Qırğızıstandakı Azərbaycan icmaları 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mərasim keçirmiş və bəyanat yaymışlar

 

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu, (TDSDF) Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi İctimai Birliyi, İssıkkuldakı "Xəzər" İctimai Birliyi, Qırğızıstan Azərbaycanlıları Konqresi İctimai Birliyi, Kara Balta Azərbaycanlılarının "Sodrujestvo" Cəmiyyəti 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mərasim keçirmiş və bəyanat yaymışlar.

TDSDF-nin sədri Nüsrət Məmmədov soyqırımının başvermə səbəbləri haqqında məlumat vermiş, ermənilərin zaman-zaman azərbaycanlıların başına gətirdikləri cinayətlərdən danışmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalamış və bundan sonra soyqırımı ilə əlaqədar çox sayda kitab çap olunmuşdur.

Bəyanatın mətnini Azərbaycan dilində toplantı iştirakçılarının diqqətinə çatdıran Nüsrət Məmmədov mətnin ingilis dilinə tərcümə olunaraq Bişkekdəki səfirliklərə, beynəlxalq təşkilatların nümayəndəliklərinə təqdim olunmasının vacibliyini bildirmişdir.

Digər diaspor təşkilatlarının rəhbərləri - Cəbi Rəsulov, Ziyəddin Hüseynov, Çingiz Ələsgərov, Mirzəli Rzayev və başqaları ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri soyqırımı barədə danışmış, bəyanatın yayılmasının əhəmiyyətini  qeyd etmişlər.

 

 

Qulu Kəngərli,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

Azərbaycan.-2013.- 30 mart.- S.4.