Azərbaycan Gürcüstanın müstəqilliyinin və inkişafının təminatçısıdır

 

Eyni bölgədə yerləşdiklərindən Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin qədim və zəngin tarixi var. Tarixin ən ağır sınaqlarından çıxan bu əlaqələr mərhələ-mərhələ inkişaf edib, genişlənib və hər dəfə yeni mahiyyət kəsb edib. İstər 1918-1920-ci illərdə, istər sovet dövründə Azərbaycan və gürcü xalqları arasında əlaqələr daha da genişlənib. Azərbaycan və Gürcüstan dövlət müstəqilliklərini bərpa etdikdən sonra isə Cənubi Qafqazın bu iki ölkəsi arasında münasibətlər yeni mərhələyə qədəm qoyub.

Öncə qeyd edək ki, yüz minlərlə azərbaycanlı Gürcüstanda yaşayır. Odur ki, bu ölkədə ictimai-siyasi sabitliyin mövcud olması Azərbaycan üçün olduqca vacibdir. Dövlət müstəqilliyinin bərpasının ilkin çağlarında Gürcüstanda baş qaldırmış mənfi meyillərin, siyasi qarşıdurmaların, o cümlədən millətçilik çağırışlarının yerli azərbaycanlıları təhdid etməsi insanların yaddaşlarındadır. Odur ki, 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin əsas diqqət yetirdiyi məsələlərdən biri də Gürcüstanla əlaqələrin yeni məcrada inkişaf etdirilməsi, o cümlədən bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti oldu. Azərbaycan dövlətinin xarici və daxili siyasətində milli mənafeləri təmin edən strategiyanın həyata keçirilməsi tezliklə özünü göstərməyə başladı.

Ümumiyyətlə, o dövrdə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında münasibətlərin daha da güclənməsini zəruri edirdi. Təsadüfi deyil ki, istər regional, istərsə də qlobal məsələlərdə Azərbaycan və Gürcüstan həmişə eyni mövqedən çıxış edib. Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni neft strategiyası isə Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihəsi iki ölkəni bir-birinə daha da yaxınlaşdırdı. Bununla da Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən birinə çevrildi. Buna paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirdi. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verərək strateji xarakter aldı.

2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilən İlham Əliyev bütün məsələlərdə olduğu kimi, Gürcüstanla əlaqələrin inkişafı üçün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yolu davam etdirdi. O dövrdə Gürcüstandakı hakimiyyət dəyişikliyi bu ölkənin Azərbaycana marağını nəinki zəiflətmədi, əksinə, münasibətlərin daha da inkişafı üçün yeni dövr başladı. 2004-cü il martın 4-5-də Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana, 2004-cü ilin iyun ayında isə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfərləri zamanı Gürcüstanla Azərbaycanın strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkələr olduğu bəyan edildi.

2004-cü ildən indiyədək Azərbaycanın və Gürcüstanın prezidentləri dəfələrlə qarşılıqlı rəsmi və işgüzar səfərlər ediblər. Bu səfərlərin hər biri ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yüksəlişinə təkan verən mühüm məqamlarla yadda qalıb. Məhz bu illərdə BTC neft və BTƏ qaz kəmərlərinin inşası başa çatdırılıb, Azərbaycanın hasil etdiyi neft və qazın dünya bazarına çıxarılması təmin olunub.

Xüsusilə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək ən mürəkkəb vəziyyətlərdə belə, Gürcüstanın üz-üzə qaldığı problemlərin həll olunmasında qətiyyətli və cəsarətli siyasət nümayiş etdirib. Məlum olduğu kimi, Gürcüstanın enerji infrastrukturunda problemlər yarananda bu ölkənin əhalisi qışın soyuğunda çətin şəraitdə qalanda məhz Azərbaycan köməyə gəldi, öz yardımını etdi. Bu, Azərbaycanın strateji tərəfdaşlıq öhdəliyinə sadiqliyinin göstəricisidir. Hazırda Gürcüstanın təbii qaza olan tələbatı Azərbaycan qazı hesabına təmin edilir.

Regionda iqtisadi liderliyini təmin edən Azərbaycan həm də sərmayədar ölkə kimi nüfuz qazanmaqdadır. Azərbaycan dövlətinin və iş adamlarının əsas sərmayə yatırdıqları ölkələrdən biri isə Gürcüstandır. Son illərdə Azərbaycan Gürcüstana böyükhəcmli sərmayələr qoymaqla, bu ölkənin iqtisadi inkişafına kömək göstərib. Buna misal olaraq, Kulevi neft terminalının inşasını göstərmək olar. Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşən Kulevi neft terminalı və limanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bu ölkəyə yatırılmış ən əhəmiyyətli investisiya layihələrindən biridir. Kulevi neft terminalı və limanı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Bundan başqa, azərbaycanlı iş adamları Gürcüstanda digər mühüm sahələrə də sərmayələr yatıraraq bu ölkənin sosial-iqtisadi inkişafına töhfələr verirlər.

Azərbaycan dövlətinin birbaşa təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars kimi dünya əhəmiyyətli layihə də ölkəmizin Gürcüstanla strateji tərəfdaşlığa sadiqliyinin təsdiqidir. Bu layihə Gürcüstan üçün tranzit əhəmiyyəti, xüsusən bu ölkənin Avropaya inteqrasiyası, iqtisadi asılılığının aradan qaldırılması, dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsi və ən azından Cənubi Qafqazdakı mövqelərini bir qədər də möhkəmləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Energetika, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr Azərbaycanla Gürcüstanın əlaqələrini gücləndirir, iki ölkə xalqının rifah halının yaxşılaşdırılmasına xidmət göstərir. Bütün bunlar, eyni zamanda, bölgədə gedən proseslərə də müsbət təsir göstərir. Çünki bütövlükdə Cənubi Qafqazda sabitliyin, sülhün, əməkdaşlığın dərinləşməsi üçün Azərbaycanla Gürcüstanın ortaq layihələri xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı, Azərbaycan tərəfinin və azərbaycanlı iş adamlarının Gürcüstana yatırdıqları sərmayələr həm də minlərlə yeni iş yerinin açılması, dövlət büdcəsinin gəlirlərinin artması deməkdir. Buradan da göründüyü kimi, Gürcüstanın iqtisadi inkişafında, vətəndaşlarının sosial rifahının yüksəlməsində Azərbaycan dövlətinin rolu olduqca böyükdür.

Bu fikir Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana bu günlərdə etdiyi rəsmi səfəri zamanı da təsdiq olundu. Mətbuata bəyanatla çıxışında "Azərbaycan həm regionda, həm də qlobal müstəvidə vacib bir dövlətdir və bir sıra strateji təşəbbüslərin müəllifidir. İstər regionda, istərsə də geniş Avrasiya məkanında müsbət ab-havanın yaranmasında Azərbaycanın müstəsna xidmətləri vardır. Eyni zamanda, Azərbaycan bizim müstəqilliyimizin, inkişafımızın təminatçısıdır və hər birinizə öz təşəkkürümü bildirirəm, xüsusilə də cənab Prezident, Sizə" - deyən Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan dövlətinin Gürcüstan üçün rolunu bəyan etdi.

Gürcüstan Prezidentinin Azərbaycana səfəri bir daha bu ölkələrin rəhbərləri arasında həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin davamlı xarakter aldığını göstərir. Mətbuata bəyanatla çıxışında Azərbaycan-Gürcüstan əlaqələrinin böyük və uğurlu yol keçdiyini deyən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu əlaqələrin gələcək illərdə də inkişafı həm Gürcüstan, həm də Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyan amil olacaqdır: "Bu əlaqələr çox möhkəm təməl üzərində qurulubdur. Bizim xalqlarımız əsrlər boyu bir yerdə olmuşdur, bir-birinə arxa-dayaq olmuşdur və biz müasir münasibətləri bu möhkəm tarixi zəmin üzərində qururuq. Müstəqillik dövründə Gürcüstan və Azərbaycan strateji müttəfiqlər səviyyəsinə çatmışlar. Bu gün bu müttəfiqlik münasibətləri inkişaf edir və möhkəmlənir. Əminəm ki, bu əlaqələrin gələcək illərdə də inkişafı həm Gürcüstan, həm də Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyan amil olacaqdır".

Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri zamanı ikirtərəfli əlaqələrə dair bir çox məsələlərə nəzər salındı, bir neçə il öncə soyuq qış günlərində qazsız və elektriksiz qalan gürcü xalqına Azərbaycandan gələn dost yardımı xatırlandı, Azərbaycan-Gürcüstan dostluğu dünyada qonşuluq münasibətlərinə bir nümunə kimi dəyərləndirildi. Hazırda Azərbaycan-Gürcüstan münasibətləri, demək olar ki, bütün sahələri əhatə edir. Bu münasibətlər həm də Cənubi Qafqazda sülh və əmin-amanlığın başlıca şərtidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu müsbət meyillər gələcək illərdə də davam edəcək, iki dost və qardaş ölkə həmişə olduğu kimi, bir yerdə olacaqlar.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 28 mart.- S.4.