Üçüncü Beynəlxalq muğam müsabiqəsinin qalibləri müəyyən edilmişdir

 

Martın 18-də Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Üçüncü Beynəlxalq muğam müsabiqəsi başa çatmışdır.

AzərTAc xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən tədbirdə xalq artisti, professor Səyavuş Kərimi qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.

Xalq artisti müsabiqəyə güclü iştirakçıların qatıldıqlarını və seçim turlarında çətinlik çəkdiklərini vurğulamışdır. Bildirmişdir ki, bu səbəbdən də qaliblərin adını müəyyən etsək də onların hansı pillələrdə qərarlaşması qala-konsertdə açıqlanacaqdır.

Sonra müsabiqənin ikinci turundan keçmiş iştirakçıların adları açıqlanmışdır.

 İnstrumental muğam ifaçılığı üzrə Azərbaycandan Şəhriyar Musayev, Pərviz Quliyev, Şəhriyar İmanov, Bəhruz Zeynalov, Hindistandan "Raqa" qrupu, solo muğam ifaçılığı üzrə isə Azərbaycandan Mirələm Mirələmov, Ariz Hüseynov, Türkiyədən "Səda" qrupu, Mərakeşdən "Əndəlus gəncləri" qrupu və İrandan "Nasim e Tarab" qrupu qalib adını almışlar.

Bildirilmişdir ki, hər iki nominasiya üzrə xüsusi mükafatların sahibləri də müəyyən edilmişdir. Onların da adları martın 19-da bilinəcəkdir.

İnstrumental muğam ifaçılığı üzrə müsabiqənin iştirakçılarını Azərbaycanın xalq artisti, professor Səyavuş Kəriminin sədrliyi ilə Azərbaycandan əməkdar incəsənət xadimi Nazim Kazımov, xalq artisti Ağasəlim Abdullayev, Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine, ABŞ-dan Cefri Verbokdan ibarət münsiflər heyəti seçmişdir.

Solo muğam ifaçılığı müsabiqəsinin iştirakçılarını isə xalq artisti, professor Səyavuş Kəriminin sədrliyi ilə Azərbaycandan xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Fransadan Jan Dürinq, Tunisdən Mahmud Gettat, Tacikistandan Abduvali Abduraşidovun daxil olduqları münsiflər heyəti qiymətləndirmişdir.

Martın 19-da qaliblərin mükafatlandırılması mərasimi və onların iştirakı ilə qala-konsert keçiriləcəkdir.

 

 

Azərbaycan.-2013.- 19 mart.- S.6.