Yeni Azərbaycan Partiyası Gənclər Birliyi «Strateji kommunikasiyalar» mövzusunda təlim keçirmişdir

 

Martın 28-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində Almaniyanın Konrad Adenauer Fondunun Cənubi Qafqaz üzrə regional proqramı çərçivəsində "Strateji kommunikasiyalar" mövzusunda təlim keçirilmişdir.

Almaniyalı ekspert Yuri Sknöllerin moderatorluğu ilə keçirilən təlimdə "Yeni media əsrində siyasi kommunikasiyalar və vətəndaş dialoqu", "Səmərəli ünsiyyət üçün əsas amil kimi sifarişlərin hazırlanması", "Emosiyalar və insanların fəallaşdırılması yolları", "Uğurlu media strategiyasına yeddi addım" və s. mövzular müzakirə edilmişdir.

XXI əsrin İKT əsri olduğunu vurğulayan YAP GB-nin sədri Seymur Orucov bildirmişdir ki, strateji kommunikasiyalar rəhbərlik etdiyi qurumun həyata keçirdiyi ictimai-siyasi proseslərdə mühüm rol oynayır. Bu baxımdan Konrad Adenauer Fondunun təşkil etdiyi təlim xüsusi önəm daşıyır.

S.Orucov qeyd etmişdir ki, bu il ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. Təlim iştirakçıları prezident seçkiləri ərəfəsində sosial mediadan istifadə imkanları haqqında ətraflı məlumat əldə edəcəklər.

Təlim iştirakçıları martın 29-da Quba Soyqırımı memorial abidə kompleksini ziyarət edəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 29 mart.- S.2.