Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü qeyd olunmuşdur

 

Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 94 il ötür.

Peşə bayramı münasibətlə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin əsaslarını qoymuş, müstəqillik illərində bu nazirliyin milli maraqların və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.

Sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş və məzarları üstünə güllər düzmüşlər.

"Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş milli təhlükəsizlik orqanları əməkdaşlarının da xatirəsi yad edilmiş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.

Bayram mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilmişdir.

Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilmişdir.

Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dövlət himni səsləndirilmişdir.

Nazir Eldar Mahmudov ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu ali təhsil ocağının şəxsi heyətini, dinləyiciləri və kursantları Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü münasibətilə təbrik etmiş, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə xidmətdə, təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra kursantlar təntənəli marşın sədaları altında tribunanın önündən keçmişlər.

Tədbirin sonunda "Şöhrət" Muzeyində mükafatlandırma mərasimi keçirilmiş, xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara və kursantlara medallar, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.

Təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü münasibətilə təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin akt zalında daha geniş tərkibdə davam etdirilmişdir.

General-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik etmişdir.

Nazir inkişaf istiqamətləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının ötən ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qazanılan uğurların ölkənin beynəlxalq nüfuzunu daha da artırdığını bildirmişdir. Bu inkişaf kursunun həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyinin də yaxından iştirakı, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyəti milli maraqlarımızın qorunmasına xidmət edir. Habelə, Azərbaycanın sağlam investisiya və təhlükəsizlik mühitinə malik ölkə və etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə öz töhfəsini verir.

Eldar Mahmudov ötən müddət ərzində görülmüş işlər barədə məlumat verərək, preventiv tədbirlər sayəsində ölkəmizə və milli mənafelərimizə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin aşkarlanması və qabaqlanması istiqamətində səmərəli nəticələr əldə olunduğunu qeyd etmişdir. Azərbaycan Respublikası, o cümlədən onun Silahlı Qüvvələri əleyhinə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə, habelə terrorçuluğa qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır. Ölkənin xarici siyasət kursunun uğurla həyata keçirilməsinə əlverişli şəraitin yaradılmasına yönəlmiş kəşfiyyat fəaliyyəti nəticəsində rəqib və düşmən dövlətlərin plan və niyyətləri barədə vaxtında məlumatların əldə olunması mühüm əhəmiyyət kəsb edir.

Həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində dövlət təhlükəsizliyi zərərinə olaraq dövlətə xəyanətdə, terror aktına hazırlıqda, külli miqdarda qanunsuz odlu silah, döyüş sursatının əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən 7 nəfərdən ibarət qrup ifşa edilmişdir.

Digər əks-kəşfiyyat əməliyyatları nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə, terrorçuluğa hazırlıqda, qanunsuz odlu silah əldə edilməsi və başqa ağır cinayətlərin törədilməsində təqsirli bilinən, xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 22 nəfərdən ibarət daha bir qrup zərərsizləşdirilmişdir.

Nazir Eldar Mahmudov Azərbaycanda ilk dəfə təşkil olunan "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində bəzi dairələrin və beynəlxalq terrorçu birləşmələrin təxribat-pozuculuq və terror niyyətlərinin qarşısının alındığını bildirmiş, paytaxtda və ölkənin müxtəlif bölgələrində həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində 58 nəfər radikal meyilli təqsirli şəxsin istintaqa cəlb olunduğunu qeyd etmişdir.  Təhlükəsizlik tədbirlərinin səmərəli həyata keçirilməsində ölkəmizin aidiyyəti hüquq-mühafizə orqanlarının məqsədyönlü və əlaqəli şəkildə fəaliyyət göstərdikləri vurğulanmışdır.

Azərbaycan Respublikasının konstitusiya quruluşu əleyhinə, xarici dövlətin maddi və ideoloji dəstəyi ilə din pərdəsi altında kütləvi iğtişaşlar təşkil etməyə, eləcə də təriqətlərarası düşmənçilik salmaqda cəhdə görə 12 nəfər məsuliyyətə cəlb olunmuşdur.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və sair kimi mütəşəkkil cinayətkarlıq halları ilə mübarizə sahəsində də işlər uğurla davam etdirilmişdir. Transmilli mütəşəkkil cinayətkar dəstələrdən və ayrı-ayrı şəxslərdən ümumilikdə 457 kiloqrama yaxın narkotik vasitə götürülmüşdür. Cinayətkar dəstələrin birində narkotiklərlə yanaşı, müxtəlif çaplı odlu silah, döyüş sursatı və hərbi ləvazimat aşkarlanmışdır. Bu və digər faktlarla bağlı 38 cinayət işi başlanmış, ümumilikdə 116 nəfər yerli və xarici vətəndaş istintaqa cəlb olunmuşdur.

Qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində yerli və xarici vətəndaşlar tərəfindən gömrük nəzarətindən kənar Rusiya Federasiyası ərazisindən ölkəyə külli miqdarda tütün məmulatları, spirtli içkilər və balıq kürüsü, qaz silahları, pnevmatik tapançalar, elektroşokerlər və sair qanunsuz ləvazimat gətirilməsi faktları aşkar edilmişdir.

Bununla yanaşı, respublikamızın mədəni və tarixi sərvəti sayılan, təxminən eramızdan əvvəl başlayaraq müxtəlif vaxtlarda Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərə aid gümüş və mis pulların qaçaq yolla ölkədən çıxarılmasının qarşısı alınmışdır.

Ötən il ərzində nəzarətdənkənar beynəlxalq rabitə xidmətinin təşkili, kompyuter sisteminə qanunsuz daxil olma, preparatların, qiymətli daş-qaşın xarici dövlətlərdən qaçaq yolla gətirilməsi halları müəyyən edilmişdir. Bu faktlar, habelə dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların vəsaitlərinin mənimsənilməsi faktları üzrə 11 cinayət işi başlanılmış, 27 nəfər yerli və xarici vətəndaş istintaqa cəlb olunmuşdur.

Ötən dövr ərzində saxta bank əməliyyatlarının aparılması, saxta sənədlər əsasında hərbi xidmətdən möhlət alınması və eyni üsulla külli məbləğdə vəsaitin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə faktları aşkar olunmuşdur. Həmçinin yüksək vəzifəli şəxslərin adından istifadə ilə tikinti sahəsində tenderlərin udulmasına vasitəçilik edilməsi, icazəsiz beynəlxalq rabitə xidmətinin təşkili ilə bağlı qanunsuz sahibkarlıq, ali təhsil haqqında və şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması, saxta sənədlərlə kredit vəsaitlərinin əldə edilməsi, plastik bank kartlarının elektron məlumatlarının oğurlanması halları müəyyənləşdirilmişdir. Həmin faktlar, eləcə də respublikanın və MDB ölkələrinin ali təhsil müəssisələrinə tələbə qəbul etdirmək adı altında vətəndaşların aldadılması və sair cinayətlərlə bağlı Milli Təhlükəsizlik Nazirliyinin materialları əsasında ayrı-ayrı istintaq orqanlarında 26 cinayət işinin istintaqı aparılır.

Nazir demişdir ki, Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, düşmənə qarşı informasiya mübarizəsi işi daha məqsədyönlü və müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılır. Ermənistanı təcavüzkar və terrorçu dövlət kimi tanıtmaq, xüsusilə Xocalı soyqırımının dünyada tanınması üzrə digər dövlət orqanları və ictimai təşkilatlarla əlaqəli fəaliyyət ötən il uğurlu olmuşdur.

Ümumən, Ermənistanla bağlı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması bütün fəaliyyət istiqamətlərimiz üzrə prioritet təşkil edir. Bu yöndə fəaliyyət, eyni zamanda, aidiyyəti qurumlar və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən əlaqəli və fəal surətdə aparılır.

Uğurların qazanılmasında, sözsüz ki, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq münasibətləri də mühüm yer tutur. Həmçinin xarici tərəfdaşlarla da işgüzar əlaqələr inkişaf edir.

Azərbaycanın sürətlə inkişaf etdiyini, nüfuzunun artdığını, respublikanın bir çox mötəbər tədbirlərin, eləcə də mədəniyyətlərarası dialoqların keçirildiyi mərkəzə çevrildiyini bildirən nazir Eldar Mahmudov, bütün bu nailiyyətlərin müəyyən pozucu qüvvələr və düşmən dairələr tərəfindən qısqanclıqla qarşılandığını vurğulamışdır. Son dövrlər bəzi xarici dairələr tərəfindən təhdidlərin artması, antiazərbaycan fəaliyyətə müxtəlif pozucu elementlərin cəlb edilməsi müşahidə olunur. Son hadisələr də bu məqamı təsdiqləyir. Bəzi dövlətlərin xüsusi xidmət orqanları və dini ekstremist dairələr ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Dağıdıcı qüvvələr tərəfindən sabitliyin pozulması, ölkənin imicinə xələl gətirilməsi üçün səylər göstərilir. İctimaiyyətə məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun birgə tədbirləri nəticəsində bir qrup şəxs saxlanılmış, onların yaşadıqları ünvanlardan icazəsiz mitinqlərdə istifadə üçün butulkalarda "Molotov kokteyli" adlanan maye aşkar edilmişdir. Qeyd olunmalıdır ki, antiazərbaycan dairələr öz fəaliyyətlərini ölkəmiz üçün həssas sayılan dövrlərdə xüsusilə genişləndirməyə çalışırlar. Təhlükəsizlik və sabitlik həm normal yaşayış və fəaliyyət, həm də dövlətin inkişafı və nüfuzu üçün mühüm şərtlərdir. Ona görə də aidiyyəti hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təmin olunması ümdə məsələlərdəndir.

Nazir Eldar Mahmudov demişdir ki, bu il bütün xalqımız ulu öndər Heydər Əliyevin 90 illiyini böyük təntənə ilə qeyd edəcəkdir. Bu il həm də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 15-ci ildönümü tamam olur. Ulu öndərin sərəncamı ilə fəaliyyətə başlayan akademiya gələcək əməkdaşlarımızın yüksək bilik əldə etdikləri müasir təhsil ocağına çevrilmişdir. Xüsusi təyinatlı bu ali təhsil ocağı ildən-ilə inkişaf edir və ən yüksək dünya standartlarına cavab verir. Bütün bunlar bir məqsədə, milli maraqların qorunmasında Heydər Əliyev ənənələrinin yaşadılmasına, təhlükəsizlik vəzifələrini səriştəli və peşəkar yerinə yetirəcək gənc kadrların hazırlanmasına xidmət edir. Əlbəttə, bu istiqamətdə qarşıda duran başlıca vəzifələrdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Milli təhlükəsizlik orqanlarına işə qəbulda daha çox vətənpərvərlik, intellektual səviyyə və geniş dünyagörüşünə önəm verilir. Kadrların düzgün seçilib-yerləşdirilməsi və tərbiyəsi ümumi işin səmərəsini artıran başlıca amillər kimi daim diqqət mərkəzində saxlanılır.

Keçən il Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşlarımızın xidməti iş şəraiti və sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilmişdir. 2012-ci ilin noyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Milli Təhlükəsizlik Nazirliyinin ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş Hərbi Hospitalının açılışı olmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin bir sıra struktur bölmələri və ərazi orqanları üçün inzibati binaların inşası, habelə zəruri təmir-tikinti və bərpa işləri də ardıcıl olaraq aparılır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli Sərəncamı ilə "2013-2016-cı illərdə Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nın qəbulu həmin qayğının bariz ifadəsidir. 

Milli təhlükəsizlik orqanlarının əməkdaşları üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk edirlər. Biz möhtərəm Prezidentin milli maraqlara xidmət edən siyasi kursunun bundan sonra da uğurla aparılması üçün qətiyyətlə çalışmaq əzmindəyik. Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən Heydər Əliyev siyasi kursunun dönmədən həyata keçirilməsi, xalqımızın milli maraqlarının etibarlı qorunması və təhlükəsizlik fəaliyyətimizin əsas xəttini  təşkil edir. Nail olunmuş inkişaf və əldə edilmiş uğurlar ölkə rəhbərinin milli təhlükəsizlik orqanlarının fəaliyyətinə göstərdiyi gündəlik diqqət və qayğının bariz nəticəsidir. Peşə bayramı ərəfəsində dövlətimizin başçısının sərəncamları ilə bir qrup əməkdaşa ali hərbi rütbələrin və yüksək dövlət mükafatlarının verilməsi milli təhlükəsizlik orqanlarına olan diqqətin daha bir parlaq təzahürüdür.

Nazir milli təhlükəsizlik orqanlarına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlığını çatdıraraq bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələrinə sadiq olan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaqdır.

Sonra təbrik sözü ilə çıxış edən Prezident Administrasiyasının Hüquq-Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısının şəxsi heyətə təbriklərini çatdırmış, dövlətçiliyin, milli maraqların qorunmasında və təhlükəsizliyin təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinin rolunun yüksək qiymətləndirildiyini vurğulamışdır.

Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə çıxış edərək demişdir ki, müasir dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanlarının bərabər səviyyəli və etibarlı tərəfdaşına çevrilmiş Milli Təhlükəsizlik Nazirliyi müasir maddi-texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan akademiya da xüsusi xidmət orqanlarının ümumi fəaliyyətinin uğurla həyata keçirilməsində bütün potensialını və səylərini səfərbər edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 mart tarixli sərəncamları elan olunmuşdur.

Bu, şəxsi heyət tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik nazirinin əmrləri elan olunmuş, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilmişdir.

Tədbirin sonunda sənədli film nümayiş olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 29 mart.- S.2.