Bakıda «Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi» mövzusunda Beynəlxalq konfransda yüksək səviyyəli rəsmilər çıxış etmişlər

 

Xəbər verdiyimiz kimi, martın 18-də Bakıda BMT-nin, Azərbaycan hökumətinin və İSESCO-nun təşkilatçılığı ilə "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfrans keçirilir.

Konfransda 50-dən çox ölkənin nümayəndələri, o cümlədən xarici işlər nazirləri, nazir müavinləri, 25-dək beynəlxalq təşkilatın - ISESCO, GUAM, MDB, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və digər qurumların baş katibləri, BMT, ATƏT, NATO və s. beynəlxalq təşkilatların rəsmiləri, habelə 30-a yaxın yüksək səviyyəli ekspert iştirak edirlər.

İki gün davam edəcək konfransda terrorizmin yayılmasına şərait yaradan amillərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, terrorizmlə əlaqədar mövcud stereotiplərin qarşısının alınması, dərk edilməsi və bu mövzuda dialoqun əhəmiyyəti, o cümlədən terrorizmlə mübarizə sahəsində ölkələrin imkanlarının gücləndirilməsində beynəlxalq tərəfdaşların rolu və digər məsələlər müzakirə olunacaqdır.

Konfransın açılış mərasimindən sonra yüksək səviyyəli rəsmilərin çıxışları olmuşdur.

İclasa sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov beynəlxalq terrorizmə qarşı mübarizədə konfransın əhəmiyyətini vurğulamışdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müasir dövrdə cəmiyyəti təhdid edən, əsas təhlükə olan terrorizmin qarşısının alınması baxımından belə tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Tədbirdə çıxış edən milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində iştirak edən fondların aşkarlanaraq fəaliyyətlərinin dayandırıldığını, bu mənbələrin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü bildirmişdir. Nazir demişdir ki, terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlıq Azərbaycanın dövlət siyasətində mühüm yer tutur.

Qeyd edilmişdir ki, Azərbaycan artıq 12 ildir ki, beynəlxalq antiterror koalisiyasının fəal üzvü kimi terrorizmə qarşı ardıcıl mübarizə aparır. Son illər həyata keçirilmiş tədbirlər strateji obyektlərə, diplomatik nümayəndəliklərə qarşı terror hücumlarının planlaşdırılmasına cəhdlərin aradan qaldırılması ilə nəticələnmiş, tərəfdaş ölkələrin hüquq-mühafizə orqanları ilə müntəzəm məlumat mübadiləsi aparılmışdır. Beynəlxalq terror şəbəkələri və müəyyən dairələr Azərbaycanda dini tolerantlıq mühitini pozmağa və bu fəaliyyəti müxtəlif pərdələr altında həyata keçirməyə çalışırlar. Terrorçuluğun nə islam, nə də heç bir dünyəvi din ilə əlaqəsi yoxdur, əksinə, bu, həmin dinlərin əsaslarına və prinsiplərinə ziddir. Bunları nəzərə alaraq Milli Təhlükəsizlik Nazirliyi digər dövlət strukturları və ictimai təşkilatlarla birgə məqsədyönlü profilaktik tədbirlər görür. Bu işlər qanunun aliliyi prinsipi əsasında həyata keçirilir.

Diqqətə çatdırılmışdır ki, ekstremist qüvvələr son dövrlərdə tərəfdarlar cəlb etmək məqsədilə internetdən və sosial şəbəkələrdən geniş istifadə edirlər. Xüsusilə də beynəlxalq şəbəkələrin informasiya resurslarında Azərbaycan dilli seqmentlərin yaradılması və radikal ideoloji təbliğat materiallarının yerləşdirilməsi müşahidə olunur. İnternet şəbəkələrindən radikal dini baxışların təbliği, terrorçuların öz aralarında sövdələşməsi, partlayıcı maddələrin və qurğuların hazırlanması üsullarının yayılması üçün istifadə olunması Azərbaycanı və bütün beynəlxalq ictimaiyyəti narahat edir. Kiber-cinayətkarlıq ilə mübarizə bütün dünyada yeni sahədir. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və telekommunikasiya şirkətlərinin tam dəstəyi zəruridir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov dini radikalizmin və ekstremizmin terrorçuluq üçün əsas bazalardan birinə çevrildiyini vurğulamışdır. Qeyd edilmişdir ki, əsasən təhsil səviyyəsinin aşağı olduğu, sosial problemlərin yaşandığı ölkələrdə daha fəal çıxış edən radikal qruplar nə özlərinin, nə də ətrafdakı insanların həyatlarına qəsd etməkdən çəkinmirlər. Statistika göstərir ki, terrorçu qruplaşmaların əksəriyyəti öz addımlarını dini baxımdan əsaslandırsa da, əslində dini zəmində törədilən terror aktları azlıq təşkil edir. Hər şeyi dini motivlərlə əlaqələndirmək yanlış nəticələr doğurar. Din altında pərdələnmiş radikalizm və ekstremizm cəmiyyət üçün təhlükə daşıyır.

Komitə sədri radikal qrupların təsirini azaltmaq üçün cəmiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasının, təhsilin səviyyəsinin yüksəldilməsinin, sosial problemlərin həllinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulamışdır.

Beynəlxalq təşkilatlar nəzarətsiz ərazilərə ciddi diqqət yetirməlidir, - deyən Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidze terror təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi baxımından beynəlxalq əməkdaşlığın önəmini qeyd etmişdir. Cinayətkar qrupların Gürcüstan ərazisindən tranzit marşrut kimi istifadə edə biləcəyindən narahatlığını diqqətə çatdıran nazir buna qarşı mübarizə aparmaq üçün beynəlxalq mexanizmlərdən istifadə olunmasının vacibliyini vurğulamışdır. O, ölkəsinin milli təhlükəsizliyini möhkəmləndirmək üçün tədbirlər gördüyünü, hüquq-mühafizə orqanlarının, sərhəd xidmətinin və antiterror qruplarının işini gücləndirdiyini diqqətə çatdırmışdır. Gürcüstanın bu məsələdə BMT-nin müvafiq təşkilatları ilə əməkdaşlıq etdiyini vurğulayan M.Pancikidze bu gün dövlətlərin nəzarətində olmayan əraziləri kriminal elementlər üçün təhlükəsiz məkan kimi dəyərləndirmiş, beynəlxalq təşkilatların buna ciddi diqqət yetirmələrinin zəruriliyini qeyd etmişdir.

Malinin ədliyyə naziri Malik Kulibali hazırda ölkəsinin təhlükəsizlik sisteminin əsas hissəsini terrorizmə qarşı mübarizənin təşkil etdiyini demişdir. Terrorçu qruplaşmaların Malinin şimal hissəsini nəzarətə götürdüklərini xatırladan nazir digər ölkələrin də qatıldığı antiterror əməliyyatları nəticəsində bu ərazilərin azad edildiyini bildirmişdir. Bu, onu göstərir ki, beynəlxalq terrorizmlə yalnız birgə əməkdaşlıq şəraitində mübarizə aparmaq mümkündür. Nəzərə alsaq ki, beynəlxalq terrorizm çox böyük şəbəkələşmədir, bu əməkdaşlıq daha sıx və möhkəm olmalıdır.

Mərakeşin daxili işlər naziri Mohaned Lanser konfransın təşkilinə və tədbirdə iştirakına görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirmişdir. Terrorizmlə mübarizənin bütün dövlətlər üçün əhəmiyyət daşıdığını vurğulayan mərakeşli nazir bu baxımdan konfransın əhəmiyyətini qeyd etmişdir. Nazir demişdir ki, terrorizmlə mübarizə bir ölkəyə aid ola bilməz, bu, regional və beynəlxalq əməkdaşlıq tələb edir. Bunun üçün beynəlxalq hüquqi baza yaradılmalı, bu istiqamətdə xüsusi təhlükəsizlik qüvvələri formalaşdırılmalıdır.

Tədbirdə çıxış edən Qazaxıstan xarici işlər nazirinin müavini Aleksey Volkov demişdir ki, terrorizmə qarşı beynəlxalq əməkdaşlıq hüquqi baza əsasında aparılmalıdır. Bu istiqamətdə səylərini əsirgəməyən Qazaxıstan çirkli pulların yuyulması, kiber-təhlükəsizlik, insan alveri, narkotik vasitələrin dövriyyəsi və digər sahələrdə mühüm tədbirlər həyata keçirir. Nazir müavini beynəlxalq terrorizmin get-gedə dini, milli, etnik pərdə altında çıxış etdiyini vurğulayaraq bunun qarşısının alınması üçün maarifçiliyin gücləndirilməsi, dini ekstremizmin, insan alverinin, qanunsuz silah ticarətinin qarşısının alınması və başqa tədbirlərin əhəmiyyətini qeyd etmişdir.

MDB-nin icraçı katibi Sergey Lebedev də terrorçuluğa qarşı mübarizənin qanunvericilik bazasının gücləndirilməsinin vacibliyindən danışmışdır. Terrorizmin, dini ekstremizmin, narkotik maddələrin və silahların qanunsuz dövriyyəsinin dünyada geniş miqyas aldığından narahatlığını diqqətə çatdıran S.Lebedev bu problemin MDB məkanında da aktual olduğunu demişdir. MDB digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində belə mənfi təzahürlərlə mübarizə aparır. MDB-yə üzv ölkələrin dövlət başçıları terrorçuluğa qarşı beynəlxalq səviyyədə mübarizəni dəstəkləyən bir sıra qərarlar qəbul etmişlər. Lakin bu işin hüquqi bazasını yaratmaq, bu sahəyə dair qanunvericiliyi gücləndirmək lazımdır. O, Bakı konfransının terrorçuluğa qarşı mübarizədə irəli atılmış daha bir addım olacağına əminliyini bildirmişdir.

Asiyada Əməkdaşlıq və Etimadartırıcı Tədbirlər Konfransı (CICA) katibliyinin icraçı direktoru Mehmet Çinar Aldemir regional və beynəlxalq təşkilatların terrorizmə qarşı mübarizədə mühüm rol oynadıqlarını vurğulamışdır. O, CİCA-nın üzv ölkələr arasında transmilli cinayətkarlıq, kiber-təhlükəsizlik, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah ticarəti və digər sahələrlə bağlı mühüm proqramlar həyata keçirdiyini bildirmişdir. Bu ilin mayında İranda, iyununda isə Tailandda bu istiqamətdə böyük konfransların keçiriləcəyini qeyd edən M.Ç.Aldemir rəhbərlik etdiyi qurumun terrorizmə qarşı mübarizədə digər beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə yaxından əməkdaşlıq etdiyini vurğulamışdır.

Konfransın çox aktual mövzuya həsr olunduğunu diqqətə çatdıran GUAM-ın baş katibi Valeri Çeçelaşvili çıxışında terrorçuluğa qarşı yalnız əl-ələ verərək beynəlxalq və regional əməkdaşlıq çərçivəsində səmərəli mübarizə aparmağın mümkünlüyünü bildirmişdir. Azərbaycanın terrorçuluğa, mütəşəkkil cinayətkarlığa qarşı ardıcıl mübarizə aparan ölkələrdən olduğunu qeyd edən V.Çeçelaşvili respublikamızın məhz bu səbəbdən konfransa ev sahibliyi etdiyini vurğulamışdır.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı terrorizmə qarşı mübarizəni hansı yollarla və vasitələrlə aparılması imkanlarının müzakirəsi baxımından konfransın əhəmiyyətini qeyd etmişdir. Terrorçuluğa qarşı mübarizədə qeyri-mütəşəkkilliyin nəzərə çarpdığını vurğulayan X.Akıncı bu bəlanın digər formaları, o cümlədən dövlət terrorundan söz açmışdır.

Nahar fasiləsindən sonra beynəlxalq konfrans "Terrorizmin yayılmasına şərait yaradan amillərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərin inkişaf etdirilməsi üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda birinci sessiya ilə işini davam etdirmişdir.

Sessiyanın moderatoru Demokratiya İctimai Fondu Mərkəzinin direktoru, macarıstanlı İstvan Gyarmati müzakirə olunacaq məsələlər barədə məlumat vermişdir.

Sonra BMT-nin terrorçuluğa qarşı mübarizə üzrə işçi qrupunun direktoru Cahangir Xan sessiyada açılış nitqi ilə çıxış etmişdir. O, belə mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini çatdırmış, gözəl Bakı şəhərində olmaqdan məmnunluğunu bildirmişdir. Terrorizmdə cinayətkarların mühakimə olunmamalarının, cəzasız qalmalarının xüsusilə ikrah hissi yaratdığını vurğulayan C.Xan demişdir ki, terrorizm heç bir dini və ya milli kimlik daşımır, heç bir sərhəd tanımır və heç bir dövlət bu bəla ilə təkbaşına mübarizə apara bilməz. Biz bu problemi köklü, hərtərəfli əməkdaşlıqla aradan qaldıra bilərik.

Sonra müxtəlif mövzularda panellərin təqdimatı olmuşdur.

Əfqanıstanın Təhlükəsizlik Direktoratlığının keçmiş rəhbəri Amrullah Saleh "Münaqişələrin qarşısının alınması və həll olunması", Şimali Amerikanın İslam Alyansının nümayəndəsi Mohamed Elsanousi və Mançester Metropolitan Universitetinin professoru, Beynəlxalq biznes və siyasi iqtisadiyyat bölməsinin rəhbəri Hamed El-Said "İnkişaf və sosial bərabərliyin təbliğ edilməsi", Hüquqşünasların Beynəlxalq Komissiyasının, beynəlxalq hüquq və mühafizə proqramlarının direktoru Aleks Konte "İnsan hüquqları və qanunun aliliyinə hörmət" mövzularında təqdimatlarla çıxışlar etmişlər.

Təqdimatlarda terrorizmin qarşısının alınmasında münaqişələrin həllinin, cəmiyyətdə inkişafın və sosial bərabərliyin, insan hüquqlarının və qanunun aliliyinin təmin edilməsinin, eləcə də bu istiqamətdə geniş maarifçilik və təbliğat işlərinin aparılmasının əhəmiyyəti xüsusilə vurğulanmış, bu dəhşətli bəlanın aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılmışdır.

Sonda müzakirələr aparılmışdır.

Konfrans martın 19-da sessiyalarda işini davam etdirəcəkdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 19 mart.- S.5.