Bakıda Novruz bayramı
münasibətilə ümumxalq şənliyi
keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
şənlikdə iştirak etmişdir
Prezident İlham Əliyevin nitqi
-
Hörmətli xanımlar və cənablar!
Əziz
dostlar!
Mən
sizi və bütün Azərbaycan xalqını Novruz
bayramı münasibətilə ürəkdən təbrik etmək
istəyirəm. Bütün Azərbaycan xalqına
cansağlığı, xoşbəxtlik arzulamaq istəyirəm.
Novruz
xalqımızın ən sevimli bayramıdır. Azərbaycan
xalqı əsrlər boyu Novruz bayramını qeyd etmişdir.
İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün
dövrlərdə bu bayram hər bir Azərbaycan ailəsində
qeyd edilirdi. Bu gün isə müstəqil Azərbaycanda bu
bayram dövlət bayramı kimi qeyd edilir.
Bir
neçə il bundan əvvəl imzaladığım sərəncam
əsasında Novruz bayramı Azərbaycanda beş gün qeyd
edilir. Əgər şənbə və bazar günlərini əlavə
etsək, vətəndaşlar bir həftə ərzində
istirahət edirlər.
Azərbaycan
xalqı milli-mənəvi dəyərlərinə həmişə
sadiq olmuşdur. Bu dəyərlər bizi bir xalq kimi qoruyub
saxlamışdır. Bu gün müstəqillik dövründə
Azərbaycanda dövlət quruculuğu prosesi də məhz
milli-mənəvi dəyərlər üzərində
qurulmuşdur.
Biz, əlbəttə
ki, ümumbəşəri dəyərləri
bölüşürük, Avropa dəyərlərinə
böyük hörmətlə yanaşırıq. Ancaq bizim
üçün milli dəyərlər, Azərbaycan dəyərləri
hər şeydən üstündür. Müasir müstəqil
Azərbaycan dövləti bu möhkəm zəmin üzərində
qurulmuşdur. Bu gün Azərbaycan bütün istiqamətlər
üzrə uğurla və sürətlə inkişaf edir.
Milli-mənəvi dəyərlər bizim üçün əsas məsələdir. Əlbəttə, elə etməliyik ki, bu dəyərlər gələcəkdə də Azərbaycanda daim üstünlük təşkil etsin. Gənclərimiz, uşaqlarımız, gənc nəsil bu dəyərlər üzərində tərbiyə alsınlar, milli ruhda böyüsünlər, Vətənə bağlı olsunlar, vətənpərvər olsunlar, daim Vətən haqqında düşünsünlər və Vətənin inkişafı üçün əllərindən gələni əsirgəməsinlər. Xüsusilə, indiki zamanda, qloballaşma dövründə bunun daha da böyük əhəmiyyəti vardır. Çünki qloballaşmanın müsbət tərəfləri haqqında kifayət qədər geniş danışılır. Ancaq qloballaşmanın mənfi tərəfləri də vardır. Özümüzü bu mənfi təsirdən qorumaq və gələcəkdə, uzun illər bundan sonra da Azərbaycanı inkişaf yolu ilə irəliyə aparmaq üçün mütləq milli dəyərlər üstünlük təşkil etməlidir.
Bizim bayramlarımız da milli dəyərlərimizdir. Necə ki, milli musiqimiz, ədəbiyyatımız, incəsənətimiz, ana dilimiz - bütün bunlar milli dəyərlərimizi formalaşdırır. Biz ana dilimizi, Azərbaycan dilinin saflığını qorumalıyıq. Necə ki, bizdən əvvəl yaşamış nəsillər ana dilimizi qoruyublar, biz də ana dilimizi qorumalıyıq. Bu gün müstəqil Azərbaycan dövləti bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Artıq 20 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq. Müstəqillik dövründə əldə edilmiş uğurlar kifayət qədərdir. Ancaq ən önəmli məsələ ondan ibarətdir ki, biz daim inkişaf edək, əldə olunmuş uğurlarla kifayətlənməyək, gələcəyə baxaq. Gələcəkdə Azərbaycan hansı istiqamətlər üzrə inkişaf edəcəkdir, Azərbaycanın bölgədəki, dünyadakı rolu necə olacaqdır?! Biz bunu müəyyən edirik. Hesab edirəm ki, müstəqillik dövrünün tarixçəsi deməyə əsas verir ki, Azərbaycan müstəqillik dövründə böyük uğurlara imza atmışdır.
Ancaq hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçirdi. Demək olar ki, 1991-1992-ci illərdə ölkəmizdə baş vermiş özbaşınalıq, anarxiya, xaos, vətəndaş qarşıdurması müstəqilliyimizə böyük zərbə idi. Azərbaycanda müasir dövlət quruculuğu prosesi 1993-cü ildən sonra başlanmışdır. Bütün xoşagəlməz hallara xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi, ölkəmizdə sabitlik yarandı. Sabitlik hər bir ölkə üçün, inkişaf üçün əsas şərtdir. Biz bu gün dünyada müxtəlif yerlərdə qanlı toqquşmaları, sabitliyin pozulmasını görürük.
Dünya birliyi bu məsələləri müzakirə edərkən çıxış yollarını axtarır ki, necə etsin, o ölkələrdə, o bölgələrdə vəziyyət yaxşılığa doğru getsin. Hesab edirəm, artıq bütün mütərəqqi bəşəriyyət açıq-aydın görür ki, hər bir ölkənin uğurlu inkişafı üçün, ilk növbədə, o ölkədə sabitlik olmalıdır.
Ulu öndər Heydər Əliyevin yorulmaz səyləri nəticəsində 1993-cü ildən sonra Azərbaycanda başlanmış sabitlik dövrü bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Əgər o sabitlik o vaxt yaradılmasa idi, Azərbaycanın, ümumiyyətlə, gələcəyi böyük sual altında ola bilərdi.
Sabitliklə bərabər ölkəmizin əsas inkişaf istiqamətləri də məhz o illərdə - 1990-cı illərin ortalarında müəyyən edilmişdir. Çünki o vaxt Azərbaycan müxtəlif istiqamətlər üzrə inkişaf edə bilərdi. Ancaq ulu öndərin baxışları, onun siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi və ölkəmiz üçün ən optimal inkişaf yolunu seçmişdir. Dövlət quruculuğu - hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu əsasında bütün islahatlar başlanmışdır. Siyasi sahədə islahatlar başlanmışdır. Azərbaycan dünya birliyinə uğurla inteqrasiya edə bilmişdir, mötəbər beynəlxalq təşkilatlara üzv olmuşdur.
Eyni zamanda, Azərbaycanda iqtisadi sahədə də bazar iqtisadiyyatı prinsipləri tətbiq edilməyə başlanmışdır. Bu gün Azərbaycan iqtisadiyyatının demək olar ki, 85 faizi bazar iqtisadiyyatı hesabına formalaşır.
Müasir müstəqil Azərbaycanın milli ideologiyasının inkişafı və tətbiqi istiqamətində böyük işlər görülmüşdür. Bu ideologiya yenə də milli- mənəvi dəyərlər üzərində qurulmuşdur. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji dayağımızdır. Bu gün müstəqil Azərbaycan bu ideoloji dayaq üzərində inkişaf edir. Hər bir dövlətin ideoloji dayaqları olmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda ulu öndər tərəfindən müəyyən edilmiş ideoloji əsaslar əhalimizin mütləq əksəriyyətini birləşdirir. Bu ideoloji əsaslara əhalinin mütləq əksəriyyəti müsbət yanaşır. Bu da cəmiyyətimizi, Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələrini birləşdirir. Biz, sözün əsl mənasında, böyük vahid bir ailədə yaşayırıq. Bu, bizim uğurlu inkişafımız üçün əsas şərtlər idi.
Əlbəttə, hər bir ölkənin uğurlu inkişafı iqtisadi müstəqillikdən kənarda həll oluna bilməz. İqtisadi müstəqillik siyasi müstəqilliyi də şərtləndirir. Azərbaycanda son illər uğurlu iqtisadi və siyasi islahatlar paralel olaraq aparılır. Bu islahatlar siyasi müstəqilliyimizi də böyük dərəcədə möhkəmləndirə bilmişdir. Hətta dünya üçün ən ağır illərdə - maliyyə və iqtisadi böhran illərində də Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, əhalinin sosial vəziyyəti yaxşılaşmış və Azərbaycan öz məqsədlərinə çata bilmişdir.
Əgər iqtisadi müstəqillik olmasaydı, istər-istəməz, siyasi arenada da imkanlarımız daha da məhdud ola bilərdi. Bu gün isə Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir. Azərbaycan yalnız öz imkanları ilə inkişaf edir. Siyasəti ancaq öz imkanları əsasında qurur. İqtisadi sahədə aparılan islahatlar həm də insanların gündəlik həyatında öz təsirini göstərir. Eyni zamanda, dünyanın aparıcı beynəlxalq maliyyə və iqtisadi qurumları da bu reallıqları görür və bunu qiymətləndirir. Avropanın aparıcı dövlətlərinin bir neçəsi böhranla üzləşdiyinə görə onların kredit reytinqləri beynəlxalq reytinq agentlikləri tərəfindən aşağı salınır, Azərbaycanın kredit reytinqləri isə artırılır. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Bütün bu statistik göstəricilər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda aparılan düşünülmüş siyasi və iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.
Bu gün Azərbaycan beynəlxalq maliyyə qurumlarının da donor ölkəsinə çevrilibdir. Bizim çox sabit maliyyə vəziyyətimiz imkan verir ki, öz maliyyə resurslarımızı, o cümlədən hüdudlarımızdan kənara da yerləşdirə bilək və beləliklə, bizim təsir imkanlarımız da artır. Biz bölgədə aparıcı ölkəyik. Bölgədə heç bir layihə, heç bir təşəbbüs Azərbaycanın razılığı olmadan həyata keçirilə bilməz. Mən bunu dəfələrlə bildirmişəm. Yaxın tarix onu bir daha göstərir ki, yerləşdiyimiz bölgədə Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs - istər siyasi, istər iqtisadi - həll oluna bilməz. Beləliklə, bizim bölgədəki mövqeyimiz kifayət qədər güclüdür.
Azərbaycan dünya miqyasında da çox
etibarlı tərəfdaş kimi tanınır. Mənim həmkarlarımla
çoxsaylı görüşlər əsnasında bir daha
görmək mümkündür ki, Azərbaycana dünyada
böyük hörmət, böyük rəğbət
vardır. Azərbaycanın müstəqil siyasəti
dünya birliyi tərəfindən qəbul olunur və təqdir
edilir. Əgər belə olmasaydı, dünya dövlətlərini
birləşdirən ən böyük təşkilatın ən
böyük qurumu olan Təhlükəsizlik Şurasına Azərbaycan
üzv seçilə bilməzdi. Bu, bizim tarixi qələbəmizdir
və bu qələbə müstəqilliyimizin 20-ci
ildönümünə təsadüf etmişdir.
Bu
gün Azərbaycan dünya miqyasında söz sahibidir. BMT Təhlükəsizlik
Şurasından yuxarı beynəlxalq qurum yoxdur. Biz artıq
ikinci ildir ki, bu qurumun üzvüyük, bu qurumda
sözümüzü deyirik, prinsipial mövqeyimizi ifadə
edirik. Əvvəlki çıxışlarda qeyd etdiyim kimi,
Azərbaycan bu qurumda beynəlxalq hüququ və ədaləti
dəstəkləyir, müdafiə edir. Biz, eyni zamanda,
Qoşulmama Hərəkatına üzv olmuşuq. Bu da BMT-dən
sonra deyə bilərəm ki, ən böyük təşkilatlardan
biridir və dərhal o təşkilatda da böyük dəstək
qazana bilmişik. Bizim o təşkilatın birinci zirvə
görüşündəki fəaliyyətimiz nəticəsində
Qoşulmama Hərəkatı tarixdə ilk dəfə olaraq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə dair ədalətli qətnamə qəbul
etmişdir. Orada da vurğulanır ki, bu münaqişə
ölkələrin ərazi bütövlüyü prinsipləri
əsasında öz həllini tapmalıdır.
Yəni, bu faktlar özlüyündə bir göstəricidir. Onu demək istəyirəm ki, xarici siyasət istiqamətində qazanılmış uğurlardan daha böyük uğurlar əldə etmək mümkün olmazdı. Eyni zamanda, bizim enerji diplomatiyamız da çox uğurludur və indiki zəmanədə, xüsusilə, dünyada və Avropada enerji resursları ilə bağlı gedən proseslərə nəzər salaraq bir daha bunu görürük ki, enerji siyasətini ümumi diplomatik və siyasi kontekstdən ayırmaq mümkün deyildir. Burada da Azərbaycan söz sahibidir və Azərbaycanın mövqeyi həlledicidir. Nəyə görə? Çünki yenə də qayıdıram 1990-cı illərin ortalarına. O vaxt Heydər Əliyevin qətiyyəti, cəsarəti sayəsində ölkəmizin gələcəyi üçün əvəzolunmaz işlər görülmüşdür. Bütün təzyiqlərə, təhdidlərə, hədə-qorxulara baxmayaraq, Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində "Əsrin kontraktı" imzalandı və o gündən bu günə qədər Azərbaycanın neft strategiyası və ondan sonra enerji diplomatiyası ölkəmizin, xalqımızın milli maraqlarına tam şəkildə xidmət edir. Əgər o illərdə bizim enerji təşəbbüslərimiz demək olar ki, regional kontekstdən çıxmırdısa, artıq Azərbaycanın mövqeyi, addımları, təşəbbüsləri qitə miqyasında enerji xəritəsinə böyük dəyişikliklər etmiş olur. Bu gün Xəzər hövzəsinin enerji resurslarının nəql edilməsi ilə əlaqədar Azərbaycan həlledici sözə sahibdir. Bizim mövqeyimiz həmişə olduğu kimi, ədalətli olubdur və milli maraqlarımıza tam şəkildə cavab veribdir. Azərbaycan tərəfindən irəli sürülmüş enerji təşəbbüsləri əlbəttə ki, ölkəmizin bundan sonrakı uzunmüddətli inkişaf dinamikasını təmin edəcək, eyni zamanda, Azərbaycan tərəfdaş ölkələr üçün əvəzolunmaz partnyora çevriləcəkdir. Əminəm ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də bizim bütün təşəbbüslərimiz həyata keçiriləcək və ölkəmizin uzunmüddətli strategiyası uğurla inkişaf edəcəkdir.
Ancaq bununla bərabər, daxili siyasət tələb edirdi ki, biz enerji amilindən asılılığı azaldaq. Çünki enerji resursları tükənən resurslardır. Biz gələcəyə baxmalıyıq. Baxmayaraq ki, Azərbaycanın qaz və neft ehtiyatları onilliklər bundan sonra da xalqımıza xidmət edəcək, indidən qeyri-neft iqtisadiyyatının möhkəm bünövrəsi qoyulmalıdır və qoyulubdur. Keçən ilin statistik göstəriciləri bunun əyani sübutudur. Keçən il qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artıbdır və iqtisadiyyatın şaxələndirilməsi məsələləri uğurla həll edilir.
Sosial məsələlərin həllinə gəldikdə, biz burada da çox ciddi siyasət aparırıq. Bazar iqtisadiyyatının bəzi hallarda çox acı fəsadları vardır. Bu gün Avropanın bəzi ölkələrində yaşanan böhran və böhrandan doğan etirazlar onu göstərir ki, bazar iqtisadiyyatı heç də hər zaman gəlirlərin ədalətli bölgüsünə gətirib çıxarmır. Belə olan halda mütləq güclü sosial siyasət aparılmalıdır. Azərbaycanda bu, belədir və bazar iqtisadiyyatı istiqamətində aparılan islahatlar insanların rifah halını yaxşılaşdırmışdır. Əmanətlərin qaytarılması, maaşların və pensiyaların mütəmadi qaydada artırılması, ünvanlı sosial proqramın icra edilməsi, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və bütün bu məsələlər böyük maliyyə mənbələri tələb edir. Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır, hər şey Azərbaycan vətəndaşı üçün olmalıdır. Bax, biz gələcək planlarımızı bu kontekstdə qururuq.
Ölkəmiz
üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki,
öz həllini tapmır. Bunun əsas səbəbi Ermənistanın
qeyri-konstruktiv mövqeyidir və vasitəçilərin bu məsələyə
bir növ, biganə münasibətidir. Baxmayaraq ki, kifayət
qədər güclü bəyanatlar səslənmişdir.
Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət
başçılarının məlum bəyanatı
hamımızın yadındadır ki, status-kvo qəbuledilməzdir,
status-kvo dəyişdirilməlidir. Ancaq əslində,
heç bir addım atılmır. Ermənistan, əlbəttə,
maraqlıdır ki, bu vəziyyəti - nə hərb, nə
sülh vəziyyətini nə qədər
mümkündür saxlasın. Ancaq bu bizi qane edə bilməz.
Azərbaycan bütün imkanlardan istifadə edir və edəcək
ki, danışıqlar prosesində tərəqqi, inkişaf
olsun və məsələ tezliklə həll edilsin, Azərbaycanın
ərazi bütövlüyü bərpa edilsin. Ancaq əlbəttə
ki, bu məsələnin həlli istiqamətində atılan
bütün addımlar beynəlxalq hüquq normalarına əsaslanmalıdır.
Bundan kənarda heç bir addım atıla bilməz. Beynəlxalq
hüquq normaları, beynəlxalq təşkilatların qərar
və qətnamələri diktə edir ki, Azərbaycanın
beynəlxalq birlik tərəfindən tanınmış ərazi
bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir.
Biz bütün imkanlardan istifadə edərək ordu
quruculuğu prosesində, diplomatik sahədə atılan
addımlar, iqtisadi məsələlər və digər
regional təşəbbüslər sayəsində
mövqeyimizi gücləndiririk.
Azərbaycan
ildən-ilə güclənir, Ermənistan isə ildən-ilə
zəifləyir. Ermənistandan, onların statistik göstəricilərinə
görə ildə ən azı 100 min adam gedir, ölkəni
tərk edir. Əlbəttə, əgər biz bu məsələyə
tarixi cəhətdən yanaşsaq, heç kimdə
şübhə olmaz ki, bu məsələ ədalətli həllini
tapacaqdır və Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir.
Çünki inkişaf onu göstərir ki, bu məsələnin
başqa həlli ola bilməz. Heç vaxt Azərbaycan bu vəziyyətlə
barışmayacaqdır. Heç vaxt Azərbaycan öz
torpaqlarında ikinci qondarma erməni dövlətinin
yaradılmasına imkan verməyəcəkdir. Erməni
dövləti tarixi Azərbaycan torpaqlarında
yaradılmışdır. İrəvan xanlığı, Zəngəzur,
Göyçə - bütün bunlar bizim tarixi
torpaqlarımızdır. 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti tərəfindən İrəvanı Ermənistana
bağışlamaq da heç kimin yadından
çıxmayıbdır. Yəni, bu, tarixi həqiqətdir.
İkinci dəfə Azərbaycan torpağında qondarma erməni
dövləti yaradıla bilməz. Bu, heç vaxt
olmayacaqdır. Ancaq biz çalışırıq və
çalışmalıyıq ki, tezliklə məsələni
həll edək. Məsələnin bizim xeyrimizə həll
edilməsinə mənim heç bir şübhəm yoxdur.
Sadəcə olaraq, nə vaxt və hansı yollarla?! Hələ
ki, biz diplomatik yollara üstünlük veririk. Bununla bərabər,
öz gücümüzü artırırıq. Ermənistanı
bütün regional proqramlardan kənarda saxlayırıq.
Onları bütün layihələrdən təcrid
etmişik. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir.
Azərbaycanla rəqabət aparmaq üçün onların
nə imkanı, nə insan resursları, nə iradəsi, nə
də gücü vardır. Azərbaycan bu gün güclü
dövlətdir. Həm siyasi cəhətdən, həm iqtisadi
cəhətdən, bütün cəhətlərdən. Azərbaycan
öz gücünü göstərir və göstərəcəkdir.
Bu
gün bu gözəl bayramı qeyd edərkən, deyə bilərəm
ki, son illər ərzində bütün bölgələr
kimi, Bakı şəhəri də gözəlləşir,
abadlaşır. Bakı bu gün dünya miqyasında ən
gözəl şəhərlərdən birinə
çevrilir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir,
bunu vurğulayır. Bu, doğrudan da çox sevindiricidir.
Bakı bizim mərkəzimizdir, ürəyimizdir,
paytaxtımızdır.
Hər
birimiz çalışmalıyıq ki, Bakı daha da gözəlləşsin,
abadlaşsın. Son illər ərzində Bakının
abadlaşdırılması üçün çox
böyük işlər görülmüşdür. 2011-ci
ildə Bakıətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul
edilmişdir. Proqram bu ilin sonuna qədər başa
çatmalıdır və qəsəbələrdə
mövcud olan bütün infrastruktur məsələləri
öz həllini tapacaqdır.
Bakıda
yeni parklar salınır, ictimai yerlər yaradılır,
böyük quruculuq işləri aparılır. Mən metro
tikintisini xüsusilə qeyd etmək istəyirəm. Bu günə
qədər bizim 23 stansiyamız vardır. Son bir neçə
il ərzində üç stansiya istismara verilmişdir. Ancaq
qəbul edilmiş master-plan əsasında 2030-cu ilə qədər
Bakıda 70 metro stansiyası olmalıdır. Bu işlər
ardıcıllıqla aparılır.
Böyük
istirahət zonaları, parklar salınır, avtomaşın
parkinqləri tikilir. Buna da böyük ehtiyac vardır.
Çünki hər il ölkəmizə 100 minlərlə
avtomaşın idxal edilir. Azadlıq meydanının
altında böyük parkinq tikilir, yaxın aylarda istifadəyə
veriləcəkdir. Ən böyük parkinq isə Heydər Əliyev
Sarayının arxasında tikilir. Orada təqribən dörd
minə qədər avtomaşının saxlanması
üçün imkan olacaqdır. Eyni zamanda, parkinqin
üstündə gözəl park salınır. Onun
uzunluğu bir kilometr, eni isə 150 metrdir. Yəni, şəhərimizin
ən böyük istirahət zonası olacaqdır, əlbəttə
ki, bulvardan sonra.
Bakı
bulvarı da genişlənir. Artıq yeni bulvar istifadəyə
verilmişdir. Bayraq Meydanında son tamamlama işləri
aparılır. Bir-iki aydan sonra Bayraq Meydanı da tamamilə vətəndaşlar
üçün açılacaqdır. Bayraq Meydanından
Bibiheybət istiqamətinə bulvarın tikintisi davam edir. Bulvarın
uzunluğu artıq 15 kilometrdən çox olacaqdır və
yaxın aylarda o yerlər də vətəndaşlar
üçün açılacaqdır. Eyni zamanda, bu ildən
başlayaraq dəniz vağzalından Zığ istiqamətinə
bulvarın uzadılması layihəsi artıq icra edilməyə
başlayıb. İlkin işlər görülmüşdür.
Orada da çoxsaylı köhnəlmiş müəssisələr,
binalar vardır. Orada da təmizlik işləri
görülür, bütün köçürmələr
aparılır, yüksək kompensasiya ödənilir. Beləliklə,
Bakı bulvarı daha da böyüyəcək, uzanacaqdır.
Bu da əlbəttə ki, şəhərimizi daha da gözəlləşdirəcək,
insanların istirahəti üçün daha da yaxşı
şərait yaradacaqdır.
Əlbəttə,
Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən
biridir. Eyni zamanda, mötəbər beynəlxalq tədbirlər
də Bakıda indi mütəmadi qaydada keçirilir. Hər
həftə, demək olar ki, beynəlxalq konfrans, hansısa tədbir,
yaxud da idman yarışı keçirilir. Ötən il
"Evrovizion" mahnı müsabiqəsi böyük
uğurla keçirilmişdir. Bu il Davos İqtisadi Forumunun
Bakıda keçirilməsi gözlənilir. Bu da ölkəmizə
və şəhərimizə göstərilən
böyük etimaddır. Əlbəttə, biz hamımız
2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına
hazırlaşırıq. Hazırlıq işləri
başlamışdır və dünya tarixində ilk Avropa
Oyunları Azərbaycanda keçiriləcəkdir. Bunun da
çox böyük rəmzi mənası vardır.
Bir
sözlə, hər bir vətəndaş
yaşadığı yerdə öz səylərini göstərməlidir
ki, ölkəmiz daha da inkişaf etsin, çiçəklənsin,
insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan
uğurla irəliyə getsin. Mən əminəm ki, bundan
sonra da bizim inkişaf yolumuz həmişə açıq
olacaqdır. Azərbaycan inkişaf və tərəqqi yolu ilə
uğurla gedir. Əminəm ki, bundan sonra da uğurla gedəcəkdir.
Bir
daha, əziz dostlar, sizi və bütün Azərbaycan
xalqını bu gözəl Novruz bayramı münasibətilə
ürəkdən təbrik edirəm. Bayramınız mübarək
olsun!
* * *
Sonra
dövlət başçısı, xanımı Mehriban Əliyeva
və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
bayram konsertinə baxdılar.
Daha
sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva
Milli Parkda nümayiş etdirilən Azərbaycan
xalçalarının nümunələri və toxuma prosesi
ilə tanış oldular.
Dövlət
başçısını və xanımını Novruz
bayramının əsas personajları olan Kosa və Keçəl
qarşıladılar.
Kosa
və Keçəl Prezidenti və xanımını bayram
münasibətilə təbrik etdilər, dövlət
başçısı ilə yumurta
döyüşdürdülər.
Azərbaycan
Prezidenti və xanımı həmçinin gənc rəssamların,
modelyerlərin və el sənətkarlarının əl
işlərinə tamaşa etdilər.
Güləşçilərin
və Azərbaycan Qol Güləşi Federasiyasının
üzvlərinin çıxışları diqqətlə
izlənildi. Prezident İlham Əliyev federasiyanın üzvləri
ilə görüşdü, xatirə kitabına ürək
sözlərini yazdı. Dövlət başçısı
burada qol güləşdirdi.
Sonra
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Milli
Kulinariya Mərkəzinin nümayəndələri ilə
söhbət etdilər.
Azərbaycan
Prezidenti manqalda bişirilən kababın dadına baxdı.
Ulu
babalarımızdan bugünkü nəslə yadigar qalan qədim
el sənətlərinin nümayiş olunduğu mərasimdə,
həmçinin Novruz bayramının rəmzi olan müxtəlif
şirniyyat nümunələri də təqdim edilirdi.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və
Leyla xanım Əliyeva bayram şirniyyatlarını
daddılar, çay içdilər.
Milli Parkda təşkil edilən "Şərq bazarı" bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar, zorxana güləşçiləri, idmançılar məharətlərini göstərirdilər. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Leyla xanım Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar.
Pəhləvanlarla xatirə şəkli çəkdirildi.
Dövlət
başçısı və xanımı bərəkətli
Azərbaycan torpağında yetişdirilmiş məhsulların
bayram şənliyi çərçivəsində təşkil
edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif
rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri
də şənlik iştirakçılarında maraq
doğurdu.
Azərbaycan
Prezidenti onun pişvazına və bayram gəzintisinə
çıxmış Bakı sakinlərinə və
paytaxtımızın qonaqlarına Novruz münasibətilə
bir daha xoş arzularını yetirdi.
Novruz
bayramı münasibətilə keçirilən şənliklərdə
Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev və digər rəsmi şəxslər
iştirak edirdilər.
Bayram
şənliyi incəsənət ustalarının, el sənətkarlarının
ifasında rəngarəng konsert proqramı ilə axşamdan
xeyli keçənədək davam etdi.
AzərTAc
Azərbaycan.-2013.- 20 mart.- S.1;2.