Böyük Britaniya parlamentinin nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olmuşdur

 

Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan səfərin məqsədi ölkələrimiz arasında mövcud siyasi, iqtisadi əlaqələrin daha da inkişafına dair müzakirələr aparmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərlə daha yaxından tanış olmaqdır.

Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olmuşdur.

AHİK-dən AzərTAc-a bildirmişlər ki, konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev belə görüşlərin ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın daha da genişlənməsi və möhkəmlənməsində mühüm rol oynadığını söyləmişdir.

S.Mehbalıyev qonaqlara Azərbaycanda həmkarlar ittifaqları hərəkatının yaranma tarixi, keçdiyi yol və bugünkü fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanda həmkarlar ittifaqları hərəkatı XIX əsrin 60-cı illərindən formalaşmağa başlamışdır. AHİK ətrafında 1 milyon 600 min insanı əhatə edən 26 üzv təşkilatı birləşdirir. Konfederasiyanın üzv təşkilatlarında 17 min 173 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Mülkiyyət münasibətlərinin dəyişdirilməsi ilə bağlı xarici, özəl və birgə müəssisələrdə həmkarlar ittifaqlarının təsis olunması diqqət mərkəzindədir. Hazırda 3 min 778 xarici, özəl və birgə müəssisədə həmkarlar ittifaqı təşkilatı təsis edilmişdir ki, onlar da ətrafında 167 min 859 ittifaq üzvünü birləşdirir.

S.Mehbalıyev bildirmişdir ki, AHİK dünyanın 46 beynəlxalq təşkilatı və milli həmkarlar ittifaqı mərkəzləri ilə əlaqələr qurmuş, bir çox ölkələrin həmkarlar ittifaqları mərkəzləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalamışdır. AHİK 2001-ci ilin noyabr ayından dünya həmkarlarının ən böyük ictimai qurumu olan, özündə 156 ölkədən 174 milyon həmkarlar ittifaqı üzvünü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Diqqətə çatdırılmışdır ki, konfederasiya tərəfindən həyata keçirilən bütün tədbirlərin məqsədi həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi hüquqlarının müdafiəsinin qanunauyğun şəkildə təmin olunması, onların rifahının yaxşılaşdırılmasıdır.

Böyük Britaniya parlamentinin nümayəndə heyətinin üzvləri ölkəmizə səfərlərindən məmnunluqlarını bildirmiş, Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə dolğun məlumata görə S.Mehbalıyevə təşəkkür etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 30 mart.- S.3.