Sənətkarlar paytaxtı - Göygöl

 

Məlum olduğu kimi, Respublika Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Göygöl şəhəri 2013-cü ildə sənətkarlıq paytaxtı elan olunmuşdur. Bu günlərdə nazirliyin diplomunun və kubokun təqdimatı ilə əlaqədar rayon mədəniyyət evində geniş sərgi təşkil edilmiş və müşavirə keçirilmişdir. Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova və mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova tədbirdə çıxış edərək qeyri-mədəni irsin qorunması, o cümlədən milli sənətkarlığın - xalq dekorativ-tətbiqi və təsviri sənətinin dəstəklənməsi sayəsində görülən tədbirlər barədə danışmışlar.

Qeyd edilmişdir ki, dövlət xalq yaradıcılığının inkişafına böyük önəm verir.

Son illər ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, mədəni irslə bağlı konfranslar və digər mərasimlər bu baxımdan mühüm əhəmiyyətə malikdir. Azərbaycan xalqının qədim tarixi irsini, zəngin adət-ənənələrini, mənsub olduğu dəyərləri qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq daim diqqət mərkəzindədir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində aşıq sənəti, milli xalçaçılıq sənəti, tar ifaçılığı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Göygöl şəhərinin sənətkarlıq paytaxtı elan edilməsi də ölkədə xalq sənətkarlığına olan qayğı və diqqətin bəhrəsidir. Belə tədbirlərdən məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, milli adət-ənənələrin tədqiq və təbliğinə təkan verməkdir.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova bildirdi ki, Göygölü Azərbaycanın sənətkarlıq paytaxtı elan olunması ilə bağlı  geniş tədbirlər planı hazırlanmışdır. İl ərzində rayonun müxtəlif yerlərində Göygölün tarix və mədəniyyət abidələrinə dair seminarlar, xalça ustaları və digər xalq sənətkarları ilə görüşlər, xalq sənətinin müxtəlif növləri üzrə yarış və müsabiqələr, yarmarkalar keçirilməsi nəzərdə tutulmuşdur. Sarıqayadakı və Çaykənddəki tarixi abidələr bərpa ediləcək, onlara səyahətlər olunacaq, xalq sənətinin ayrı-ayrı sahələrində, xüsusilə fərqlənənlərə fəxri fərmanlar, sertifikatlar veriləcəkdir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2013.- 29 mart.- S.6.