Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə səylərin birləşdirilməsi daha böyük uğurlara nail olmağa imkan yaradacaqdır

 

Bakıda keçirilən "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfransda iştirak edən Mərakeş Krallığının daxili işlər naziri Mohand Lanser martın 18-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində (DİN) olmuşdur.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Bakıda keçirilən Beynəlxalq konfransın böyük əhəmiyyət daşıdığı vurğulanmış, terrorizmdən əziyyət çəkən ölkələrdən biri kimi Azərbaycan üçün bu məsələnin aktuallığı, qlobal xarakterli bəlaya qarşı birgə mübarizə aparılmasının mümkünlüyü qeyd edilmişdir.

Müstəqilliyin ilk illərində Azərbaycan xalqının qarşılaşdığı problemlər, Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar qonağın diqqətinə çatdırılmışdır.

Azərbaycan ilə Mərakeş arasında əlaqələrin yaranmasının 1994-cü ildə ümummilli lider Heydər Əliyevin İslam Konfransı Təşkilatının zirvə toplantısında iştirak etmək üçün həmin ölkəyə səfərindən sonraya təsadüf etdiyi məmnunluqla xatırlanmışdır.

Görüşdə "Azərbaycan Respublikasının hökuməti və Mərakeş Krallığının hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizədə əməkdaşlığa dair" Saziş layihəsinin hazırlanaraq razılaşdırılması üçün Mərakeş tərəfinə təqdim edildiyi, həmin sənədin qəbulunun iki ölkənin müvafiq strukturları, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə imkan verəcəyi bildirilmişdir. Qeyd olunmuşdur ki, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə səylərin birləşdirilməsi, qarşılıqlı faydalı əlaqələrin inkişafı ölkələrimizin və xalqlarımızın mənafelərinə, beynəlxalq təhlükəsizliyin təmini işinə xidmət edəcəkdir.

Söhbət zamanı transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə bütün dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların səylərinin birləşdirilməsinin zəruriliyi vurğulanmışdır.

 

 

Azərbaycan.-2013.- 19 mart.- S.5.