Kompyuterlərə köçən «xalq oyunları»

 

Hər il Novruz bayramı gələndə insanların qəlbində yeni arzular, xoş niyyətlər baş qaldırır. Qədim zamanlarda da insanlar Novruz bayramı ərəfəsində bayram günlərində kütləvi şənliklər təşkil edər, müxtəlif oyunlar, yarışlar keçirərdilər. Sonra bu oyunlar el arasında tanınar və davam etdirilərdi. Bir qayda olaraq xalq oyunlarının keçirilməsində gənclər xüsusilə fəallıq göstərərdilər. Onlar yarışlardan qalib çıxmağa, nəyə qadir olduqlarını göstərməyə çalışardılar.

İndi isə Novruz bayramı ilə bağlı el şənliklərinin keçirilməsində dədə-babadan bizə yadigar qalan  adət-ənənələrin, xalq oyunlarının bir qismi, demək olar ki, unudulmaqdadır. Bizcə, bunun bir, bəlkə də başlıca səbəbi yeniyetmə və gənclərin kompyuter oyunlarına aludə olması ilə bağlıdır. Bu gün onlar virtual aləmdə özlərini "güclü", "qəhrəman" kimi göstərməyə başlayıblar. Bayramlarda, yazqabağı günlərdə böyük həvəslə oynanılan, hər kəsin səbirsizliklə gözlədiyi sevimli xalq oyunları belə gənclərin maraq dairəsindən kənarda qalıb.

 İlk baxışdan kompyuter oyunlarının şəhərlərdə, kəndlərdə, ayrı-ayrı məhəllələrdə yayılan oyunlarla əlaqəsi, birinin digərinə təsiri qəribə görünə bilər. Əvvəlcə adi əyləncə kimi maraq yaradan elektron səhnəciklər sonralar daimi vərdişə dönür, xarakterdə dərin izlər buraxır. Günün çox hissəsini belə oyunlarla keçirən gənc real həyat oyunlarından tədricən uzaqlaşmağa başlayır. Gəncliyi 20 il əvvələ - Azərbaycana ilk kompyuterlərin gəldiyi vaxtlara təsadüf edənlərlə indikilərin əyləncə dünyasına, maraq dairəsinə nəzər salsaq, tamamilə fərqli cəhət üzə çıxar. İndiki gənclərin bir qismi real həyatdan özünü məhrum edib, elektron tablolarda fantastik əyləncələrə baxmağı üstün tutur. Belə aludəçiliyin get-gedə artması isə təəssüf doğurur.

Hazırda ölkə vətəndaşlarının, demək olar, hər biri mobil telefon, təxminən, hər 2-3 nəfərdən biri kompyuter istifadəçisidir və bu göstərici daim artır. İnternetlə dünyanın hər yerindən istənilən informasiyanı alır, oxuyur, lazım gəldikdə ötürə bilirik. Texnologiyanın sürətli inkişafına biganə qalmayan gənclər isə onun zərərli tərəflərini də həssaslıqla "mənimsəmişlər". Kompyuterdə və telefon cihazlarında geniş yayılan oyunlar ən çox yeniyetmələr və gənclər, xüsusilə 12-18 yaşlılar arasında populyarlıq qazanıb. Onların öz oyunları, öz "qəhrəmanları" var. Özləri də bilmədən əsəb sistemini və iradəsini  korlayan, orqanizmin normal inkişafına mane olan, həyat üçün təhlükə yaradan kompyuter oyunlarına üz tutublar. Artıq neçə illər öncə məşhur olan "Gözbağlıca", "Noxud çuxuru", Çövkan", "Çilingağac", "Əl üstə kimin əli", "Bənövşə bənövşəni", "Top çalada", "Zorxana" və digər xalq oyunları "Countr strike" (döyüş səhnələri),  "GTA" (maşın yarışları), "Need for speed" (sürətli missiya), "Leagne of Legends", "World of warcraft", "futbol", "Hereos of newerth", "Call of Duty" və digər bu tipli əyləncələrlə  əvəz olunub.

Halbuki qədim nağıl və dastanlarımızda xalq oyunları haqqında geniş məlumatlar var. Klassiklərin əsərlərində də buna rast gəlmək mümkündür. Bu oyunlar xalqın zəngin tarixini, etnoqrafiyasını yaşatmaqla bərabər, insanların təbiətə, el-obaya bağlılığından xəbər verir. İlkin tamaşaların, şəbihlərin, xalq dramlarının yaranmasında da bunlar əvəzolunmaz əhəmiyyətə malikdir. Xalq oyunları öz dinamikliyi ilə gənclərdə yüksək humanist duyğuların inkişaf etdirilməsi, yaxşılığa, saflığa çağırış, xeyirin şər üzərində qələbəsi, mərdlik, mübarizlik, cəldlik, çeviklik kimi müsbət keyfiyyətləri aşılayıb. Ən önəmlisi isə bu oyunların insanların əmək fəaliyyəti və məişəti ilə vəhdət təşkil etməsi idi. Gənclərin fiziki inkişafına, sağlam böyüməsinə əsl töhfə idi el oyunları. Daha güclüsağlam olmaq üçün xüsusi idman kurslarına getməyə ehtiyac qalmırdı.

İndi isə istirahət vaxtlarının çox hissəsini qapalı yerlərə sıxılıb bayağı oyunlarla keçirən gənclərin heç olmasa bayram, istirahət günlərində dostları ilə birlikdə xalq oyunlarını oynamaq ağlına gəlmir. Onlar evdə, internet-klublarda, təhsil müəssisələrində və yerlərində dəyərli vaxtı əbəs yerə itirirlər. Hətta metroda, avtobuslarda da bu oyunlardan ayrıla bilməyib telefondan istifadə etməklə öz "missiyalarını" yerinə yetirməyə çalışırlar. Balacalar, gənclər və bəzən orta yaşlı insanların da qurşandığı oyun asılılığı onları sosial problemlərdən, real həyatdan uzaqlaşdırmaqla yanaşı, fiziki durumlarını zəiflədir, səhhətlərində psixoloji gərginlik yaradır.

Qeyd edək ki, texnologiyanın inkişaf etdiyi əksər xarici ölkələrdə kompyuter oyunlarından asılılığa, aludəliyə qarşı mübarizə aparılır. Dünyanın bir çox ölkəsində kompyuter oyunları və internet aludəliyi ilə bağlı müalicə mərkəzləri də fəaliyyətə başlayıb. Hətta oyun "narkomaniyasından" qurtulmaq üçün müalicə mərkəzləri də yaradılmaqdadır.

Mütəxəssislər kompyuter və digər avadanlıqlardan istifadənin yeni üsullarının belə sürətlə cərəyan etməsini müasir texnologiyanın əlamətlərindən biri kimi qiymətləndirsələr də, uşaqların kompyuter oyunlarından qədərindən artıq istifadəsini zərərli hesab edirlər. Hər şeyi kənara atıb saatlarla kompyuterin qabağında oturmaq asılılıq yaradır. Bu, həddən artıq düşkünlüyə gətirib çıxara bilər. Kompyuter oyunlarına aludəlik gənclərin maraq dairəsini daraldır, dünyagörüşünü məhdudlaşdırır. Onları mənfi emosiyaların təsiri altına alır, balacalarda psixifizioloji zədələr yaradır. Adətən belələri vaxtından səmərəli istifadə edə bilməyənlərdir.

Kompyuterdən məqsədli şəkildə istifadə etmək lazımdır. Hansı oyunun oynanılmasından və nə axtarılmasından asılı olmayaraq istifadə qaydaları, rejimvaxt elə seçilməlidir ki, aludəlik yaranmasın. Kompyuterin qarşısında keçirilən saatların bir hissəsini idmana, xalq oyunlarına, müxtəlif tədbirlərə yönəltməklə həm gənclərin sağlam böyüməsinə, həm də xalq oyunlarının, digər adətlərin qorunmasına nail olmaq mümkündür. Bu işdə ailə, məktəb, cəmiyyət birgə mübarizə aparmalıdır. Gəncliyə müstəqillik verməklə bərabər, onların məşğuliyyəti və gündəlik həyat tərzini nəzarətdə saxlamaqla nəinki qədim adətlərimizi qorumaq, həm də gənclərin sağlamlığına töhfə vermiş olarıq.

 

 

Elnur HADIYEV

 

Azərbaycan.-2013.- 29 mart.- S.6.