Həmkarlar ittifaqları işçilərinə yüksək dövlət mükafatları təqdim edilmişdir

 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Tərəqqi" medalına və fəxri adlara layiq görülmüş həmkarlar ittifaqları işçilərinə yüksək dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, martın 29-da keçirilən tədbiri açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev dövlət başçısının həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, AHİK-nın 20 illiyi ilə bağlı fevralın 4-də Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın ictimai həyatında xidmətlərinə görə 101 nəfər "Tərəqqi" medalına, üç nəfər "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. Bu, həmkarlar ittifaqlarına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Biz bu ilin oktyabr ayında keçiriləcək növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik.

Səttar Mehbalıyev həmçinin bildirmişdir ki, Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin qərarına əsasən 11 nəfər "Həmkarlar ittifaqında xidmətə görə" medalı, 39 nəfər isə "AHİK-nın 20 illiyi" döş nişanı ilə təltif edilmişdir.

Sonda medallar, fəxri adın vəsiqələri və döş nişanları sahiblərinə təqdim edilmişdir.

 

 

Azərbaycan.-2013.- 30 mart.- S.3.