Bakıda keçirilən «Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi» mövzusunda beynəlxalq konfrans işini növbəti sessiyalarla davam etdirmişdir

 

Martın 19-da Bakıda Azərbaycan hökumətinin, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin (UNODC) təşkilatçılığı ilə keçirilən "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans işini növbəti sessiyalarla davam etdirmişdir.

AzərTAc xəbər verir ki, "Terrorizmlə əlaqədar mövcud stereotiplərin və terrorizmin mübarizə vasitəsinə çevrilməsinin qarşısının alınması, dərk edilməsi və bu mövzuda dialoqun əhəmiyyəti" mövzusunda ikinci sessiyanın moderatoru, Paris İnstitutunun siyasi elmlər üzrə professoru xanım Şarbanu Tacbaxş konfransın keçirilməsinə görə təşkilatçılara və Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Konfransın əhəmiyyətini vurğulayan Şarbanu Tacbaxş qeyd etmişdir ki, tədbirdə səslənən təkliflər terrorizmin qarşısının alınmasına mühüm töhfəsini verəcəkdir.

Şarbanu Tacbaxş qeyd etmişdir ki, heç bir din terroru tanımır. Terrorçuluğun din ilə əlaqəsinin olmadığını bildirən Paris İnstitutunun professoru dini icmaların bu mövzuda bəşəriyyəti maarifləndirməsinin zəruriliyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, terrorçuluğun aradan qaldırılması istiqamətində bütün ölkələr birgə səy göstərməlidirlər.

Beynəlxalq Din və Diplomatiya Mərkəzinin direktoru Duqlas Conston dünyada baş verən terror aktlarından və onunla mübarizə istiqamətində atılan addımlardan danışmışdır. Bildirilmişdir ki, terrorçuluq heç bir sərhəd tanımır və heç bir dövlət bu bəla ilə təkbaşına mübarizə apara bilməz. Biz bu problemi yalnız hərtərəfli əməkdaşlıqla aradan qaldıra bilərik.

"Mədəniyyətlər arasında dialoq və sivilizasiyaların birliyi və onların terrorçuluqla mübarizədə rolu" mövzusunda çıxış edən Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer tədbirin əhəmiyyətindən danışmışdır. V.Şvimmer terrorçuluqla əlaqələrin mövcud stereotiplərinin qarşısının alınmasının vacibliyini diqqətə çatdırmışdır. O vurğulamışdır ki, terrorçuluğa qarşı mübarizə bütün dünya ölkələri tərəfindən durmadan həyata keçirilməlidir. Çünki onunla bir ölkənin təkbaşına mübarizə aparması mümkün deyildir. O, bu aktları törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin və onların cinayət məsuliyyətinə cəlb olunmalarının vacibliyini demişdir.

"Radikallaşma terror aktı törətmək üçün bir səbəb kimi" mövzusunda çıxış edən tanınmış jurnalist Ahmed Raşid terrorçuluğun aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Qlobal terrorçuluğa qarşı mübarizə yollarının ətraflı araşdırılmasının vacibliyini vurğulayan A.Raşid bildirmişdir ki, ekstremizm islam dini ilə eyniləşdirilə bilməz.

Terrorçuluğa qarşı Mübarizə Komitəsinin sədri Mike Smith "Terror aktı törətmək üçün təhrik etmənin qadağan olunması" mövzusunda çıxış etmişdir. Terrorçuluğun qarşısının alınması istiqamətində görülən işlərdən danışan M.Smith bəşəriyyəti terrorçuluqdan qorumağın yollarından bəhs etmişdir. O həmçinin bu sahədə fərdi proqramların hazırlanmasının vacibliyini də vurğulamışdır.

Azərbaycan hökumətinə tədbirin təşkilinə görə təşəkkürünü bildirən BMT TŞ-nin Əl-Qaidə və onunla əlaqədə digər terrorçu qruplaşmalara qarşı Sanksiyalar Komitəsinin keçmiş sədri Riçard Barrett "İnternetin terrorçuluq məqsədi ilə istifadəsinin qarşısının alınması" mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, kiberhücumlar, şpionluq və terrorçuluq bütün dünyanı cənginə almışdır. Bütün dövlətlərin terrorçuluqla mübarizədə maraqlı olduğunu deyən Riçard Barrett vurğulamışdır ki, terror qrupları əsasən son zamanlar internet vasitəsilə daha çox işlər görürlər. Onlayn terrorizmin hazırda daha çox istifadə edilən forma olduğunu deyən BMT rəsmisi buna hüquqi və texniki cəhətdən yanaşmanın vacibliyini vurğulamışdır.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Terrorçuluğa Qarşı Mübarizə bölməsinin rəhbəri Marta Rekuenanın "Terror qurbanlarına dəstək göstərilməsi və dövlətlərin, vətəndaş cəmiyyətinin terrorçuluqla mübarizəsində terror qurbanlarının rolu" mövzusundan məruzəsi dinlənilmişdir. Marta Rekuena bildirmişdir ki, terror qurbanları prioritet məsələdir. Hər birimiz terror qurbanlarının sayının azaldılması istiqamətində üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik.

Sessiyanın sonunda mövzu ilə bağlı müzakirələr aparılmış, rəy və təkliflər səsləndirilmişdir.

Sonra konfrans "Terrorizmin qarşısının alınması və terrorizmlə mübarizə sahəsində ölkələrin imkanlarının gücləndirilməsində beynəlxalq tərəfdaşların rolu" mövzusunda üçüncü sessiya ilə davam etmişdir.

Sessiyanın moderatoru, Terrorizmə qarşı Mübarizə Mərkəzinin direktoru Peter Knup rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən danışmışdır. Bildirilmişdir ki, terrorizmlə mübarizə tək bir təşkilatın və ya bir ölkənin işi deyildir. Bu cür tədbirlərin həyata keçirilməsi bütün bəşəriyyət üçün vacibdir.

Peter Knup insanları terrorçuluğa vadar edən səbəblərin araşdırılmasının zəruriliyini xüsusi vurğulamışdır.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Müqavilələr şöbəsinin rəhbəri Con Sandeyc terrorçuluğa qarşı mübarizə ilə bağlı ayrı-ayrı ölkələrdə görülən işlərdən bəhs etmişdir. O, bu istiqamətdə müəyyən ixtisaslaşmış təcrübə proqramlarının vacibliyini diqqətə çatdırmışdır. Con Sandeyc terrorizmlə mübarizədə müəyyən təlimlərin və kursların keçirilməsi ilə bağlı təkliflərini bildirmiş, sessiyanın bu istiqamətdə görülən işlərə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Konfransın yüksək səviyyədə təşkil edildiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Ərəb Dövlətləri Liqasının nümayəndəsi Məhəmməd Rizvan bin Xadra terrorçuluqla mübarizədə birgə layihələrin, təcrübə mübadilələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Qeyd edilmişdir ki, ərəb dövlətlərində də terrorçuluqla mübarizədə konkret addımlar atılır.

Daha sonra "Terrorizmin qarşısının alınması və terrorizmlə mübarizə sahəsində ölkələrin texniki yardımla təmin edilməsində vətəndaş cəmiyyətinin rolu", "Terrorizmlə mübarizə sahəsində milli imkanların qurulması üçün ölkələrin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq perspektivləri" mövzularında məruzələr dinlənilmiş, fikir mübadilələri aparılmışdır.

Bununla da, konfrans işini başa çatdırmışdır.

 

 

Azərbaycan.-2013.- 20 mart.- S.5.