Sədərəkdə bizi günəş qarşılayıb, qar yola saldı

 

Ötən ilin axırlarında muxtar respublikanın sərhəd bölgəsi olan Sədərək rayonunun eyniadlı kəndində bir çox sosial obyektlər, inzibati binalar istifadəyə verildi.

Vəlidağı keçib boz dağlarla əhatələnmiş Sədərəyə çatanda Əjdərkan, Cintəndiri, Ucubiz, Tejgar və Ermənistan tərəfindən işğal olunmuş Kərki ilə Sədərəyi ayıran Saraclı dağları bizi günəşin şəfəqləri ilə qarşıladı. Sədərək kəndinə doğru irəlilədikcə Ağrı dağının başı qarlı zirvəsində topa-topa buludlar hərlənirdi. Kənd mərkəzinə çatanda isə Araz çayından əsən xəfif mehlə birləşən Ağrının soyuq küləyi bizi paltolarımızın düymələrini bərk-bərk bağlamağa vadar etdi. Buna baxmayaraq, yeni istifadəyə verilmiş bazarda qaynar alış-veriş gedirdi. Alıcıların çoxluğu qiymətlərin ucuzluğundan xəbər verirdi. Piştaxtalara yaxınlaşdıqda da bunu müşahidə etdik. Görünür, satıcılara yaradılan şərait satılan məhsulun qiymətinə də təsirsiz ötüşməmişdi.

Bazardan aralanıb kənd ərazi icra nümayəndəliyinə üz tutduq. Burada icra nümayəndəsi Əyyub Mehdiyevlə söhbət etdik. Öyrəndik ki, Sədərək kəndində  8400 nəfərə yaxın əhali yaşayır. Ermənistanla sərhəddə yerləşən kənddə ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən məlum döyüşlərdə 52 sədərəkli şəhid olub. Dəfələrlə dağıntılarla üzləşən Sədərək o dövrdə Naxçıvanın müdafiəsində qəhrəmanlıqla dayanmışdı. Məhz bunun nəticəsində  ümummilli lider Heydər Əliyev Sədərəyi Naxçıvanın alınmaz qalası adlandırıb.

Bu gün burada vətəndaşların əmin-amanlıqla yaşamasında o dövrdə düşmənin yerində oturdulmasının böyük rolu var. Muxtar respublikanın bütün sərhəd yaşayış məntəqələri kimi, Sədərəyin də inkişafı, ilk növbədə, sərhəd bölgələrinə göstərilən xüsusi diqqətin göstəricisi kimi təqdirəlayiqdir. 

Noyabrın 31-də Sədərək kəndində bir neçə obyektin istifadəyə verilməsi 2012-ci ilin yaddaqalan günlərindən biri oldu. Həmin gün Sədərəkdə Kənd mərkəzi, uşaq bağçası, ticarət və xidmət mərkəzi, həmçinin bazar kompleksi istifadəyə verildi. Açılış zamanı çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dedi ki, Sədərəkdə həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan tikinti-quruculuq işləri, istifadəyə verilən sosial obyektlər dövlət qayğısının ifadəsidir. Bu, eyni zamanda iqtisadi gücün və ölkəmizdə mövcud olan sağlam siyasi iradənin nəticəsidir. Dövlət qayğısı, iqtisadi inkişaf və siyasi iradənin vəhdəti ölkəmizin, eləcə də Sədərək rayonunun inkişafında başlıca amildir.

İkimərtəbəli Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi və 75 yerlik iclas zalı yerləşir. Bina fərdi qazanxana vasitəsilə istiliklə təmin olunur.

Kənddə istifadəyə verilmiş sosial obyektlərdən biri də uşaq bağçasıdır. 60 yerlik bağçada 4 qrup var. Lazımi şəraitlə təmin olunmuş bu məktəbəqədər uşaq müəssisəsində müxtəlif yaş qruplarından olan körpələr üçün ayrıca otaqlar, mətbəx fəaliyyət göstərir. Burada yaradılan şərait kəndin balaca sakinlərinin erkən yaş dövründən əqli, fiziki və psixi inkişafı, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətinin üzə çıxarılması, sağlamlığının qorunması, estetik tərbiyəsi istiqamətində böyük rol oynayacaq.

Bazar kompleksində Sədərəkdə istehsal olunan məhsulun satışı üçün hər cür şərait yaradılıb. Ticarət və xidmət mərkəzinin istifadəyə verilməsində məqsəd isə sərhəd bölgəsində insanların firavan yaşayışının və rahatlığının təmin olunması dayanır. Bunlardan əlavə, kənddəki müasir və yeni  orta məktəb binaları da şagirdlərin mükəmməl təhsil almalarına şərait yaradır.

Sədərək kəndi ərazicə böyükdür. Rayonun bir çox infrastruktur idarələri - Rabitə İdarəsi, 26 çarpayılıq üçmərtəbəli rayon mərkəzi xəstəxanası, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon bazası, Yol Təmiri və İstismarı İdarəsi, Kommunal Müəssisələr Kombinatı, Qaz İstismarı Sahəsi, Baytarlıq İdarəsi, mədəniyyət evi, musiqi məktəbi, Yanğın Təhlükəsizliyi İdarəsi burada yerləşir.

Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən biri də yeni su və kanalizasiya xətlərinin çəkilməsidir. Hazırda bu sahədə işlər davam edir. Hər bir həyətə su xətlərinin çəkilişi son mərhələdədir. Kanalizasiya sisteminin qurulması da sürətlənir. Kənd sakini Talıb Mehdiyev bu işlər yekunlaşdıqdan sonra sədərəklilərin problemlərinin böyük bir qisminin həll edilmiş olacağını bildirdi. Digər kənd ağsaqqalı Teymur Quliyev kənddə son illər tikilmiş evlərdən söz açdı. Dedi ki, sədərəklilər öz yurd-yuvalarına bağlıdırlar. Son vaxtlar burada aparılan quruculuq işləri  kənarda yaşayan həmkəndlilərimizin bir çoxunun geri qayıtmasına səbəb olub. Gənclərdən Seymur İsmayılzadə isə dedi: "Kəndimiz düşmənlə sərhəddə yerləşir. Dünən olduğu kimi, bu gün də, sabah da bu vətənin sərhədlərində keşik çəkən əsgərlərimizlə lazım gəldikdə çiyin-çiyinə döyüşmək üçün öz el-obamızı tərk etmərik".

Kənd sakinləri ilə söhbətləşib dəftərçəmə qeydlər etdikdən sonra icra nümayəndəsi Əyyub Mehdiyevlə Çapan çayı boyunca yeni salınmış asfalt yolla söhbətləşə-söhbətləşə irəliləyirik. Maraqlı bir günün təəssüratları vaxtın necə keçib getdiyini unutdurmuşdu. Gələrkən bizi salamlayan günəş də qara buludlar arxasında görünməz olmuşdu. Sədərək kəndindən Naxçıvan şəhərinə doğru yola düşərkən isə maşınımızın pəncərələrinə ağ "kəpənəklər" qonmağa başlamışdı. Gələrkən günəşlə salamlaşdığımız bu qədim yurd yerindən qarla sağollaşaraq ayrılırdıq. Elə maşındaca yazacağımız yazının sərlövhəsi hazır idi: "Sədərəkdə bizi  günəş qarşılayıb, qar yola saldı".

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 19 mart.- S.9.