28 ildən sonra verilən bəraət

 

Xan İsmayıl Bədirbəyli Süleyman ağanın övladlarının ilki idi. Altı oğul, bir qız atası Süleyman ağa onu ailənin gözü hesab edirdi. Atası təsərrüfat və dükan-bazar işlərində, kəndin xeyir-şərində, xeyriyyəçilik məsələlərində onu qabağa verərdi. Bəzi məsələləri onunla məsləhətləşər, "bu işi belə elə, o işi elə gördürərsən" deyərdi.

Xan İsmayıl belə tərbiyə almış, belə böyümüşdü. Gənclik illərindən ciddiliyi və qayğıkeşliyi ilə də seçilirdi. Rəsmi sənəddə adı Xan İsmayıl yazılsa da, kənd əhalisinin çoxu ona İsmayıl ağa deyə müraciət edirdi. Qardaşlarına və bacısına qayğı göstərməsi,  əkinçilik və bağçılıq işlərində atasına yardımçı olması onu əsl  təsərrüfat adamı etmişdi.

Sevib-seçdiyi Xuramanla ailə quranda atası ona iki gün toy çaldırdı. Bəylikdə  (o zaman Şəmkir bəyləri yaşayan ərazi belə adlanırdı) tikdirdiyi mülkdəki otaqlarından ikisini ona verdi. Süleyman ağa bir il sonra baba olanda, ilk oğul nəvəsi dünyaya gələndə çox sevindi. Əkin və üzüm bağının müəyyən hissəsini, xeyli mal-qara, qoyun-quzu ayırıb, "artıq özünün ailən, uşağın var, qoy şəxsi təsərrüfatın da olsun" deyib oğluna bağışladı.

İsmayıl ağa Aninnoda (Şəmkir) rus-alman liseyini də yaxşı qiymətlərlə bitirmişdi. Siyasətdən az-çox baş çıxarırdı. Ərəb əlifbasında yazıb-oxuyurdu. Rus, alman dillərini yaxşı bildiyi üçün Yelizavetpola (Gəncəyə) gedəndə müəyyən qəzetlər və kitablar tapıb mütaliə edirdi.

Rusiya çarı II Nikolayın əmri ilə 22 dekabr 1900-cü ildə qəbul edilmiş "Zaqafqaziyaya köçürülməyə icazə haqqında qanun"dan xəbərdar olanda qanı qaraldı. Çox düşündü, yaxın ətrafı ilə məsləhətləşdi, götür-qoy etdi, vəziyyətdən çıxış yolu görmədi. 1903-cü ilin sonlarında "Zaqafqaziyaya köçürülməyə icazə haqqında qanun"una əsasən Zaqafqaziyanın bəzi bölgələrində olduğu kimi, Yelizavetpol qəzasının ərazisinə, o cümlədən Şəmkir mahalına da yüzlərlə xristian mənşəli ailə köçürüldü, onlara yardım edildi, torpaq sahələri ayrıldı. Şəmkirin ən səfalı dağlıq və dağətəyi ərazilərinə ruslar və ermənilər yerləşdirildi. Az sonra Xan İsmayılın, eləcə də digər sahibkarların istifadəsində olan şəxsi təsərrüfatlarının müəyyən qismi əllərindən alınıb gəlmələrə paylandı. İsmayıl ağa etiraz etsə də, xeyri olmadı.

Yelizavetpol qəzasında, o cümlədən Şəmkirdə İrandan, Türkiyədən gələn ermənilərin, şimaldan köçürülən rus ailələrinin sayı çoxaldıqca ermənilərin əli-qolu açılır, yerli müsəlman əhalisinə qarşı təzyiqlər, terror aktları artırdı. Müstəmləkəçilik  siyasətinə əsaslanan bu köçürülmə get-gedə "yersiz gəldi, yerli qaç" formasında qanlı mübahisələrə və münaqişələrə səbəb olurdu.

Androniklərdən, Şaumyanlardan dəstək alan ermənilər  Şəmkirdə, Şəmkirlə Gədəbəyin qovuşuğunda Azərbaycan kəndlərinə, türkəm deyənə divan tuturdular. Harada sözü ötən müsəlman var idisə, hiylə qurub ya öldürür, ya da həbs etdirirdilər. Erməni-rus kəndlərinin yaxın ətrafında otlayan mal-qara oğurluğu, çoban ölümü adi hala çevrilmişdi. Xüsusi hazırlıqlı adamlar, erməni gənclərindən ibarət gizli qoçu dəstələri yerli əhalini yeri gəldi-gəlmədi incidir, təhqir edir, evlərini talayırdılar.

Yazqabağı bu bölgə sakinlərinin Yasamal dağlarına və Gədəbəy yaylaqlarına gedən, payızda yaylaqdan enən sürülərindən mal-qara oğurlanır, çobanların nəyi varsa, əllərindən alınırdı. Ermənilərin qudurğanlığından təngə gələn Qasımalılar kəndinin camaatı bir gün yığışıb Morula, İsmayıl ağanın yanına gəlib deyirlər: "Ay ağa, bu Çardaxlı ermənilərinin əlindən bezmişik.  Hökumət adamlarına da deməkdən yorulmuşuq,  sözümüzə baxan yoxdur. Siz rus dilini bilirsiniz, onların böyüyünə ya bir ərizə yazın, ya da hörmətli adamsınız, bizim dərdimizi Gəncədəki böyüklərə çatdırın".

Camaatı dinləyəndən sonra İsmayıl ağa başına xeyli adam toplayıb Çardaxlıya gedəndə, qonşu İrmaşdı kəndinin camaatı da əllərinə yaba, bel götürüb onlara qoşulur.  Bunu eşidən İrmaşdının sayılıb-seçilən adamlarından olan Səfixan oğlu Sarı bəy qırğına yol verməmək üçün dəstənin qabağını kəsir. Xan İsmayılla yaxın dost olduğundan üzünü ona tutub deyir:

- Sən bilirsən ki, pristav da, qarodovoy da yenə  bizimkiləri günahkar biləcəklər. Onları qovsanız, qapı-bacamızda, əkin-biçinimizdə kim işləyəcək? Qasımalıların haqq-hesabını onlarla  özüm tək çəkəcəm. Sabahadək möhlət verin, əgər dediyimi eləməsəm, atamın oğlu deyiləm.

Hazırda Şəmkir rayonunun Təzəkənd kəndində yaşayan Sarı bəyin nəvəsi, 87 yaşlı Ağgül Bayramova deyir ki, Xan İsmayılın dəstəsinin hücum xəbəri özündən qabaq ermənilərə çatır. Atı-arabası olanlar ailəsini, arvad-uşağını götürüb digər erməni kəndinə qaçırlar. Bir qismi də silahlanıb pusquda durub morulluları gözləyirdi. Babam Xan İsmayılla yaxın dost olduğundan sözünü yerə salmır. İsmayıl ağa dəstəni geri qaytarır. Atam onu da deyirdi ki, Sarı bəy sonralar ermənilərin alçaqlığını, xəyanətini görəndə həmişə özü-özünə deyərdi: "Səhv elədim, gərək o vaxt morullular onların dərsini verəydi".

Demokratik düşüncəli İsmayıl ağa, qardaşları Əşrəf bəy, İsfəndiyar ağa,  eləcə də bir neçə həmkəndlisi 1907-ci ilin əvvəllərində Gəncədə gizli fəaliyyət göstərən  "Difai" özünümüdafiə təşkilatına üzv yazılır, sonralar bu təşkilatın  Şəmkirdə özəyini yaradırlar.

Həmin dövrdə nəinki Gəncəbasarda, Azərbaycanın hər yerində həyat öz məcrasından çıxmışdı, ictimai-siyasi hadisələr, çar Rusiyası tərəfindən ermənilərin əli ilə Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı aparılan soyqırımı hamını girinc etmişdi. Bir yandan da ermənilərin dəyirmanına bolşeviklərin su tökməsi qırğınlara, qarətlərə, hərc-mərcliyə səbəb olurdu. Kasıblara, kimsəsizlərə havadarlıq etmək üçün Xan İsmayıl vaxtının çoxunu Səfixan oğlu Sarı ilə birlikdə Şəmkirlə Gədəbəy arasındakı erməni kəndlərində çəkişmələrdə keçirirdi.

Az sonra Xan İsmayıl Müsavatın dəstəyindən bəhrələnərək fəaliyyətini daha da genişləndirdi. Xalqımızın azadlığı və milli dövlət quruculuğu uğrunda mücadilədə fəal iştirak edən İsmayıl ağa Bədirbəyli Xalq Cümhuriyyətinin qurucularından olan Xudadat bəy Rəfibəylinin və Aslan bəy Səfikürdskinin tapşırığı ilə  Türkiyənin şərqindən - döyüş cəbhəsindən (9 yanvar 1918-ci il) zirehli qatarların müşayiəti ilə Rusiyaya qayıdan ordunun tərk-silah edilməsində, eləcə də Morul camaatının bu əməliyyata səfərbər olunmasında əlindən gələni etmişdi. Cümhuriyyət liderlərinin qarşıya qoyduğu əsas məqsəd rus ordusundan alınan silahlarla Qafqaz islam ordusunu təmin etmək idi. Bu silah-sursat yollarda bolşeviklərin, Bakıda isə ermənilərin əlinə keçsəydi,  qurulmaqda olan Xalq Cümhuriyyətinə qarşı istifadəsi qaçılmaz idi. "Şəmkir davası"nda əməlli-başlı kara gələn,  İrmaşdı Səfixan oğlu Sarının pulomyotunu gecəykən at arabasına qoyub Şəmkir stansiyasına, Şəmkirçayın sol sahilindəki Qala yerinə gətirən, əlverişli mövqe tutaraq oradakı dəstəyə rəhbərlik edən də İsmayıl ağa olmuşdu.

İstiqlal mübarizəsi tarixində, böyük itkilər hesabına olsa da, şərəfli qəhrəmanlıq səhifələri yazmış "Şəmkir davası"nda tərksilah edilən çar ordusunun on dörd eşalon silah-sursatı təhvil alınaraq Qafqaz könüllü ordu hissələrinə paylandı. Onu da qeyd edək ki, Xan İsmayıl Bədirbəyli həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı könüllü müdafiə dəstəsinin üzvü idi. "Şəmkir davası"nda əldə edilən silahlar hesabına Azərbaysan Milli Şurasının rəhbərliyi ilə bolşeviklərin Lənkəran və Şamaxı qarnizonlarının hücumlarının qarşısının alınmasında Xan İsmayıl Bədirbəyli iştirak etmiş, verilən taşırıqları uğurla yerinə yetirmişdir. Bunlarla yanaşı, İsmayıl ağa imkanlı olduğundan müstəqil dövlətimizin ordu quruculuğuna kifayət qədər maliyyə yardımı göstərmişdi.

Oğlu Fərmanın Şəmkirdə 4 sinifli rus-alman liseyini bitirdikdən sonra, 1911-ci ildə Gəncədə 6 sinifli gimnaziyanı yarımçıq qoymağa da  İsmayıl ağa təhrik etmişdi. Atasının "Xalqımıza, təzə hökumətə yaxşı əsgər gərəkdir, hərbçi lazımdır" sözündən sonra Fərman oxuyaraq peşəkar hərbçi olmuşdu.

1920-ci il aprel ayının 28-də Azərbaycan sovet Rusiyası tərəfindən işğal olunanda Fərman Gəncədəki hərbi məktəbi yenicə bitirib Şəmkir Hərbi Komissarlığında işləyirdi. 1921-ci ildə atasının və özünün arzusunda olduğu  Bakıya hərbi məktəbə oxumağa göndərilir. 1923-cü ildə hərbi məktəbi müvəffəqiyyətlə başa vuran Fərman bolşeviklərin "quruculuğundan", atası və əmiləri kimi bəylərə, ağalara münasibətindən ağlı bir şey kəsmir. Bakıda qalıb, hərbi hissələrdən birində əvvəlcə klub müdirinin köməkçisi, sonralarsa klub müdiri işləyir. Daha sonra Rusiyada Hərbi Akademiyanı bitirib müxtəlif hərbi hissələrdə xüsusi şöbədə məsul vəzifələrdə çalışır.

Xan İsmayılın  daha yeddi övladı olub: Fərhad, Bahadur, Zəmhər, Fikrət,  Həmidə, Nəzakət və Lətafət.

Fərhad SSRİ hərbi hava qüvvələrində qulluq edib. Bakıda hərbi məktəbi, Moskvada Hərbi Akademiyanı bitirib. Rusiyada və Azərbaycanda hava hücumundan müdafiə qüvvələrində məsul vəzifələrdə çalışıb. Polkovnik rütbəsində istefaya çıxıb, dəfələrlə ordenmedallara layiq görülüb.

Bahadur əvvəl Tiflisdə hərbi məktəbdə oxuyub, sonra Leninqradda Hərbi Akademiyanı bitirib. Rusiyanın müxtəlif  regionlarında qarnizon komandiri və digər hərbi vəzifələrdə çalışıb. Polkovnik rütbəsinədək yüksələn Bahadur Bədirbəyov uzun müddət Azərbaycan Respublikası Hərbi Komissarlığında idarə rəisi olub.

Atası 1937-ci ildə "xalq düşməni" adı ilə həbs olunanda Zəmhər Azərbaycan Tibb İnstitutunun II kursunda təhsil alırdı. Onu həmin il "xalq düşməninin oğluna aramızda yer yoxdur" adı ilə institutdan xaric ediblər. Sonralar Gəncədə H.Zərdabi adına Pedaqoji İnstitutu bitirib. Ömrünün sonuna kimi Şəmkirdə orta məktəbdə sinif müəllimi işləyib.

Qardaşların ən kiçiyi Fikrət orta məktəbi bitirdikdən sonra əsgəri xidmətə yollanıb. Hərbi xidməti başa vurub, Leninqradda qalıb, orada  Politexnik İnstitutunda energetik-mühəndis ixtisasına yiyələnib.

Həmidə xanım Bakıda Pedaqoji İnstitutu bitirib, Şəmkirdə uzun müddət orta məktəb müəllimi işləyib.

Nəzakət və Lətafət orta məktəbi bitirdikdən sonra ailə həyatı qurublar, Nəzakət Gəncədə, Lətafət isə Gürcüstanda yaşayıb.

Azərbaycan işğal edilib külli-ixtiyar bolşeviklərə veriləndə 50-51 yaşlı İsmayıl ağanın əkin sahəsi, mal-qarası, Şəmkirin mərkəzi bazarındakı ət dükanı, Gəncə və Zəyəmdəki parça mağazaları əlindən alındı. Sonra özü və qardaşları səsləri alınanların "qara siyahı"sına salındılar.

Bəy əsilli olduğu üçün "kulak" adı ilə 1937-ci il avqust ayının 10-da NKVD-nin IV şöbəsi tərəfindən həbs olunan 67 yaşlı Xan İsmayıl Bədirbəyliyə 365 N-li "cinayət işi" açılır. Ondan beş gün qabaq kiçik qardaşı Əşrəf bəyi həbs etmişdilər. Hər ikisi Şəmkir milisinin zirzəmisində ayrı-ayrı kameralarda saxlanılırdı. Bundan 9 gün sonra Dövlət Təhlükəsizliyinin müstəntiqi Dudiyevin arayşına əsasən Xan İsmayl Bədirbəyli Gəncə türməsinə, haqqında tərtib etdiyi arayış isə Fövqəladə Üçlüyüə göndərilir.

NKVD müstəntiqi yazmışdı ki, 1870-ci il təvəllüdlü Bədirbəyli Xan İsmayıl Süleyman ağa oğlu 1930-cu ildə sovet hökumətinə qarşı üsyanın fəal iştirakçısı olub, amma həbs edilməyib.

Təhlükəsizlik müstəntiqi Dudiyev arayışda aşağıdakıları xüsusi vurğulayırdı: "Nəzərinizə çatdırım ki, Xan İsmayıl Bədirbəyli sovet hökumətinə qarşı daim düşmənçilik əhval-ruhiyyəsində olub, əksinqilabi fəaliyyətlə məşğul olub.

a) əhali arasında mütəmadi olaraq əks təbliğat aparıb.

b) kolxozçular arasında təbliğat aparıb ki, kolxozdan çıxsınlar, kolxoza üzv yazılmasınlar.

v) camaat arasında yalandan şayiə yayıb ki, guya tezliklə sovet hökumətinə qarşı hücum olacaq.

Qeyd olunanlar dindirmə zamanı şahidlər vasitəsi ilə sübut olunsa da, müqəssir deyilənləri boynuna alsa da, özünü günahkar bilmir.

SSRİ Cinayət Məcəlləsinə əsasən vətəndaş Bədirbəyli Xan İsmayıl Süleyman ağa oğlunun adına açılmış 365 N-li işi baxılmaq üçün Fövqəladə Troykaya təqdim edirik.

 

5. YIII. 1937-ci il.

Əməliyyat qrupunun

müstəntiqi DUDİYEV".                   

 

 Bu arayışdan sonra "əhali arasında daima sovet hökumətinin və kolxoz quruculuğunun əleyhinə təbliğat apardığına və tezliklə sovet hökumətinə hücumlar olacağı barədə söhbətlər etdiyinə görə"  fövqəladə üçlüyün (katib: Koqan) 23 avqust 1937-ci il tarıxli qərarına əsasən  67 yaşlı Bədirbəyli Xan İsmayıl Süleyman ağa oğlunun əmlakı müsadirə olunmaqla barəsində güllələnmə hökmü çıxarılır.

Bədirbəylilər ailəsinə, yaxınlarına İsmayıl ağanın həbs edildiyi məlum olsa da, uzun illər onun nə səbəbə tutulduğu, güllələndiyi, ya sürgünə göndərildiyi barədə məlumatları olmayıb. Yalnız 1953-cü ildə Stalin öləndən sonra İsmayıl ağanın ailəsi, nəslindən sağ qalanlar, yaxınları bildilər ki, Xan İsmayıl "xalq düşməni" kimi güllələnib.

Aradan 28 il keçəndən sonra - 1965-ci il sentyabrın 25-də Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası Bədirbəyli Xan İsmayıl Süleyman ağa oğlunun işinə yenidən baxmış, barəsində "cinayət işi" sübuta yetirilmədiyi üçün Fövqəladə Üçlüyün 23 avqust 1937-ci il tarixli qərarını ləğv edərək ona bəraət vermişdir.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2013.- 30 mart.- S.5.