Qubada «Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı» mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Martın 29-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində 14 xarici ölkənin tarixçi və arxeoloqlarının iştirakı ilə "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutuQuba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Almaniya, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Gürcüstan, Bolqarıstan, Misir, Rumıniya və digər ölkələrdən olan tarixçi alimlər iştirak etmişlər.

Konfrans iştirakçıları əvvəlcə Quba kütləvi soyqırımı məzarlığını ziyarət etmişlər.

Məzarlıqda jurnalistlərin suallarını cavablandıran A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov son illərdə Azərbaycan hökumətinin və tarixçilərinin ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində çoxsaylı addımlar atdıqlarını vurğulamışdır. Bildirmişdir ki, bu istiqamətdə bir sıra irəliləyişlər əldə olunsa da, dünya ictimaiyyətinin mövcud reallığı qəbul etməsi üçün hələ çox işlər görülməlidir.

Yaqub Mahmudov beynəlxalq  konfransda aparılacaq müzakirələr əsasında "İpək Yolu tarixi" adlı kitabın nəşr olunmasının nəzərdə tutulduğunu bildirmişdir.

Konfransın xarici ölkələrdən gəlmiş iştirakçıları da məzarlıqda gördüklərindən çox sarsıldıqlarını söyləmişlər.

Türkiyə Dövlət Arxivinin nümayəndəsi Mustafa Budaq bu faktın birmənalı olaraq soyqırımı olduğunu, məzarlıqdakı insanların vəhşicəsinə qətlə yetirilməsindən dəhşətə gəldiyini bildirmişdir.

Konfransın Almaniyadan olan iştirakçısı, "Xocalı" faciəsinə aid kitabın müəllifi Rolf Kunş jurnalistlərə açıqlamasında bildirmişdir ki, Azərbaycan dövlətinin bu soyqırımın tanıdılması istiqamətində səyləri təqdirəlayiqdir və dəstəklənməlidir.

Albaniyalı tarixçi Muqa Entela Qubada gördüyü mənzərədən təsirləndiyini, bununla bağlı ölkəsində insanlara  məlumat verəcəyini bildirmişdir.

Cənubi Azərbaycandan olan tarixçi alim Məhəmməd Səbnasizadə İranın Urmiya şəhərində də buradakına bənzər kütləvi məzarlığın olduğunu bildirmişdir. Tarixçi Qubada keçirilən konfransın ermənilərin törətdikləri belə qırğınların dünya ictimaiyyətinə çatdırılması baxımından vacibliyini qeyd etmişdir.

Konfrans işinə soyqırımı qurbanlarının xatirəsinin anılması və Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlamış, sonra 1918-1920-ci illərdəki hadisələrdən bəhs edən film nümayiş olunmuşdur.

Milli Məclisin deputatı Vahid Əhmədov və AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı ermənilərin tarixən Azərbaycan xalqına qarşı  düşmənçilik siyasəti yürütdüklərini, müxtəlif illərdə soyqırımıları törətdiklərini bildirmişlər. Diqqətə çatdırılmışdır ki, yaxın keçmişdə dünyanın gözü qarşısında Xocalıda dinc sakinlərin amansızcasına qətlə yetirilməsi bədnam qonşularımızın məkrli siyasətinin tərkib hissəsidir.

Konfransda müxtəlif ölkələri təmsil edən tarixçi alimlər və arxeoloqlar mövzu ilə bağlı məruzələrlə çıxış etmiş, işgüzar müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.-2013.- 30 mart.- S.4.