Avropa Azərbaycanlıları Konqresi 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yaymışdır

 

Avropa Azərbaycanlıları Konqresi 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat  yaymışdır.

Sənəd Avropa Parlamentinin İnsan Hüquqları Departamentinin rəhbəri xanım Barbara Loxbilerə, Alman Bundestaqının prezidenti,  doktor Norbert Lammertə, Avropa və Almaniyanın siyasi-ictimai dairələrinə ünvanlanmışdır.

Bəyanatda  deyilir ki, 1918-ci il martın 31-də erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımından 95 il ötür. 1918-ci ilin mart-aprel aylarında baş verən kütləvi qırğın zamanı silahlı erməni dəstələri dinc əhalini amansızcasına qətlə yetirmişdir. Bakı, Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilmişdir.

Bəyanatda, həmçinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutduqları və onların vəhşiliyi nəticəsində 613 nəfərin şəhid, 487 nəfərin əlil olduğu, 1275 nəfər dinc sakinin - qocalar, uşaqlar və qadınların girov götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qaldığı da vurğulanmışdır.

Avropa Azərbaycanlıları Konqresi Avropanın digər nüfuzlu beynəlxalq təşkilatlarına da müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirmiş Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpasına biganə yanaşmamağa çağırmışdır.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.-2013.- 29 mart.- S.4.