdı ki, onu yerindən qaldırıb topun lüləsinə qoymaq üçün bir neçə döyüşçü lazım idi. Bu vaxt Seyid Çavuş "Ya Allah" deyə bağıraraq ağır mərmini var gücü ilə yerindən qaldırıb topun lüləsinə qoyurboğaza yaxınlaşan düşmən gəmisinə tərəf atır. Bir göz qırpımında gəminin gövdəsi dağılır, suyun dibinə enməyə başlayır. Çanaqqala uğrunda sonuncu dəniz savaşında atılan mərmi bu qanlı müharibənin taleyini həll edir. Qoca Osmanlı 250 min şəhid versə də, bu tarixi qələbəni sevinclə qarşılayır. Bu savaşda kişilərlə bərabər qadınların da qəhrəmanlıqla döyüşməsi türk tarixinin ən şanlı səhifəsidir. 1915-ci ildə Avstraliyada nəşr olunan "The Ageo" qəzetinin 8 sentyabr tarixli nömrəsində Y.C.Davies adlı bir əsgərin anasına yazdığı məktub dərc olunub: "Yaralandığım 18 may günü 18-21 yaşları arasında olan mahir snayper olan bir türk qızı açdığı sərrast atəşlə gözümüzü açmağa macal vermirdi. Amma günün sonunda bir avstriyalı əsgər onu vura bildi və mən buna çox üzüldüm. Snayperçi qızın ölüsünü ələ keçirdik, onun bədənində 52 güllə yarası var idi. Bu, çox qanlı savaş idi. Türk qadınları oğullarının saçına xına qoyaraq onları vətənə qurban deyib cəbhəyə göndərib. Belə qadını olan millət heç zaman basılmaz".

Saysız-hesabsız canlı qüvvə Çanaqqala boğazında dəniz canlılarına yem olsa da, məğlubiyyət Çörçili məqsədindən döndərə bilmir, qısa zamanda qurudan hərbi əməliyyatlara başlamaq tapşırığı verir. Boğazdakı topçu batareyalarını ələ keçirmək üçün ingilis və fransız qüvvələri aylarla mücadilə edir, lakin Osmanlı qüvvələrinin əzmini qıra bilmir. Mustafa Kamal Paşanın ehtimal etdiyi kimi, düşmən qüvvələri son gücünü toplayaraq martın 25-də Seddülbahirdən quruya qoşun çıxarır və bir ay bu istiqamətdə tarixin ən qanlı savaşı baş verir. Aprelin 25-də Qumqala, Beşike, Bolayır, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayır və Anafartlarda gedən qanlı savaşlarda hər iki tərəf çoxlu sayda itkiyə məruz qalır.

Quru döyüşlərində  də istədiyinə nail ola bilməyən İngiltərə və Fransa öz qüvvələrini 1915-ci il dekabrın 19-20-də Anafartlar və Arıburnudan, 1916-cı il yanvarın 8-9-da Seddülbahir cəbhələrindən geri çəkir. Türkiyəni yox etmək məqsədilə ordularını Çanaqqalaya çəkən dövlətlər 1915-ci ilin dekabrında Gelibolu bölgəsini və Çanaqqalanı tamamilə tərk edirlər. Türkiyə ordusu qazandığı zəfərlə sübut edir ki, dünya bir yerə yığışsa da, onun boğazından keçə bilməz.

Çanaqqala savaşı düşmənləri heyrətə gətirmişdi. Beynəlxalq siyasət və diplomatiya tarixi baxımından Antanta ölkələrinin bütün diplomatiksiyasi gedişlərini darmadağın edən Türkiyənin ortaya qoyduğu əhəmiyyətli nəticəni etiraf etməkdən başqa Qərbin heç nəyə gücü çatmadı. İstanbul fəth olunmadı, Antanta dövlətləri və Rusiya bu xəzinənin açarına sahib ola bilmədilər. Çünki İstanbulun səddi Çanaqqala, Çanaqqalanın səddi isə böyük Mustafa Kamal idi. O, cəbhədə zorun, silahın gücü ilə deyil, ağlın, zəkanın, vətən sevgisinin gücü ilə savaşırdı.    

Ali baş komandan, general Hamilton bu savaşın məğlubiyyətlərini,  Mustafa Kamal Paşanın qəhrəmanlığını İngiltərə Hərbiyyə Nazirliyinə yazdığı məktubda belə etiraf  edib:

"İngiltərə Hərbiyyə Nazirliyinə!

üçün geri çəkildiyimizi soruşursunuz. Bütün gerçəyi açıqlığı ilə sizə bildirmək istəyirəm. Müharibədə çox cəsurluqla döyüşən, ən yaxşı idarə edilən əsl Türk ordusununpolkovnik Mustafa Kamal kimi dahi bir komandanın qarşısında dayanırıq. Bunu heç bir zaman unutmayaq.

General Hamilton: Çanaqqala ingilis baş komandanı. 17.08.1915".

General Tavshendi isə türk əsgərlərinin düşmən qarşısında ətdən sipər çəkməsi heyrətləndirmişdi: "Avropada elə bir əsgər yoxdur ki, türk əsgərləri ilə müqayisə olunsun. Misal üçün Gelibolunu göstərmək istəyirəm. Orada bizim gəmilərdən açdığımız atəş nəticəsində səngərlər yerlə yeksan oldu. Başqa millətdən olan əsgərlər olsaydılar, buna dözməyərək səngərləri tərk edərdilər. Ama türk əsgərləri sona qədər bu cəhənnəmdəki mövqelərini tərk etmədilər".  

Çanaqqalada döyüşən əslən Avstriya Yeni Zelandiyadan olan əsgərlər əsir düşdükləri zaman türklərin onlara insanca davranışlarından heyrətlə danışmışlar. İngilislər tərəfindən "anzak" adlandırılan əsgərlər sonralar müxtəlif mətbu orqanlarda bu savaş haqqında bəhs edərkən türklər haqqında demişlər: "Barbar türklər Yer üzünü məhv edir deyə bizi Çanaqqalaya gətirdilər. Biz isə onların çox alicənab, düşmənlərinə belə rəhm edən mahir döyüşçü olduqlarını gördük. Əsir götürdükləri əsgərlərlə son damla sularını əkməklərini bölürdülər". Çanaqqala savaşından sonra qoluna Türk bayrağını döydürən ingilis hərbçisi uzun illərdən sonra Nyu-Yorkda bir türk əsilli həkimlə rastlaşır, savaşda türk döyüşçülərinin qəhrəmanlığından danışır. Həkimin köməyi ilə islam dinini qəbul edib, Ömər adını alan ingilis hərbçi dünya ilə vidalaşarkən bir müsəlman kimi kəlmeyi-şəhadət gətirərək haqq dünyasına qovuşur.      

Çanaqqala savaşında dünyanın hər yerindən gəlmiş döyüşçülər var idi. Aparılan tədqiqatlar Çanaqqala zəfərində Azərbaycan oğullarının da savaşdığını göstərir. 1915-ci ildə Rusiya Türkiyə ilə savaşarkən azərbaycanlılar Tiflisə toplaşır, oradan da Çanaqqala cəbhəsinə yola düşürlər. Güney Azərbaycandan olan soydaşlarımızın isə Osmanlı imperiyasının tərəfində vuruşmaq üçün Geliboluya getdiyi tarixi qaynaqlardan məlumdur.            

Dünya savaş tarixinə ən qanlı şərəfli döyüş kimi yazılan Çanaqqala hər zaman dünya hərbçilərinin, tarixçilərinin, araşdırmaçılarının, filosoflarının, politoloqlarının, din xadimlərinin diqqətini çəkib, onların heyrətinə səbəb olub. Böyük bəstəkarımız Vasif Adıgözəlovun "Çanaqqala" oratoriyasını dinlədikcə sanki o savaş yenidən canlanır, hər qəhrəman türk şəhidi baş qaldıraraq o tarixi danışır bizlərə.

 

 Rəsmiyyə RZALI,

Azərbaycan.-2013.- 17 mart.- S.6.