Bakıda beynəlxalq təhsil sərgisi açılmışdır

 

Martın 28-də "Park İNN" mehmanxanasında Amerika Təhsil Qrupunun və Bakı Təhsil Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə beynəlxalq təhsil sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, sərgidə Amerika Birləşmiş Ştatlarının 15 universiteti və Türkiyənin bir ali təhsil müəssisəsi təmsil olunmuşdur.

Sərgidə Amerika universitetlərinin təhsil proqramları, müxtəlif ixtisaslar üzrə tədris proqramları, onların üstünlükləri və s. məsələlər barədə ətraflı məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Amerika Təhsil Qrupunun prezidenti Jozef Humadi ilk dəfə Azərbaycanda olmasından və təhsil sərgisində iştirakından məmnunluğunu ifadə etmişdir. Bildirmişdir ki, bugünkü sərgidə ABŞ-ın müxtəlif ştatlarından bir sıra universitetlər təmsil olunurlar. Bu ali təhsil müəssisələri həm bakalavr, həm də magistr pilləsində təhsil almaq istəyən tələbələri qəbul edirlər.

Beynəlxalq təhsil sərgisinin üstünlüklərindən söhbət açan J.Humadi bildirmişdir ki, sərgidə universitet nümayəndələri birbaşa iştirakçılarla söhbətlər aparır və onların xaricdə təhsili haqqında maraqlarını təmin edirlər.

Sonda qonaq bütün azərbaycanlı gəncləri sərgidə iştiraka və bu imkandan yararlanmağa dəvət etmişdir.

Tədbirdə iştirakçılara beynəlxalq universitetlərin təhsil sistemini və fəaliyyətini əks etdirən buklet və broşürlər paylanılmışdır.

 

 

Azərbaycan.-2013.- 29 mart.- S.4.