Sağalmayan yaralar

 

Naxçıvan 1905-1906-cı illərdə 31 mart azərbaycanlıların soyqırımı günüdür

 

 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra çar Rusiyası müsəlman ölkələri ilə sərhəd zonalarını möhkəmləndirmək məqsədilə Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarına kütləvi şəkildə ermənilərin köçürülməsinə başladı. Naxçıvana köçürülənlərin sayı o qədər çox idi ki, onları tez bir zamanda yerləşdirmək mümkün deyildi. Ona görə də ermənilər boş torpağı və evi olan ən yaxşı kəndləri seçir və sonra yerli idarələrə müraciət edərək onları məskunlaşdıqları ərazidə qeydiyyata almağı tələb edirdilər. İmperiyanın köçürmə siyasəti yerli əhaliyə də ziyan vururdu.

Məcburiyyət qarşısında qalan camaat torpaqlarının bir qismini silahlı rus əsgərlərinin qorxusundan gəlmə ermənilərə verməli olurdular. Çar hökumətinin köçürmə siyasətinə qədər Naxçıvan diyarında əhalinin 82,8 faizini azərbaycanlılar təşkil edirdi, erməni əhalinin sayı isə 17,2 faizə bərabər idi. Rus tədqiqatçısı S.Qlinka "Ermənilərin Rusiya ərazilərinə miqrasiyası haqqında" (Moskva, 1831) əsərində yazırdı ki, Türkmənçay müqaviləsindən üç ay sonra keçmiş Rusiyanın yeni ərazilərinə, yəni çar Rusiyası tərəfindən işğal olunmuş sabiq Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarına 40.000 erməni köçürülmüşdür. Bu "köçürmənin" təşəbbüsçüsü milliyyətcə erməni olan X.Y.Lazarev idi. O, hələ İkinci Rusiya-İran müharibəsi bitməmiş 1827-ci ildə ermənilərin Şimali Azərbaycana köçürülməsinin layihəsini tərtib edərək çar hökumətinə təqdim etmişdi. Bu layihənin baş xəttini Rusiya imperiyasının tərkibində "Erməni çarlığının bərpa olunması" təşkil edirdi. Həmin ideya Rusiyanın hakim dairələri üçün İranla Türkiyə sərhədlərində xristianlardan ibarət vilayətin yaradılmasına bir bəhanə oldu. 1828-ci ilin mart ayında general-adyutant A.X.Benkendorf X.Y.Lazarevin layihəsini imperator I Nikolaya təqdim edir. İmperatoru əsasən Türkiyə və İranla, yəni müsəlman ölkələri ilə sərhəd zonalarını möhkəmləndirmək daha çox maraqlandırdığı üçün o, 1828-ci il martın 21-də xüsusi qərarla Naxçıvan və İrəvan xanlıqlarını ləğv edərək əvəzində həmin ərazidə süni olaraq "Ermənistan vilayəti" yaratdı. Bu vilayət 1850-ci ilədək davam etmiş, sonra isə İrəvan quberniyası ilə əvəz olunmuşdur. Naxçıvan diyarı da həmin quberniyaya daxil edilmişdir.

Bir faktı da qeyd edək ki, köçürməyə qədər Naxçıvan bölgəsində erməni ailələri daxil olmaqla 530 xristian ailəsi var idisə, Türkmənçay müqaviləsindən sonra orada xristianların sayı 4 dəfə artmışdı. Dərələyəz mahalına 507, Naxçıvan mahalına 941 erməni ailəsi yerləşdirilmişdi. Ordubad dairəsində isə ən çox gəlmə ermənilər Bilev mahalında məskunlaşmışdılar. XIX əsrin əvvəllərində Naxçıvan xanlığının ərazisində İran dövləti tərəfindən yaradılan 282 azərbaycanlı ailəsindən ibarət olan Məvazi-Xatun mahalına da 216 erməni ailəsi yerləşdirilmişdi. Məqsəd azərbaycanlıların çoxluq təşkil etdikləri ərazilərdə ermənilərin say tərkibini artırmaq idi. Tədqiqatçıların araşdırmalarına görə, həmin dövrdə Naxçıvan diyarında nə sosial-iqtisadi münasibətlərdə, nə də məhsuldar qüvvələrin inkişafında elə bir dəyişiklik baş verməmişdir. Kənd əhalisi yenə də əsasən taxılçılıq, maldarlıq, ipəkçilik, bağçılıqla məşğul olmuş, şəhərlərdə sənətkarlığın bir çox sahələri - bez parçaların istehsalı, zərgərlik, dəmirçilik, qalayçılıq və digər sahələr inkişaf etmişdi.

1905-ci ilin fevralında Bakıda baş verən erməni-müsəlman toqquşması may ayının əvvəllərində Naxçıvan camaatında da xüsusi narahatlıq doğurmuşdu. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan xüsusi dəstələr 1905-ci ildə digər yerlərdə olduğu kimi, Naxçıvanda da azərbaycanlılara qarşı silahlı hücumlar edib onları qırır, ermənilərin say üstünlüyünə nail olmaq istəyirdilər. Həmin dövrdə Qafqazdakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər (V.Arzumanlı, N.Mustafa. "Tarixin qara səhifələri", Bakı, 1998).

1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman qırğınları haqqında polis departamentinin "Daşnaklar" adlı arxiv sənədində ("Daşnaki", Baku, 1990) deyilir: "Daşnaksütyun" öz qüdrətini göstərdi, müsəlmanlar cəfalarını çəkdilər. Burada ikili oyun oynanılmışdır: biricisi, müsəlmanlarda olan qisasın bir qismini almaq, digər tərəfdən baş verən hadisələrin günahını mətbuat və təbliğatın köməyi ilə rus hökumətinin üzərinə yıxmaq, bununla da təkcə erməniləri deyil, Qafqazın digər sakinlərini də inqilabçılaşdırmaq üçün güclü təbliğat materialı əldə edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan bir çox rus məmurları və ayrı-ayrı şəxslər terror qurbanı oldular: general Əlixanov (Əlixanov-Avarski), qubernator Nakaşidze (Bakı qubernatoru), Andreyev (Yelizavetpolun vitse-qubernatoru), polkovniklər Bıkov, Saxarov və başqa dövlət məmurları. Onların qismən nail olduqları ikinci məqsədləri ondan ibarət oldu ki, Zaqafqaziyada ermənilərlə müsəlmanların yaşadıqları ərazilər bir-birindən ayrıldı, Türkiyədən və qismən İrandan köçən ermənilərin məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. Son 5-6 ildə onların sayı yarım milyona çatmış, 200 min nəfər isə rus idarələrinin vəkaləti ilə təbəəlik əldə etmişdi. Yelizavetpol, İrəvan və Qars vilayətlərində ərazilərin qismən ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi boşaldılmış, həmin ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını qurtarmışlar".

Əslində Rusiyanın hakim dairələri də 1905-1906-cı illərdə erməni-müsəlman iğtişaşlarından öz məqsədləri üçün istifadə etmişlər. Çar məmurları Qafqazda güclənən narazılıq dalğasının hökumət əleyhinə istiqamətlənəcəyindən ehtiyat edərək ermənilərin müsəlmanlar yaşayan ərazilərdə törətdikləri qırğınlara laqeydlik göstərmiş, bəzi hallarda isə hər iki tərəfin gücünün etnik toqquşmalara sərf edilməsinə nail olmuşdular. Bu məqsədlə xüsusi xəfiyyə şəbəkəsinin qurulması haqqında Cahangir Zeynaloğlunun 1924-cü ildə İstanbulda dərc edilən "Müxtəsər Azərbaycan tarixi" kitabında (Bakı, 1992) belə bir məlumat var: "Yalnız azəri türkləri qəflətdə idilər və iğtişaşlarda çar tərəfini saxlayırdılar. Rusiya hökuməti müsəlmanların bu qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə yüz otuz xəfiyyə məmuru göndərərək türklər ilə ermənilər arasında icra etdiyi propaqanda ilə biri digəri əleyhinə silah işlətməyə təşviq olundu və... iki milləti biri digərinə qırdırdı".

1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının erməni komitəsi tərəfindən öldürülməsi ilə başlanan qırğınlar bir çox müəlliflərin iddia etdikləri kimi təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olunduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda öz milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətlərini ələ keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Lakin Bakıdakı qırğınlar zamanı tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və onlar məğlub olmuşdular.

Mir Mövsüm Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" (Bakı, 1993) və Məmməd Səid Ordubadinin "Qanlı sənələr"   (Bakı, 1991) əsərlərindən məlum olur ki, Naxçıvanda ermənilərin müsəlmanlara qarşı ilk həmlələri 1905-ci ilin mayında başlamış və qırğın fasilələrlə 1907-ci ilə qədər davam etmişdir. Həmin dövrdə ermənilər azərbaycanlıların yaşadıqları kəndlərə gedən yolları bağlamış, onların bir-biri ilə əlaqəsini kəsmiş,  kəndlərin dörd bir tərəfinə çoxsaylı silahlı əsgərlər yerləşdirmişdilər. Şəhərdə söhbət gəzirdi ki, ermənilər cürbəcür odlu silahlarla azərbaycanlılara qəfildən hücum edəcəklər. Digər tərəfdən isə təxribatçılar şayiə yaymışdılar ki, "Qafqazda bizim əlimizin üstündə gərək əl olmasın". Bu fikirlərlə yerli camaatı çaşdıran erməni millətçiləri heç kəsdən qorxmayıb azərbaycanlılara hər cür əziyyət verməkdə idilər, hətta "Naxçıvanın ətrafı hər tərəfdən erməni kəndləri ilə əhatə olunduğundan, 6 saat ərzində İrəvandan istədikləri qədər erməni əsgəri gətirməyə gücləri çatdıqlarından daha müsəlmanları şirin dillə dindirmək belə istəmirdilər". M.S.Ordubadi "Qanlı sənələr" əsərində yazırdı ki, mayın 5-də saat 3 radələrində üç nəfər Cəhri kəndinin azərbaycanlı sakini erməni kəndi Şıxmahmuddan keçdikləri vaxt ağır yaralanır. Bu xəbər şəhər əhlində daha çox həyəcan yaradır və ermənilər həmin gündən dükanlarını bağlayıb kimisi kilsəyə, kimisi də evlərinə yığışır. Mayın 7-də Tumbul adlı erməni-müsəlman kəndində (bu kəndin iki hissəsi müsəlman, bir hissəsi erməni idi) bir azərbaycanlı öldürülür. Səhəri gün İrəvanın vitse-qubernatoru Baranovski İrəvandan şəhər qlavası Ağamalov, daha bir ay qabaq Peterburqa getmiş  şəhər qlavası Cəfərqulu xan Naxçıvanski ilə Naxçıvana gəlirlər. Onların gəlişini eşidən camaat ermənilərin  işlərindən şikayət etməyə başlayır. Lakin vitse-qubernator həmin şikayətləri cavabsız qoyur. Mayın 9-da Cəhri müsəlmanları yenidən qubernatorun hüzuruna gəlib qeyd edirlər ki, "bizim kəndin yolları hər tərəfdən erməninin əlindədir. Bu səbəbdən təvəqqe edirik, yolları hökumət mühafizəsinə alasınız". Lakin bu şikayətə də baxılmır,   azərbaycanlılar məyusluq içərisində geri dönürlər. Bundan qəzəblənən ermənilər azərbaycanlıları cürbəcür söyüşlərlə təhqir etməyə başlayırlar. May ayının 9-da naxçıvanlı Əli Hacı Bayramzadə səhrada Əliabad adlı erməni kəndliləri tərəfindən gecə vaxtı yeddi güllə yarası ilə qətlə yetirilir. Ayın 11-də Kültəpə erməni kəndinin varlısı erməni fədailəri tərəfindən ailəsi ilə birlikdə öldürülür. Günah isə müsəlmanların üzərinə qoyulur. Lakin sonralar aparılan istintaqdan aydın olur ki, Xaçatur adlanan bu şəxs  daşnakların tələb etdiyi vəsaiti vermədiyi üçün onlar tərəfindən cəzalandırılmışdır. Həmin gecə vitse-qubernator Baranovski yol ilə gedən bir ermənidən çoxlu bomba müsadirə edir. May ayının 11-də ermənilər bütün şəhəri atəşə tuturlar. Bu müdhiş gecədə iki saat yarım müddətində güllə səsindən, alov və tüstüdən başqa heç nə eşidilmir. Səhəri gün azərbaycanlılar vitse-qubernatora gecənin dəhşətli atışmasından şikayət edib əncam çəkməsini tələb edəndə o, laqeydcəsinə "əgər onlar sizə atəş açırsa, siz də tutub onların tapançalarını alın. Mən bilmərəm" deyib camaatı geri qaytarır. Mayın 12-də baş verən atışma nəticəsində məşhur erməni tacirləri Adamov şagirdləri, Xalatov uşaqları ilə və başqaları qətlə yetirilir. Adamovun dükanı od tutub yanır. Azərbaycanlılardan beş nəfər ölür və bir neçəsi yaralanır. Erməni dükanlarının əksəriyyəti, azərbaycanlılarınkından isə 10 dükan qarət olunur. Bu qırğın zamanı polis qulluqçusu, naçalnik Angel qətl-qarətlərə mane olmaq əvəzinə əksinə, talan vaxtı "tez olun, tez aparın" deyib camaatı daha da qızışdırırdı. Cəhri kəndindən başlayan qarışıqlıq, yanğın və talanlar həmin il noyabrın 26-na qədər davam edir. Bir faktı qeyd edək ki, qubernator bu hadisələrdən məlumatlıydı, amma heç bir tədbir görmək fikrində deyildi. Adətən gecə saat 12-dən sonra başlanan şiddətli atəş ermənilərin ipək zavodundan açılırdı. Bir sözlə, Naxçıvan camaatı zülm və əziyyət altında əzilir, hökumət isə bu işləri yoluna qoymaq istəmirdi. Noyabrın 26-da camaat yenidən bir-birinə dəyir, onlar tələm-tələsik dükanlarını bağlayıb evlərinə qaçırlar. Amma insanlar təlaşda olsalar da, nə baş verəcəyindən xəbərsiz idilər. Qəfildən xəbər yayılır ki, kazaklar sülh və asayişi təmin etmək üçün Çeşmə-Bazar kəndinə gedərkən Hacı Nəsir Hacı Nağı oğlunun evini qarət etmiş, buna mane olmağa çalışan Hacının bir zavallı oğlu öldürülmüşdür. Ev sahibi də oğlunu qana bulaşmış görərkən çaşıb bir güllə kazaklara atmışdır. Elə buna görə də onun bütün ailəsi "biədəblər" tərəfindən qətlə yetirilmişdir. Bu xəbər Naxçıvanın yerli əhalisini son dərəcə qəzəbləndirir və pərişan edir. M.S.Ordubadi yazırdı ki, "zira, bu işlərin ümdə baniləri və başçıları polkovnik Krılov və naçalnik Angel idi".

Noyabrın 26-sı gecəsi isə  Naxçıvanda odlu-alovlu, müsibətli bir gecə olmuşdur. "Həmin gecə saat 7 radələrində dəhşətli sədalar eşidilirdi. Məlum olduğu kimi, həmin səs bazar qarovullarının səsi imiş. Hərdənbir beşatılan sədaları da eşidilirdi. Camaat evlərindən çıxıb bazara girmək istəsələr də, kazaklar hər tərəfdən atışma salıb mane olurdular. Xülasə, güllə səsi iki saat davam edib camaatı heyrət içində qoymuşdu... Bir azdan şəhəri tüstü bürüyüb, bazar tərəfdən qəmli bir işıq şəhəri ara-sıra işıqlandırdı. O vəziyyətdə bazar yanar dağ və vulkanlara bənzədi. Bir saatdan sonra məlum oldu ki, hərif kazaklar və ermənilər əlbir olub müsəlman bazarını tamam qarət edəndən sonra ora od vurmuşlar". Camaatın illər boyu zəhmətlə qazandıqları var-dövlətləri bir neçə saatın içində yanıb kül olmuşdu. Bu yanğında 85 dolu dükan, 75 anbar və bir neçə boş dükan yandırılmışdı. 3 gün - noyabrın 27-dən 30-dək bazarda əsla yeməyə bir şey qalmamışdı. Camaat son dərəcə ehtiyac içində idi. Noyabrın 29-da gecə şəhərin ikinci hissəsində kazaklar müsəlman evlərini atəşə tutub qarət etmişdilər...

Cəhri kəndinin ermənilər və kazaklar tərəfindən yandırılması camaatın qəzəbinə və pərişanlığına səbəb olmuşdu. Elə həmin gün İrəvan qubernatoru Paskeviç Naxçıvana gəlir. Azərbaycanlılar yığışıb Cəhri faciəsini də ortaya qoyaraq dərdlərini ona deyib çarə istəyirlər. Qubernator isə tədbir görəcəyinə söz verir. Kənd tamamilə yanıb qurtardıqdan sonra o, Cəhriyə gedir. Dekabrın 2-də camaat kazakların geriyə dönmələrini tələb edir. Qubernator əhalinin bu şikayətinə də laqeydcəsinə "tədbir görəcəyik" deyib heç bir iş görmür və oradan uzaqlaşır.

Ümumiyyətlə, Naxçıvan hadisələri zamanı oradakı kəndlərdə 10 anbara, 150 dükana od vurulmuş, 350 günahsız müsəlman qətlə yetirilmiş, 250 nəfər isə yaralanmışdır (bax: Gürcüstan Respublikasının Dövlət Arxivi, fond 30/21, sax. Vahidi 21, qovluq 4, s.2). Mir Mövsüm Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" adlı əsərində İrəvan ermənilərinin cinayətkar məqsədlərinə qarşı Bakı hadisələrindən sonra Naxçıvanda xalqımızın qəhrəmancasına müqavimətini çox təsirli şəkildə ifadə edib. Müəllif yazır: "Elə ki İrəvanın fitnə-fəsad törədən erməniləri yenidən Naxçıvana gəldilər, orada vəziyyət gərginləşdi. Naxçıvan erməniləri neçə illərdən bəri tədarük etdikləri döyüş sursatlarını - topları, bombaları, beşaçılan tüfəngləri və s. onların ixtiyarına verməyə başladılar. Hərbi sursatları keçidlərdə və gizli mövqelərdə yerləşdirdikdən sonra növbəti qırğın üçün hazırlamağa başladılar. Dükan-bazarı bağlayıb bütün icma ilə qalxıb mövqelərdə yerləşdirdikləri silahlardan müsəlmanlara atəş açdılar...

Hadisələrdən xəbərsiz biçarə müsəlmanlar çaş-baş qalıb bilmədilər ki, nə etsinlər. Hamı dükan-bazarını bağlayıb qaçdılar evə. Yarım saatdan sonra tüfəngi olan tüfəngini, tapançası olan tapançasını, olmayanlar isə xəncər, külüng, balta, dəhrə və ağac götürüb ermənilərin müqabilinə gəldilər və onlarla davaya başladılar. Silahsız müsəlmanlar münasib fürsətdən istifadə edərək qəflətən erməni silahlılarının üzərinə hücum edib... tüfəng və patronlarını əllərindən alıb üz qoydular davaya... Hər iki tərəfdən ölənlər oldu. Hər tərəfdə ermənilər böyük tələfata məruz qaldılar və vahiməyə düşən ermənilər üz qoydular qaçmağa... Şəhər erməniləri məğlub olandan  sonra müsəlmanlar erməni kəndlərinə yollandılar. Böyük Badamlı kəndinin erməniləri - ahıl, qoca bütün külfətləri ilə müsəlmanların qabağına çıxdılar. Tam ehtiramla müsəlmanlığı qəbul etdiklərini bildirdilər".

İrəvan hadisələri barədə irəvanlı Mirabbas Mirbağırzadənin topladığı materiallar əsasında məlumat verən M.S.Ordubadi qeyd edirdi ki, Bakı faciələrinə münasibət ilk olaraq İrəvan quberniyasının Naxçıvan qəzasında bildirilmişdir: "Naxçıvanda müsəlmanlar say və nüfuzca ermənilərdən üstün olduqlarından qabaqca müharbə tələb etmiş ermənilər, nəhayət, büsbütün məğlub olaraq milli səhifələrinə qara bir xətt çəkdirdilər... Naxçıvanda olan erməni məğlubiyyəti İrəvan ermənilərini acıqlandırıb son dərəcə qəzəbləndirmişdi".

Naxçıvan hadisələrindən sonra İrəvanda müsəlmanlara qarşı alçaq hərəkətlər gündən-günə çoxalırdı. Bu şəhərdə 10 min müsəlman olsa da, çox narahat idilər. Ermənilərə gəldikdə, Naxçıvan hadisələrinin intiqamını almaq üçün bəhanə axtarırdılar (A.Paşayev. "1905-1907-ci illərdə Azərbaycan xalqına qarşı erməni  vəhşilikləri", Bakı, 2006).

Bundan sonra ermənilər İrəvan quberniyasında, daha sonra Eçmiədzində, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazax uyezdində faciəli hadisələr, iğtişaşlar törətdilər. Qırğınlar zamanı nə qədər insanın həyatına son qoyuldu. Ermənilərin məqsədi ilk növbədə İrəvan və onun ətraf kəndlərini müsəlmanlardan təmizləmək, sonra isə M.S.Ordubadinin təbirincə, "İrəvandan Naxçıvana qədər yol üstə yerləşən müsəlman kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb, Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni bitişdirmək kimi alçaq xəyallar"dan ibarət idi.

Mayın 23-də ermənilərin Qaraçay bağçasında müsəlman gənclərə hücumu ilə İrəvanda qırğınlar başlanır.

 

 

 İradə ƏLİYEVA

 

Azərbaycan.-2013.- 29 mart.- S.7.